Azərbaycan ərazisində qurulan Hayastan (Ermənistan) dövlətinin azərbaycanlılara qarşı törətdiyi kütləvi deportasiya aktlarına beynəlxalq müstəvidə heç bir ciddi münasibət bildirilməyib. Bəzi kiçik istisnaları nəzərə almasaq, beynəlxalq qurumların susqun qaldığını deyə bilərik.  

Azərbaycanlılar indiki Hayastandan bir əsrdə düz üç-dörd dəfə deportasiya olunublar, pərən-pərən salınıblar. Əlbəttə, beynəlxalq müstəvidə qəbul edilən konvensiyalara, sənədlərə zidd olan bu faciəli olayı xalqımız yaşayıb.

Məlum olduğu kimi, 1991-ci ildə BMT-nin Beynəlxalq Hüquq Komissiyası sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər arasında aşağıdakıları təsbit edib: 1) təcavüz; 2) təcavüz təhlükəsi; 3) başqa dövlətin daxili və xarici işlərinə qarışma; 4) müstəmləkə hökmranlığı və xarici hökmranlığın digər formaları; 5) soyqırım; 6) ayrı-seçkilik; 7) insan hüquqlarının sistematik və kütləvi şəkildə pozulması; 8) müstəsna ağır hərbi cinayətlər; 9) muzdluların işə götürülməsi, istifadəsi, maliyyələşdirilməsi və hazırlanması; 10) beynəlxalq terrorizm; 11) narkotik vasitələrin qanunsuz dövriyyəsi; 12) ətraf mühitə qəsdən və ciddi ziyan vurma. Bütün bunlar da Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən cinayətlər sırasındadır. Özü də bu cinayətlərin hamısı Azərbaycana qarşı törədilib.  Bununla bağlı olaraq ölkəmiz artıq  Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanın cinayətləri ilə bağlı müraciət edib. Xatırladaq ki, 7 dekabr 2021-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın davam edən İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın pozuntularına qarşı qorunmaq üçün müvəqqəti tədbirlər haqqında Azərbaycanın ilk sorğusunu təmin edərək, azərbaycanlılara qarşı yönəlmiş irqi nifrətin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyi Ermənistana tapşırıb.

1991-ci ildə BMT-nin Beynəlxalq Hüquq Komissiyası beynəlxalq sülhə və təhlükəsizliyə  qarşı cinayətlərin təsnifatını verib. Orada 12 cinayət aktı göstərilir.

Azərbaycanlıların Ermənistandan deportasiya olunması BMT-nin müəyyən etdiyi cinayətlər siyahısında hansı maddəyə daha çox uyğundur?

“Bu maddələr imkan verir ki, Ermənistan deportasiya aktına görə beynəlxalq hüquq qarşısında cavab versin”

İSBAM sədri Samir Adıgözəlli bizimlə söhbətində qeyd etdi ki, məsələyə ətraflı yanaşsaq, insan hüquqlarının sistematik və kütləvi şəkildə pozulması, eləcə də terrorizm, soyqırım və digər maddələr bu məsələyə uyğun gəlir. “Əvvəla onu deyim ki, Hayastanın həm müharibə cinayətləri, həm də Qərbi azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım və deportasiya aktları ilə bağlı Azərbaycan tərəfin beynəlxalq məhkəmə təşəbbüsləri çox vacib və çox əhəmiyyətlidir. Bununla əlaqədar Azərbaycan dövlətinin əlində kifayət qədər əsaslandırılmış faktlar var. Hayastanın, hayların azərbaycanlıları öz torpaqlarından deportasiya etməsi, soyqırım cinayətləri törətməsi danılmaz faktdır. Bu baxımdan, Hayastan heç cür cinayət məsuliyyətindən yayına bilməz. Hayastanın azərbaycanlılara qarşı deportasiya cinayətləri BMT-nin Beynəlxalq Hüquq Komissiyasının təsbit etdiyi beynəlxalq sülhə və təhlükəsizliyə qarşı cinayətlərin bir çox təsnifatlarına uyğundur. Bu maddələr imkan verir ki, Ermənistan deportasiya aktına görə beynəlxalq hüquq qarşısında cavab versin. Bu ölkə 12 maddənin əksəriyyəti ilə ittiham edilə və cəzalandırıla bilər. İndiki Hayastandan soydaşlarımızın qovulması insan hüquqlarının sistematik və kütləvi şəkildə pozulması deməkdir ki, bu da sözügedən sənəddə əksini tapıb.

Hayastanın xalqımızın nümayəndələrinə qarşı deportasiyası, Nürnberq Beynəlxalq Hərbi Tribunalının Nizamnaməsinin üçüncü bəndinə görə, müharibədən əvvəl və ya müharibə zamanı mülki əhaliyə qarşı törədilmiş cinayətlər, qətl, məhv etmə, əsarətə salma, qovulma və digər qəddar hərəkətlər və ya müharibə cinayəti törətmək məqsədi ilə və ya qanunla müəyyən edilmiş hər hansı cinayətlə əlaqədar siyasi, irqi və ya dini təqiblərə uyğundur.  Burada həmçinin irqi-dini ayrı-seçkilikdir ki, burada mülkü əhaliyə qarşı cinayətlərdən söhbət gedir. Qərbi Azərbaycanlılara qarşı təsnifatda göstərilən soyqırım (5), ayrı-seçkilik (6), insan hüquqlarının sistematik və kütləvi şəkildə pozulması (7), müstəsna ağır hərbi cinayətlər (8) kimi hallar baş verib. Sonuncu dəfə 1988-1992-ci illərdə 250 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan haylar tərəfindən zorla deportasiya edilib. Saysız azərbaycanlı öz yurd-yuvasını, ev-eşiyini itirib. 216 nəfər azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, bu da soyqırım aktıdır. Azərbaycanın baş prokurorluğu tərəfindən informasiyalar yayılıb, bu istiqamətdə əsaslı məlumatlar əldə edilib”.

S.Adıgözəlli qeyd etdi ki, həm bolşevik hökumətindən əvvəl, həm də bolşevik hakimiyyəti dövründə Hayastandan azərbaycanlılar zorla sürgün edilib. 1948-1953-cü illərdə 150 mindən artıq azərbaycanlının deportasiya edildiyini qeyd edən S.Adıgözəlli qeyd etdi ki, bütün bunlar imkan verir ki, beynəlxalq aləmdə bu məsələyə hüquqi qiymət verilsin, çünki deportasiya zamanı insanlar normal qaydada köçrülmədiyi üçün kütləvi olaraq yaşlılar, uşaqlar, qadınlar həlak olub.  “BMT-nin Beynəlxalq Hüquq Komissiyasının təsbit etdiyi beynəlxalq sülhə və təhlükəsizliyə qarşı cinayətlərin 12 təsnifatı var. Ümumiiyətlə, Hayastanın Qərbi azərbaycanlılara qarşı cinayətlərinin dünyada analoqu yoxdur. Əlbəttə, bu ölkə beynəlxalq hüquq müstəvisində cəzasını almalıdır” – deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA .

araz.az xəbər portalı.