Sorğumuzun ümumi nəticəsi: çünki kişilər qadınların cəmiyyətin, ailənin… problemləri ilə yüklənməsinə imkan vermir, əsas yükü öz üzərinə götürür!

***

…Dünyada gender, ailə və demoqrafiya məsələləri həmişə aktual mövzu olub. Bu həm də, adətən zəif cincin nümayəndəsi kimi baxdığımız, əslində isə, zərif cinsi təmsil edən xanımlara verilən dünyəvi dəyərdir! Bu dəfəki söhbətimiz isə dünyada və Azərbaycanda qadınların cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, onların qayğı yükü və kişilərdən daha çox yaşamaq şansları barədə olacaq. Bunun üçün dünyada, o cümlədən Azərbaycanda, Rusiya və Türkiyədə, həmçinin Qazaxıstanda qadınların həm kişilərə nisbətən say çoxluğunu, həm də onların kişilərdən daha çox yaşamaq statistikasını araşdırmalı olduq. Maraqlı mənzərə var…

Azərbaycan qadınları kişilərin gözü ilə…

Araşdırmaya dünyadan başladım: dünyada hər 100 kişiyə 98,6 qadın düşür. BMT-nin 2022-ci il üzrə olan hesablamalarına görə, dünyada kişi və qadın nisbəti 1:1-ə yaxındır, lakin yenə də kişilərin xeyrinə üstünlük var. Əhalinin ümumi sayının 4,064 milyarddan çoxu, yəni 50,5 faizi kişilər, müvafiq olaraq 49,5 faizi və ya 3,990 milyarddan çoxu isə qadınlardır. Statistikaya görə, dünyada daha çox oğlan uşaqları doğulur.

Bu dünyadada belədir. Bəs Rusiyada və ya digər ölkələrdə, lap elə Azərbaycanda vəziyyət necədir?

Məlum olur ki, əksər ölkələrdə vəziyyət qadınların xeyrinə dəyişir. Məsələn, 2021-ci il yanvarın 1-nə Rusiyada hər 1000 kişiyə 1154 qadın və ya hər 1000 qadına 866 kişi düşür. Bu o deməkdir ki, Rusiyada kişi cinsindən olanların qıtlığı var. «The World Factbook»a görə, Rusiya əhalisinin orta ömür uzunluğu 2022-ci ilin sonunda təxminən belə olub: cəmi – 72,16 il; Və kişilər – 66,61 yaş; qadınlar – 78,05 yaş! Rusiya bu statistika ilə dünyada 159-cu yerdə qərarlaşıb.

Göründüyü kimi, Rusiyada qadınlar kişilərdən 15 il daha çox yaşayır! Ciddi rəqəmdir, deyilmi?!

***

Yaş qrupları ilə götürsək, Rusiyada daha maraqlı statistikaya malik olarıq: 30-39 yaş – 1000 qadına – 999 kişi; 40-49 yaş – 926 kişi; 50-59 yaş – 839 kişi. Sonrakı fərq daha çox nəzərə çarpır – 60-89 yaş – hər 1000 qadına 569 kişi, 90-99 yaş – hər 1000 qadına cəmi 289 kişi! Bu daha ciddi və düşündürücü rəqəmdir!

Ümumilikdə, 2022-ci ilin sonlarına Rusiyada 68,1 milyon kişi və 78,6 milyon qadın yaşayıb. Fərq təxminən 10,6 milyondur.

Bəs Türkiyədə qadın-kişi nisbəti hansı səviyyədədir?

Məlum olur ki, Türkiyədə isə orta ömür uzunluğu 78,6 ildir. Eyni zamanda, Türkiyədə də qadınlar kişilərdən daha uzun ömür yaşayırlar. Qadınlar üçün orta ömür uzunluğu 81,3 il, kişilər üçün-75,9 ildir. Fərq təxminən 5 ildir. Kişi və qadın nisbətinə gəlincə, Türkiyədə 49,9 faiz qadın, 50,1 faiz kişidir. Yəni Türkiyənin qadın əhalisi 41 milyon 698 min 377 nəfər, kişi əhalisi isə 41 milyon 915 min 985 nəfərdir.

mehriban-eli

Sən demə, Qazaxıstanda da qadınlar kişilərdən daha çox yaşayır…

Qazaxıstanın Tengrinews.kz xəbər portalında maraqlı statistikanın şahidi oldum: Qazaxıstan Milli Statistika Bürosunun 2022-ci ildə apardığı əhalinin siyahıyaalınmasına əsasən, ölkədə qadınların sayı kişilərin sayından üstündür.

Faiz ifadəsində kişilərin xüsusi çəkisi 48,6 faiz (9 324 840 nəfər), qadınların payı 51,4 faiz (9 861 175 nəfər) olub. Ölkədə hər 1000 qadına 945 kişi düşür (10 il əvvəl bu rəqəm 929 olub).

Daha bir maraqlı statistika: yaş kateqoriyalarına görə, ən çox oğlan və qızlar 5 yaşdan 9 yaşa qədərdir. Eyni zamanda, 10-14 yaş kateqoriyasında qızlar oğlanlardan əhəmiyyətli dərəcədə çoxdur. 20-24 yaş arasında isə əks vəziyyət müşahidə olunur: kişilərin sayı qadınların sayından (807 min kişi və 546 min qadın) xeyli çoxdur.

Qazaxıstan əhalisi siyahıyaalınma nəzərə alınmaqla 2022-ci il avqustun 1-nə 19 644 067 nəfər olub. Nəhayət, Qazaxıstanlı qadınların orta ömür uzunluğu 74 ildir ki, bu da kişilərdən xeyli yüksəkdir – onların göstəricisi 66,33 ildir. Məlum olub ki, qadınlar kişilərdən təxminən 7,7 il daha çox yaşayır.

Bəs Azərbaycanda kişilər niyə qadınlardan daha az yaşayır? Bu fərq gender problemində özünü necə göstərir?

Azərbaycanda qadın və kişilərin bərabər hüquq və imkan azadlıqları dövlət siyasətinin tərkib hissəsidir. Bu siyasət belə səciyyələnir:
-Ümumbəşəri insan haqları baxımından hər iki cinsdən olanların haqlarının qorunması və möhkəmləndirilməsi, qadın və kişilərin bu haqlardan istifadə etməsi üçün müvafiq tədbirlərin görülməsi.
-İdarəçilikdə və qərar qəbul etmək səviyyəsində qadın və kişilərin bərabər iştirakı üçün şəraitin yaradılması, demokratik təmsilçiliyin yaxşılaşdırılması və inkişafı.
-Qadın və kişilərin əmək bazarında, biznesdə və maliyyə sferasında bərabər iştirakına şərait yaradılması, hər bir vətəndaşın iqtisadi müstəqilliyinin inkişafı üçün şəraitin yaradılması.
-qadın və kişilərin ömür uzunluğunun yüksəldilməsi;
-uşaq və ana ölümü səviyyəsinin azaldılması;
-qadın və kişilərin reproduktiv sağlamlığının yaxşılaşdırılması.
-Təhsil sistemində qadın və kişilərin bərabər iştirakına şərait yaradılması.

-Qız və oğlanların təhsil alması üçün sosial stereotiplərin möhkəmləndirilməsi və bərabər təhsil almaq imkanlarının saxlanması tədbirlərinin görülməsi.

-Cəmiyyətdə cinsi bərabərlik ideyalarının yayılması üçün bir mexanizm kimi təhsil sisteminin inkişafı.
-Qadınlara qarşı zorakılığın aradan qaldırılması:
-məişət zorakılığının kökünün kəsilməsi və s.

Bütün bunlar cəmiyyətdə gender qeyri-bərabərliyinin ləğv edilməsi və genderə görə balanslaşdırılmış siyasətin inkişafı üçün əsasdır.
Azərbaycan Respublikası 1995-ci ildə qadınlara qarşı bütün növ ayrı-seçkiliyin ləğv olunması barədə Konvensiyanı, eləcə də insan haqları üzrə əsas beynəlxalq sənədləri qəbul etmiş və onlara qoşulmuşdur.

qadin-mual

Yuxarıda xatırlatdım, araşdırmanı müxtəlif ölkələr üzrə aparmalı oldum. Maraqlı statistika ortadadır. Azərbaycanla müqayisə edəndə məlum olur ki, Rusiya, Türkiyə və Qazaxıstanla, eləcə də dünya ilə müqayisədə Azərbaycanda kişilər daha böyük fərqlə qadınlardan az yaşayır. Bəs buna səbəb nədir? Bu sualla ölkənin iki tanınmış QHT rəhbərinə müraciət etdim. Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlı xarici ölkədə olmasına baxmayaraq sorğumuzu telefonla cavablandırdı:

-Məsələ ondadır ki, qadın-kişi münasibətləri burada demək olar rol oynamır. Səbəbi qadınların  deyil, kişilərin həyat tərzində axtarmaq lazımdır. Kişilər ailənin, bir çox hallarda cəmiyyətin yükünü çiyinlərində daşıyır, daha çox qayğılı olurlar. Problemin, dərdin, qayğının ürəyə –içə daşınması onların ömrünü qısaldan səbəbdir. Bir də kişilər adətən passiv, oturaq həyat tərzinə üstünlük verirlər. Qadınlar isə bütün günü ayaq üstədir, ev, uşaq qayğıları ilə baş-başadır. Bir də, vacibdir deyim, qadınlar problemi, dərdi içinə çəkmir, dərdini danışır, bəzən problemi göz yaşı ilə özündən kənar edə bilir, kişilər isə, əksinə, hər şeyi içinə çəkir, dərdi özünə dərd edir. Bu da əsasən ürək-damar xəstəliyinin yaranmasına səbəb olur ki, kişilərin də böyük əksəriyyəti bundan dünyasını dəyişir. Bu sırada narkomaniyanın da rolu az deyil.

Polise.az portalının rəhbəri, ehtiyatda olan polis polkovniki Şəmsəddin Əliyevin də bu barədə maraqlı açıqlaması oldu:

-Düşünürəm ki, Tanrı kişilərlə qadınları fizioloji cəhətdən elə yaradıb ki, kişilər daha çox yükçəkən, qadınlar isə bu qayğını özündən kənar edən olub. Təbii ki, həyat tərzi insanın yaşam funksiyasını müəyyənləşdirir və bu da həyati problemlərə söykənir. Və qadınlar daha dözümlü və anatomik baxımdan mükəmməldirlər…

Bəs sosial media istifadəçiləri bu barədə nə düşünür?

Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal bu sorğumuzu belə cavablandırıb:

-Qadınlar ağlaya bilir. Ürəkləri boşalır. Həmişə hərəkətdə olurlar. Kresloya yayılıb qəzet oxumaq, futbola baxıb həyacanlanmaq kimi vərdişləri yoxdur. Əlbəttə, bu əsas səbəb deyil. Səbəblərdən biridir.

Elmir Turan: -Kişilərin az yaşama səbəbi elə qadınlardı. Çərlədib, xəstəliyə salıb öldürürlər.

Pünhan Şükür: Qadınlar bioloji cəhətdən güclü olur, kişilər fiziki cəhətdən.

Tofiq Hüseynov: -Kişilər qadınlardan daha çox fikirləşirlər ki, ailəni necə dolandırım. Siz körpülərin altında dayanıb iş axtaran 100 – lə insana fikir vermisiniz ki, onlar günlərlə evə bir çörək alıb apara bilmir. Kənarda kef çəkən insanlara baxıb özlərinə ailə içinə boş getmələrini dərd edirlər. Mən bir dəfə qarşımda gedən iki nəfərin danışığını eşitdim. Deyirdilər ki, evə yavaş- yavaş gedək ki, gec olsun. Onsuzda heç nə ala bilməmişik. Kişilər dövlət məmurları ilə daha çox ünsiyyətdə olurlar və onların haqsızlıqlarlına dözməli olurlar. Bütün bu kimi digər səbəblərdən kişilərin ürəyi qadınların ürəyindən zəif olur. Xarici mühitin təsiri kişilərə daha çox təsir edir və s.

Mənsur İbrahimli: -Mənim şəxsi fikrimcə, kişilər qadınlardan daha çox çətinliklərlə qarşılaşırlar. Bu, təbii ki, normal kişilərə aiddir. Kişilərin qadınlara nisbətən az yaşamalarının əsas səbəblərindən biri kimi mən bunu görürəm. Elə qadınlar da var, kişilərin ölüm səbəblərindən biridir…

Ədalət Bədirxanov: -İş insan sağlamlığının cövhəridir. Qadınlar qayğılarını bölüşə bilir. Kişilər isə qayğıları özündə çətin həzm edir.

Elza Gülməmmədova: -Qadınlar gedib taxta dəmir ckamyada oturub nərd oynayan deyil. Onlar siqaret də çəkmirlər, içkidən də uzaqdirlar. Çox hərəkət edirlər, çox əsəbiləşmirlər. Çox fikirləşmirlər. İstədiyi yeməyi bişirir, birinci dadına baxır. Başlıcası, bütün xəstəliklərin başı həyəcandir. Və  kişilər çörək qazanmaq üçün hər gün ölümə yollanırlar, Allah qorusun onları.

Emin Gözəlov: -Qadınlar danışıb, aglayıb ürəklərin boşalda bilirlər, ona görə də çox yşayırlar.

***

Bəli, fikirlər müxtəlifdir, hər birinə hörmətlə yanaşırıq. Çünki cəmiyyətimizdən də görürük ki, gender probleminə hörmətlə yanaşılır. Bu barədə son olaraq onu deyə bilərəm ki, Azərbaycanda qadın və kişilərin yaşam həddi diqqəti çəkən mənzərədir: məsələn, rəsmi statistika təsdiqləyir ki, Azərbaycanda 80 yaşlılarımızın 61 faizi qadınlardırsa, kişilərin sayı 39 faizdir. Rəqəmlərlə desək, 2022-ci ilin yanvarın 1-nə olan məlumata görə, ölkəmizdə 80 yaşında 98,1 min qadın, 62,2 min isə kişi olmuşdur.

Bu göstərici 75-79 yaş arasında 50, 5 min və 34,2 min, 70-74 yaş arasında 117,9 min və 88,8 min, 65-69 yaş arasında 191,1 min və 156,1 min və s. olmuşdur.

Bəli, fərq çox böyükdür. Bu fərqi təhlil etdikdə, belə məlum olur ki, kişilər birmənalı olaraq qadınlardan-həyat yoldaşlarından daha tez, bəzən 10-20 il tez dünyadan köçür. Güman edirəm demoqrafiya ilə məşğul olan mütəxəssislər, alimlər bu ciddi məsələnin səbəblərini araşdıracaqlar.

Azərbaycanda qadınlara hər yerdə yaşıl işıqdır, amma…

Bütün qayğı və problemlərinə baxmayaraq Azərbaycan qadınlarının zəhmətsevərliyi həm evdə, həm də cəmiyyətdə, iş yerində təqdirəlayiqdir. Məsələn, 1990-cı ildə parlamentdə 15 qadın deputatla təmsil olunurduqsa, 2010-cu ildə 20, 2022-ci ilə olan dövrdə isə bu rəqəm 22 olmuşdur.

Bu da maraqlı məlumatdır ki, məsələn, 2016-cı ildə ölkədə 3 qadın nazir müavini var idisə, bu rəqəm hazırda 9-dur. Eləcə də, 2016-cı ildə rayonların İcra Hakimiyyəti başçılarının 76 müavini qadın idisə, indi bu rəqəm obyektiv səbəblərdən 72-dir. Həmçinin Azərbaycanda hazırda 1 vitse-Prezident, 1 spiker, 1 nazir, 9 nazir müavini, 2 komitə sədri, 2 icra başçısı və 2 Ombudsman var!

Hakimlərimizın sırasına nəzər saldanda isə, hazırda ölkənin məhkəmə sistemində 91 qadın hakim var. Biz hələ dövlət qulluğunda, təhsildə, mədəniyyət və səhiyyə sistemində çalışan on minlərlə qadınlarımızı demirik…

qadin-surucu

Bəli, yuxarıda sadalanan və bu ciddi, qadınların irəli çəkilməsində əsas faktorlardan biri olan rəqəmlər-faktlar həm də o deməkdir ki, Azərbaycanda gender problemi demək olar ki, diqqətdədir, yox olmasına çalışılır… Ailə zorakılığı, məişət problemləri bütün cəmiyyətlərdə vardır, dövlətin gender siyasətinin mahiyyəti də bu problemləri minimuma endirməkdir. Vacib olan budur ki, qadınlarımızın özləri də ölkədəki gender probleminin aradan qaldırılmasında əsas rollardan birinin qəhrəmanları-icraçılarıdır.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.