Quba sakini, meşəbəyi Şahin Qafarovun zorakılığa məruz qaldığı deyilir.
araz.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumatda Ş. Qafarovun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən döyüldüyü iddia olunur
İddiaya görə, sözügdən mərkəzin əməkdaşları Taleh Abdullayev və Azad Heydərov “Meşələri qırmayın” dediyinə və video çəkib sosial şəbəkələrdə yaydığına görə Şahin Qafarovu vəhşicəsinə döyüblər.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq qeyd olunub ki, Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisində çəkilmiş və sosial şəbəkələrdə yayılmış görüntülər təhlil olunaraq araşdırılır.
Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, şikayətçi Şahin Qafarovun ağac kəsilməsi ilə bağlı iddiaları yerində yoxlanılıb və sözügedən ərazinin ötən il də odun tədarükü üçün ayrılmış sanitar qırma sahəsi olduğu müəyyən edilib:
“Düzdür, meşələrdə qanunsuz ağac kəsilməsi hallarına rast gəlinir və tərəfimizdən qanunamüvafiq tədbirlər görülür. Lakin sözügedən sahədə belə fakt qeydə alınmayıb.
Araşdırmalar göstərir ki, məsələnin diqqət çəkən digər tərəfi isə şikayətçi Ş. Qafarovla Quba RMTM-də fəhlə işləyən qardaşı oğlu Orxan Qafarov arasında olan ailə münaqişəsidir və meşə işçilərinə qarşı olan ittihamları da bununla əlaqəlidir”.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov isə Yeniavaz.com-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə zorakılığa məruz qalmış şəxsin yayılmış fotosu Şahin Qafarova məxsus deyil:
“Həmin hadisə ilə bağlı Şahin Qafarov Quba Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Hadisə ilə bağlı müvafiq tibbi ekspertiza təyin olunub. Quba RPŞ-də və Rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılaraq məsələyə hüquqi qiymət verilib”.
DİN-dən hadisə tərəfləri və verilən hüquqi qiymət barədə sorğumuza isə cavab verilməyib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.