Nikol Paşinyan Laçın yolu ilə bağlı məxfi sənəd imzalayıb.

Bu iddia ilə Ermənistanın Milli İdarəetmə Sistemi təşkilatının rəhbəri Artur Qriqoryan çıxış edib.

Onun sözlərinə görə, bir müddət əvvəl sərhəddə iki ölkənin hərbçiləri arasında danışıqlar zamanı azərbaycanlılar erməni tərəfinə xüsusi sənəd göstəriblər. Qriqoryan bunun sərhəddə son yaşanan dəyişikliklərdən az öncə Paşinyanın imzaladığı sənəd olduğunu bildirib:

“Sənəddə təsdiq edilir ki, hazırda rəqibin hərbi hissələrinin dislokasiya olunduğu Tex bölgəsinin ərazisi onların nəzarətinə verilir. Yəni Nikol Paşinyan bu əraziləri satıb. 100-150 hektar deyirlər, amma bizim hesablamamıza görə, bu, 400-450 hektardır. Çalışıram ki, bu sənədi əldə edim. Onun düşməndə olması həqiqətdir, lakin mən hərbçilərimizdən onlarla əlaqəyə keçib, nüsxəsini mənə göndərmələrini xahiş etdim. Son danışıqlar zamanı hərbçilərimiz İrəvanla kontakt qurublar və onlar belə sənədin olduğunu təsdiqləyərək, düşmənin hazırkı mövqelərdə dayanması gərəkdiyini bildiriblər”.

Qeyd edək ki, bundan öncə Nikol Paşinyan Azərbaycanla razılıq əsasında Laçın yolunun Ermənistandan keçən hissəsinə dəyişikliklər olduğunu təsdiqləmişdi. O, sərhədin həmin nöqtəsində Ermənistan tərəfindən sərhədçilərin yerləşdiriləcəyini bildirmişdi. Üstəlik, Paşinyan tərəflər arasında Tex-Kornidzor istiqamətində keçən 12 kilometrlik sərhədin 7 kilometri ilə bağlı razılığın əldə olunduğunu, digər bölgələrdə isə buna yaxın olduqlarını və hazırda bunun üçün kartoqrafların çalışdığını söyləmişdi.

İlkin HƏSƏNOV.

araz.az xəbər portalı.