“Palmali Holding”in prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin direktoru Şərqiyyə Məmmədovanın onun haqqında mətbuatda səsləndirdiyi iddialara münasibət bildirib.
araz.az qafqazinfo-ya istinadən xəbər verir ki, M.Mənsimov iddiaların əsassız olduğunu deyib:
“Bir necə gündür ki, İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin direktoru mənimlə bağlı bəzi media orqanlarında açıqlamalar verir. Mülahizələr irəli sürür ki, guya mən onun rəhbərlik etdiyi məktəbi bağlatdırmaq istəyirəm və s. Əslində, bu cür əsilsiz və şər-böhtan xarakterli iddialara cavab vermək fikrim yox idi. Lakin azərbaycanlı balaların təhsil məsələsi gündəmdə olduğuna və təhsil məsələsi mənimçün son dərəcə həssas məsələ olduğuna görə bu barədə qısa fikir bildirmək qərarına gəldim. Mən və rəhbərlik etdiyim “Palmali Holding” şirkəti həmişə imkanlarımız daxilində azərbaycanlı tələbələrin təhsil almasına dəstək vermişik. Bu, mənim ən başlıca həyat prinsiplərimdən və təmənnasız gördüyüm işlərdəndir. Çünki elmli və savadlı gənclik – Azərbaycanın gələcəyidir. Və bu yöndə təmənnasız fəaliyyətimizi nə qədər ömrümüz var, davam etdirəcəyik. Sözügedən məktəbə gəlincə, Milli Qəhrəmanımız Mübariz İbrahimovun adını daşıyan məktəbdən dəstəklə bağlı müraciət oldu. Öyrəndim ki, məktəb artıq 5 ildir fəaliyyət göstərir. Biz isə ötən ildən, yəni, bir ildir ki, həmin məktəbə maliyyə yardımı göstəririk. Türkiyədə yaşayan aztəminatlı azərbaycanlıların övladlarının ödənişsiz təhsil almaları üçün bu prosesdə iştirak edirik. Məktəbin bütün ehtiyaclarını qarşılayırıq. Hüseyn Cavid adına məktəbin kollektivi də istəsə, müraciət etsə, eyni şəkildə dəstək verməyə hazırıq. Çünki ortada bizim balalar, onların qardaş ölkədə təhsilli və savadlı böyüməsi kimi həyati vacib bir məsələ var. Və mən bir azərbaycanlı olaraq, Türkiyə məktəblərində təhsil almaq üçün ən müxtəlif səbəblərdən sənədləri qaydada olmayan o körpələrin məktəbdən kənarda qalmasına izləyici qala bilmərəm. Bunu hər kəs bilsin ki, mən və “Palmali” şirkəti bütün tirajlanan dedi-qodulardan və şər-böhtandan uzağıq və o böhtanları yayanları Azərbaycanın gələcəyi olan uşaqlar və məktəb üzərindən düşmənçilik etməməyə dəvət edirəm. Çünki bu ləyaqətsiz oyundan əziyyət çəkən məhz o uşaqlardır.”.
Məsələyə İstanbulda fəaliyyət göstərən Mübariz İbrahimov adına məktəbin direktoru Aygün Həsənovoğlu da münasibət bildirib:
“İstanbulda Hüseyn Cavid adına məktəbin direktoru Şərqiyə Məmmədovanın mənim onun məktəbini bağlatmaq üçün Azərbaycan və Türkiyə dövlət qurumlarına şikayət etdiyim barədə verdiyi məlumat əsassızdır və həqiqəti əks etdirmir.
Məsələ bundan ibarətdir ki, martın 15-də Türkiyənin bir sıra dövlət qurumları bizdən şikayət edildiyini bildirərək araşdırma aparılmalı lazım olduğunu qeyd etdilər. Şikayətin kimdən olduğunu bildirməsələr də, bunu edənin Şərqiyə Məmmədova olduğu heç kimdə şübhə doğurmur.
Araşdırma nəticəsində Türkiyə dövlət qurumlarına da aydın oldu ki, burada təhsil alan şagirdlərdən hər hansı vəsait tələb olunmur və təhsil tam ödənişsizdir.
Mübariz İbrahimov adına məktəbi azərbaycanlı uşaqların təhsilinə çox böyük önəm verən iş adamı Mübariz Mənsimov maliyyələşdirir. Məktəb, İxtiyar Abdalov tərəfindən 2016-cı ildə açılıb və 2017-ci ildən dərnəyimizin nəzdində fəaliyyət göstərir. İş adamı Mübariz Mənsimov 2022-ci ilin aprel ayından məktəbimizin kirayəsini, uşaqlar üçün servis xidməti haqqını, o cümlədən oktyabr ayından isə müəllimlərin kirayə haqlarını (maaş əvəzi) ödəyir.
Şərqiyyə Məmmədova isə 5 ildən artıqdır ki, Mübariz İbrahimov adına məktəbə, onun direktoruna (Mən üçüncü direktoram.) və kollektivinə qarşı şiddətli qaralama təbliğatı aparır. Sosial şəbəkələrdə saxta səhifələr vasitəsilə şəxsimə qarşı hücumlar təşkil edir, Azərbaycan dövlət qurumlarına və ayrı-ayrı nüfuzlu şəxslərə müraciət edərək məni və fəaliyyətimizi pisləyərək məktəbimizin bağlanmasına çalışır. Bu azmış kimi, 130 uşağın təhsilini davam etdirməsinə şərait yaratmış iş adamı Mübariz Mənsimova qarşı qərəzli qarayaxma kampaniyası aparmaqda davam edir, bunun üçün ictimaiyyəti aldatmaqdan, yalan və böhtan dolu məlumatlar yaymaqdan da çəkinmir.
Məsələ burasındadır ki, məktəbimizə maddi dəstək gələn kimi, biz şagirdlərdən alınan 150-200 Türk lirəsi dəyərində yardımı ləğv etdik. Təhsil haqqını 550 lirəyə çıxarmış Ş.Məmmədova şagirdlərini itirəcəyini başa düşərək yenidən 250-350 lirəyə endirməli oldu. Hazırda təhsil haqqını yenidən yüksəltmək istəyir, buna görə də Mübariz Mənsimovu bezdirərək bizə yardımı dayandırmasına nail olmağa çalışır.
İkinci səbəb də həmin məktəbdən müəllimlərin ayrılaraq bizim məktəbə iş üçün müraciət etməsidir. Fevral ayında məktəbimizdən 3 müəllim Azərbaycana geri qayıtdı və mən də müraciət etmiş müəllimləri onların yerinə işə aldım. Bu qəbul mənim tərəfimdən aparılmışdır və Mübariz Mənsimovun məktəbə kimlərin işə alındığı, kimlərin işdən çıxdığı barədə heç bir məlumatı yoxdur, çünki bu işə qarışmır. Mübariz bəyi müəllimləri “şirnikləndirməsi” barədə Ş.Məmmədovanın iddiaları və qorxuları doğru deyil, həqiqətlə heç bir əlaqəsi yoxdur”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.