Yaşayış binaları tikilib istifadəyə verildikdən sonra mənzil tikinti kooperativləri yaşayış binasının idarəçiliyini davam etdirir.
Əslində isə MTK mənzil mülkiyyətçilərinə çıxarış verdikdən sonra bir ay müddətində ləğv olunmalıdır. O da bir faktdır ki, bu gün yaşayış binalarında fəaliyyət göstərən “komendatlar” nə sakinlər, nə də bələdiyyələr tərəfindən seçilir. Adətən MTK tərəfindən təyin edilən həmin şəxslərin də işi əsasən sakinlərdən pul toplamaqdan ibarətdir. Bu gün MTK-ların bu cür “təyinatları” ilə bağlı sakinlər öz hüquqlarından istifadə edə bilirmi?
araz.az-ın xəbərinə görə, bununla bağlı İqtisadçı-ekspert Əkrəm Həsənov bildirdi ki, hazırda binaların 90 faizində eyni vəziyyətdir, yəni binalar MTK-lar tərəfindən zəbt edilib:
“Bina onu tikən şikət tərəfindən idarə olunur, sakinlər soyulur, ödəniş etməyənlərə qarşı tədbirlər görülür, liftə buraxmırlar və s. Mənim yaşadığım bina ilə bağlı ilk iş idi ki, bir neçə sakin binanı idarə edən şirkətin çıxmalı olduğunu bildirdi. Çünki qanuna görə, binanı idarəedici şirkət sakinlərin ümumi yığıncağında qəbul edilməlidir. Bu qayda da heç bir yerdə tətbiq olunmur. Çox az sayda bina var ki, bu üsul tətbiq olunur. Bakı Apellyasiya Məhkəməsi bu şikayəti təmin etdi. Həmin qanun hələ ki, qüvvəyə minməyib. Çünki fevralda qəbul olunmuşdu, apreldə tərəflərin Ali Məhkəməyə şikayət hüququ var. Buna görə də yəqin ki, qarşı tərəf şikayət edəcək. Ali Məhkəmə də yəqin ki, təxminən yayda bu məsələyə baxacaq, o zaman son qərar bilinəcək”.
Hüquqşünas bildirib ki, hazırda bir neçə binada belə işlərə başlanılıb:
“Bu proses gedir. Mənə bir çox vətəndaşlar müraciət edir ki, bizim sənədlərə baxıb onlar da şikayət versinlər. Mən də kömək edirəm. Bəzi hallarda proses əksinə baş verir. Tikinti şirkəti vətəndaşı məhkəməyə verir ki, pulu ödəsin. Həmin vətəndaşlar da bizə müraciət edir və qarşılıqlı iddia veriilir ki, tikinti şirkəti orada qanunsuz olub, ona heç bir ödəniş edilməməlidir, oradan çıxmalıdır. Düşünürəm ki, yaxın müddətdə bu məsələ həllini tam tapmayacaq. Beləliklə, məhkəmələr gedəcək, vətəndaşların çoxu qanunları bilmir, bəziləri bilir və gözləyir ki, məhkəmə işləri nə ilə qurtaracaq. Ancaq yaxşı olardı ki, dövlət də bu məsələyə qarışsın. Bu qanunları dövlət qəbul edib. Hamı bilir ki, idarəedici şirkətlər orada qanunsuzdur. Ona görə dövlət tədbirlər görməli, idarəedici şirkətləri oradan çıxarmaldır”.
Ekspert deyir ki, bu məsələdə bələdiyyələrin də rolu böyükdür:
“Qanuna görə ya sakinlər, ya da bələdiyyələr idarəedicini təyin etməlidir. Onlar aktivləşib tikinti şirkətlərini oradan çıxarsalar, bu problem tezliklə həllini tapacaq. Hər bir halda ilin sonuna kimi bu məsələlərdə konkret mövqe bilinəcək. Reallıq odur ki, MTK-lar əl çəkmir, pul yığır, ona görə də vətəndaşlar aktiv olmalıdırlar”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.