Ağsu dolaylarında olan avtomobil yolunun ləğv edilərək, Ağsu çayının kənarı ilə alternativ yolun çəkilməsi yenə də gündəmə çıxıb. Səbəbini də belə göstərirlər ki, guya Ağsu dolaylarında sürüşmə günü-gündən artır və bunun qarşısını ala bilmirlər. Boş və məntiqsiz bəhanədir.
Ağsu dolayları, Ağsu rayonunun iqtisadiyyatının ən əsas sütunlarından biridir. Ağsu rayonunun bazarı, əksər ərzaq dükanları, ət dükanları və digər ticarət obyektləri əsasən Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sayəsində nisbətən ayaqda dura bilir.Rayonun yüzlərlə sakini dolaylarda olan iaşə obyektlərindən dolanır. Dolaylarda olan iaşə obyektlərinin bağlanması rayonun iqtisadiyyatına çox ciddi ziyan vuracaq və onsuzda ölkənin ən kasıb rayonlarından birinə çevrilən Ağsu rayonu bundan da çətin bir duruma düşəcək.
Ağsu dolaylarında ciddi bir sürüşmə yoxdur. Sadəcə uzun illərdir ki, dolaylarda olan avtomobil yolları təmir edilmir . Hər dəfə yalandan ora-bura yamaq vurmaqla dövlətin milyonlarla vəsaitini talayıb yeyiblər. Baxımsız olan yollarda – ən əsas da dağ yollarında kiçik sürüşmələrin olması təbiidir.
Diqqətinizə çatdırım ki, Ağsu dolaylarında olan avtomobil yolluna ən böyük zərbəni Şamaxi Palas Şərədil hoteli vurub. Hotelin tikintisi zamanı ağır tonnajlı yük maşınları və torpağı sirkələyən yüksək vibrasiyalı texnikaların istifadəsi çox gözəl bir təbiəti olan Ağsu dolaylarında torpaq oynamasına və sürüşmələrə gətirib çıxardı. Hotelin tikintisindən sonra Ağsu dolaylarında zərər vurulan yollar təmir olunmadı.
Bir daha qeyd edirəm; bu günə qədər Ağsu dolaylarında olan avtomobil yoluna asvalt örtüyü çəkilməyib. Ancaq və ancaq keyfiyyətsiz yamaq vurmaqla kifayətlənirlər.
Gələk əsl məsələyə!
Uzun illərdir ki, Oliqarxlar Ağsu dolaylarını Ağsu sakinlərinin əllərindən almaq uğrunda mübarizə aparırlar. Demək olar ki, hər il Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sahiblərinə təzyiqlər edilir, obyektləri sökülür, müxtəlif yollarla cərimələnir, onların işlədikləri obyektləri buraxıb getmələri üçün bütün vasitələrdən istifadə edilir.
Dəfələrlə dolaylarda yerləşən iaşə obyektləri məcburən sökdürülərək sahibkarlara külli miqdarda maddi ziyan vurublar. Axırıncı dəfə 2020- ci ildə guya turizm siyasətinə uyğunlaşdırmaq bəhanəsi ilə dolaylarda yerləşən iaşə obyektlərini sökdürərək yenidən tikilməsi üçün sahibkarlara 100 min manatlıq dəyəri olan layihələr verib, bu layihələr əsasında obyektlərini yenidən tikmələri ilə bağlı təzyiqlər etdiblər.
2020- ci ildə, sahibkarların külli miqdarda borca düşərək verilən bahalı layihələr əsasında iaşə obyeklərini tikib başa çatdırmaları məmurlarda təəccüb yaratdı. Görünür hesab edirdilər ki, bu boyda məbləğin qarşısında sahibkarlar çörək qazandıqları obyektləri məcbur olub atıb gedəcəklər.
Dövlətin verdiyi layihələr əsasında obyektlərin yenidən tikildiyini gördükdən sonra, başladılar iaşə obyektlərinin sahiblərini məhkəməyə verməyə ki, guya onlar qanunsuz torpaq zəbt edərək kafe və restoran tikiblər. Başladılar özlərinin verdikləri layihələri inkar etməyə. Hazırda Ağsu dolaylarında dövlət layihəsi çərçivəsində sahibkarların öz hesabına tikilən iaşə obyektlərini sənədlə təmin etmək az qala Qarabağ məsələsindən də çətin bir problemə çevrilibdir.
Adama deyərlər ki, alternativ yol cəkiləcəkdirsə, insanları bu boyda xərcə niyə salırdınız. Niyə onsuz da acınacaqlı durumda olan insanlar əlavə borca- xərcə düşməli idi?
İlin yağışlı fəsillərində aşıb-daşan , dəfələrlə hətta, bəndləri belə dağıdan Ağsu çayının kənarı ilə çəkilən yol, necə ola bilər ki, Ağsu dolaylarından daha rahat və daha təhlükəsiz olsun?
Ağsuda hər kəs bilir ki, Ağsu dolaylarının böyük bir qapalı istirahət zonasına çevrilməsi planı var. Oliqarxlar Ağsu dolaylarına göz tikiblər. Hətta, gəzən söhbətlərə görə, ərazidə olan bütün dağları hündür setkalarla qapayıb, ov heyvanları buraxaraq, əyləncə – ovçuluq məkanı edəcəklər. Yanı ki, məqsəd rayonu rahat avtomobil yolu ilə təmin etmək yox, Ağsu dolaylarını Ağsu sakinlərinin əlindən almaqdır.
Məqsəd rayonun rahatçilığıdırsa, Ağsu dolaylarında olan hazırkı yolu abadlaşdırmaq nə boyda problemdir ki? Yaxud, hansı dövlət büdcəsindən daha az xərc aparar?
Olmazmı ki, insanlar yol gedərkən gözəl təbiətin verdiyi gözəl hisslərdən yararlanıb, təbiətin gözəl havasını udsunlar? Yoxsa, gözəlliklərdən yararlanmaq ancaq məmurlara aiddir?
Elşən ƏLİSOY.
araz.az xəbər portalı.