“Rusiya sülh müqaviləsinin imzalanmaması üçün Ermənistan ordusundan geniş istifadə edir”
“ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılmışdı. Vaşinqton sülh müqaviləsinin bağlanması istiqamətində real addımlar ataraq prosesə yekun vurmağa çalışır“.
araz.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
Politoloq hesab edir ki, görüş öncəsi Laçın istiqamətində Ermənistan tərəfindən atəşkəsin pozulmasına və təxribatlara yol verilməsi təsadüfi deyildi: “Qeyd edim ki, Nikol Paşinyan parlamentin iclasında çıxışında vurğuladı ki, bu təxribatı həyata keçirən ordu “beşinci kolon”dur. Həmçinin, Azərbaycanla birgəyaşayış və sülhün önəmini vurğulayaraq Ermənistanın inkişafının təhlükəsizlikdən aslı olduğunu açıq bəyan etdi. Göründüyü kimi, Nikol Paşinyan son təxribatın dolayı yolla Ermənistan tərəfindən edildiyini və özünün xəbəri olmadığını bəyan etdi”.
Milli Cəbhə Partiyasının sədr müavini bildirib ki, Ermənistanın baş naziri bunu deməklə, orduya tam nəzarət edə bilmədiyini, təxribatın üçüncü ölkələrə işləyən hərbçilərin işi olduğunu qabardıb: “O, bununla təxribatın arxasında Rusiyanın olduğunu dolayısı ilə elan edib. 11 aprel döyüşündən sonra Rusiyanın təşəbbüsü ələ aldığını Vaşinqtonda deyil, Moskvada görüşün olacağını Rusiya XİN elan etməsiylə bir daha aydın olur ki, Kreml təxribatın arxasında olub. Amma burada Ermənistan siyasi-hərbi rəhbərliyi də məsuliyyət daşıyır. Çünki Azərbaycan postu qarşısında yeni mövqelər qurmaq və xüsusi təyinatlı qüvvələri yerləşdirmək ciddi təxribatdan xəbər verir. Nikol Paşinyan isə belə bir yerləşmədən xəbəri olmadığını da dedi. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması üçün Rusiya Ermənistan ordusundan təxribatlar üçün geniş istifadə edir. Bu səbəbdən də demək olar ki, Nikol Paşinyan ya orduya nəzarət edə bilmir, ya da proseslərin bu nöqtəyə gəlməsində maraqlıdır. Belə aydın olur ki, ordu ilə hökumət arasında ciddi koordinasiya problemi yaranıb”.
Liderlərin gözlənilən Moskva görüşünə gəlincə, Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin qənaətincə, bu, əvvəlki nəticəsiz görüşün davamıdır: “Rusiya rəhbərliyi görüntü yaradıb, prosesləri idarə etmək planını həyata keçirir. Azərbaycan Moskvada görüşə qatılmamaqla, obyektiv mövqe ortaya qoya bilər. Moskva görüşü sülh üçün deyil, böhranın davam etməsinə xidmət edir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.