Millət vəkili, UNEC-də Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri Etibar Əliyevin “AzPolitika.info”-ya müsahibəsini, araz.az da, dəyərli oxucularına təqdim edir:
– Etibar müəllim, UNEC-də Elmin Populyarlaşdırılması Mərkəzi yaradıldı və Siz həmin mərkəzə rəhbər təyin olundunuz. Bu mərkəz hansı zərurətdən yarandı?
– Ölkə başçısı cənab İlham Əliyevin elmə və təhsilə qayğısı nümunəvi xarakter daşıyır. Prezidentin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial iqtisadi inkişaf Strategiyası” sənədində ölkədə tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında 2 tədqiqat universitetinin yaradılması nəzərdə tutulur. Həmçinin İlham Əliyevin daha bir mühüm bir fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” yaradılıb. Dünyada Elmin tarixi, elmin sosiologiyası və elmin populyarlaşdırılması istiqamətində Nobel mükafatı laureatları, böyük alimlər əsərlər yazır, bu istiqamətdə maraqlı dialoqlar aparırlar. Tədqiqat Universitetləri və Elmi Mərkəzlərin yaradılması geniş vüsət alıb. Azərbaycan dünyanın bir parçasıdır və biz bu tendensiyalardan geri qala bilmərik. Mənim kitabxanamda elmin popularlaşdırılmasına dair 100-lərlə kitab var. Bura fizikanın, riyaziyyatın, iqtisadiyyatın, biologiyanın, astronomiyanın, kimyanın populyarlaşdırılmasına dair görkəmli alimlərin əsərləri daxildir. Alimlər elmi populyarlaşdırmaqla gənclərin elmə cəlb olunması hərakatını genişləndirir, əsl elmin yalançı elmdən fərqini göstərir, elmin cəmiyyətə əlçatanlığını təmin etməyə çalışırlar. Təəsüflər olsun ki, bizdə bu işlər ləng gedir. Tərcümə işində isə çox geridə qalmışıq. Biz dünyanın aparıcı universitetlərində çalışan alimlərimizlə sıx əməkdaşlıq qurmaq istəyirik. Onların elmə verdikləri töhfələr geniş şəkildə təbliğ olunmalıdır. Alimlərimizin yaxın çevrələri ilə əlaqələrin qurulması da istisna olunmur.
– Mərkəzin fəaliyyətində əsas prioritetlər nədən ibarətdir?
– UNEC ölkənin qabaqcıl universitetlərindən biridir. UNEC-in müasir kitabxanası fəaliyyət göstərir, yaxşı təhsil və elm mühiti formalaşdırılıb. Biz kitabxanada tanınmış alimlərlə elmin müxtəlif sahələrində diskussiyalar təşkil edəcəyik. Elm sahələrinin populyarlaşdırılması istiqamətində məsləhətləşmələr aparılacaq, regionlarda elmin təşviqi üçün lazımi işlər görüləcək, sanballı elmi jurnal və elm portalı yaradılacaq. Təqdimat tədbirində alimlərimiz çox maraqlı təkliflər səsləndirdilər. Göründü ki, elmin populyarlaşdırılması niyyətimiz aydındır. Sadəcə təşkilati məsələlərin həlli çox vacibdir. Bu baxımdan UNEC Elmi Şurasının qərarı və rektor, professor Ədalət Muradovun əmri ilə Elmin Populyarlaşdırılması Mərkəzi yaradıldı.
– Etibar müəllim sizin böyük kitabxananızın olduğunu bilirik. Belə təşəbbüslə çıxış etməyinizdə kitabxananın rolu barədə nə deyə bilərsiniz?…
– Kitabxana qurmaq hər bir alimin əsas vəzifəsi olmalıdır. Kitabxana universal olmalıdır. Mən elm və təhsil sahəsində çap olunan maraqlı ədəbiyyatları uzun illərdir ki, toplayıram. Bunu rəhmətlik Azad Mirzəcanzadədən və professor Yusif Rüstəmovdan öyrənmişəm. Şəxsi kitabxana həm də oxumaq istəyənlər üçün açıq olmalıdır. Kitab təşviq olunmalıdır. Hər dəfə yeni kitablar əldə edəndə düşünmüşəm ki, bu kitablar dilimizə niyə tərcümə olunmur? Facebook səhifəmdə mütəmadi olaraq elm və təhsil sahəsində sanballı kitabları təbliğ edirəm. Niyə bizim tələbələr ən son elmi nailiyyətlərdən və çağımız üçün xarakterik olan biliklərdən məhrum olmalıdırlar? Pedaqoq ən faydalı və lazımlı biliyin yerini bilməlidir. Bunu bilmiriksə tələbə və şagirdin idrakını məhdudlaşdırmaqda davam edəcəyik. Hər yeni ideya düşünmək və tədqiqatlar üçün fürsət yaradır. Təəssüflər olsun ki, bizdə elmi ədəbiyyatların təqdimatı və tərcüməsi işi çox ləngdir. Bəzən tərcümələri qeyri-peşəkarlar edirlər. Əsas məqsədlərimizdən biri də elmin sahələri üzrə populyar ədəbiyyatların tərcüməsidir. Elm sahələri üzrə ensiklopediyalara da böyük ehtiyac var. Həmçinin böyük alimlərin nüfuzlu elmi jurnallara müsahibələri dilimizə tərcümə olunmalıdır. Mən, təxminən 30 il olar ki, belə müsahibələri toplayıram. Mərkəz əsasən alimlərimizin kollektiv əməyinə üstünlük verəcək.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.