Nəsimi Rayon İcra Hakimiyyətinin, YAP Nəsimi Rayon Təşkilatının və Nəsimi Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib.
Bu barədə, YAP Nəsimi Rayon Təşkilatından araz.az-a daxil olan məlumatda bildirilir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan Dillər Universitetinin foyesində Ulu Öndərin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Sonra isə, Dövlət Himni səsləndirilib.
Məlumata görə, ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb və Ulu Öndər Heydər Əliyev haqqında fikirlərini onlarla bölüşüb. Çıxışında daha sonra qeyd olunub ki, bizi möhtəşəm Qarabağ Zəfərinə aparan möhkəm Ordu quruculuğundan tutmuş, Azərbaycanı ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəldən iqtisadi gücümüzə, ölkəmizi Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirmiş neft-qaz siyasətinə qədər dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində Heydər Əliyevin böyük əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var. “Ulu öndər Heydər Əliyev bütün varlığı ilə, bütün bilik və bacarığı ilə xalqına, torpağına bağlı bir dahi şəxsiyyət idi.
Onun rəhbərliyi ilə, Azərbaycan parçalanmaqdan, bir dövlət kimi yox olmaq təhlükəsindən xilas oldu. Güclü və qüdrətli Azərbaycanın gələcək nailiyyətləri məhz Ümummilli Liderin adı ilə bağlıdır. Bu gün biz qalib xalq kimi, bir daha fəxr edirik ki, azərbaycanlıyıq. Hər birimiz Ulu Öndərin ruhu qarşısında baş əyir, onun xatirəsini daima uca tuturuq. Dahi Rəhbərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev cənablarının yürütdüyü siyasət də, Vətənimiz Azərbaycanı daha qüdrətli və yenilməz bir dövlətə çevirir”.
Məlumatda deyilir ki, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, tibb elmləri doktoru, professor Vaqif Şadlinski isə çıxış edərkən, Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, Ümummilli Lider hər zaman Azərbaycanı güclü, mətin, müstəqil görmək istəyirdi, bundan ötrü qüvvəsini əsirgəmədi və Ulu Tanrının ona bəxş etdiyi fitri istedadını, qətiyyətini, diplomatik qüdrətini tam surətdə bu istiqamətə yönəltdi.
YAP Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov isə öz çıxışında, gənclərə Heydər Əliyevin təhsilə olan qayğısından söz açıb. Xüsusi olaraq vurğulayıb ki, Ulu Öndər daim təhsilə, elmə xüsusi diqqət ayırıb, Azərbaycan elminin inkişafı istiqamətində böyük işlərə imza atıb.
ADU-nun 3-cü kurs tələbəsi Jalə Eyvazova Dahi Rəhbərin Azərbaycançılıq ideologiyasının əhəmiyyətindən danışıb. Xüsusi olaraq onu qeyd edib ki, Heydər Əliyev Azərbaycanı güclü bir dövlətə, müasir dünya ilə ayaqlaşan bir regiona çevirən möhtəşəm siyasətin əsasını qoyub.
Məlumatın sonunda bildirilir ki, çıxışlardan sonra, bu tədbir bədii hissə ilə davam etdirilib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.