Azərbaycan Laçın yolunun girişində keçid məntəqəsi qurdu. Ciddi uğurdur. Bu, növbəti mərhələnin başlanğıcı sayıla bilər. Xankəndini, bütövlükdə Qarabağ torpaqlarını işğaldan azad etmək, separatçılardan təmizləmək üçün vacib addımdır. Bir xəyal gerçək olur.
Dövlət Sərhəd Xidmətinin Laçın-Xankəndi yolunun başlanğıcında buraxılış məntəqəsi qurması Azərbaycanın haqqıdır. Söhbət yalnız mənəvi haqdan getmir. Ölkə sərhədlərinin nəzarətə götürülməsi suveren hüququmuzdur. Beynəlxalq normalara tam uyğun olan addımdır.
Sözügedən yolda sərhəd- keçid məntəqəsinin qurulması ərazimizə qeyri-leqal yolla silah-sursatın gətirilməsinin qarşısını alacaq. Biz bununla suveren hüquqlarımızın bərpası istiqamətində ciddi addım atmış olacağıq. Erməni separatçılarının fitnə-fəsadının, qan-qadasının önünü kəsəcəyik. Bu, Ermənistanla sülh müqaviləsinin imzalanmasına ciddi təkan verəcək.
Ermənistan Baş naziri Nikol Paşinyanın parlamentdə son çıxışı ilə bu hadəsinin arasında ciddi əlaqə görürəm. Gerçəkdən də Paşinyan sülh sazişini imzalayıb, ölkəsini böyük bir yükdən, bəladan, xəstəlikdən xilas etmək istəyir. Onun çıxışındakı tezisləri burda bir daha yazmağa gərək görmürəm, inanıram, yaddaşlardan silinməyib. Paşinyan anlayır ki, siyasi hakimiyyətini qarantiyaya almağın, həyatını sığortalamağın yeganə yolu Azərbaycanın şərtlərinə boyun əyməkdir. Sülh sazişi imzalanmadıqca nə ona, nə xalqına rahatlıq olmayacaq. Azərbaycana torpaq iddiasına son qoymaq üçün vacib olan addımlar atılmalıdır. Bunun üçün Ermənistan konstitusiyasına dəyişiklik edilməlidir. Çünki bu ölkə Azərbaycana, Türkiyəyə və Gürcüstana torpaq iddialarının konstitusiyaya salıb. İndi türüpdüyünü yalamaq vaxtıdır. Şərtlər onu buna vadar edir.
Azərbaycan Prezidenti İlham Əliyev böyük ustalıqla ölkəsini bu mərhələyə çıxardı. Emosional addımlardan uzaq dayanıb, rasional qərarlar verdi. Nəticə göz qabağındadır. Ermənilər və havadarları Azərbaycan Ordusunu provokasiyaya çəkmək üçün çox fırıldaq işlətdi. Heç biri baş tutmadı. İlham Əliyev böyük təmkin və praqmatik düşüncə ilə hədəfinə çatdı.
***
2022-ci ilin dekabrın 12-dən Şuşa-Xankəndi yolunda humanitar aksiya – ekofəalların dinc nümayişi başladı. Bütün dünya gördü ki, Azərbaycan dinc erməni sakinlərini hədəf almayıb. Məqsəd Azərbaycana qarşı törədilən ekosidin qarşısını almaqdır. Buna müqavimət göstərməkdir.
***
2020-ci ilin 27 sentyabrından başladılan proses özünün zirvəsinə doğru gedir. Hədəf bəllidir: Azərbaycanın işğalda 1 qarış torpağı belə qalmayacaq. Xankəndi daxil, tarixi torpaqlar Azərbaycan yurisdiksiyasına qaytarılacaq. Bütün ərazimiz üzərində suveren hüquqlarımız bərpa olacaq.
***
2020-ci ilin oktyabrında Şuşanın işğaldan azad olub-olmayacağı diskussiyaları, mübahisələri özünün ən pik həddinə çatmışdı. Füzuli işğaldan azad olunandan sonra bu istiqamətdə fikir dartışmaları daha da artmışdı. O zaman belə bir status yazdım:
“Siz Şuşa deyirsiz. Mən deyirəm ki, o iş həll edilib. Texniki prosedurlar yerinə yetirilir. Hədəf Zəngəzur – Quzey Azərbaycanın bərpası. Ardınca Bütöv Azərbaycan. Yeni konfiqurasiya var masada. Bölgənin xəritəsi dəyişir. Şans Azərbaycandan yana. Ölkəmiz böyüyür, bütövləşir. Bu statusu copy edib, saxlayın”.
Bu gün Laçın-Xankəndi yolunda qoyulan sərhəd keçid məntəqəsi Böyük Azərbaycan quruculuğunda ən ciddi mərhələdir. Paraleldə nə var? Təbii ki, Zəngəzur dəhlizi. Azərbaycanın və Prezident İlham Əliyev dəmir iradəsi bu layihəni də gerçəkləşdirəcək. Bu dəhliz Türk dünyasının iqtisadi, loqistik və mənəvi inteqrasiyası üçün olduqca önəmlidir. Azərbaycanı dünyaya bağlayacaq ən etibarlı kəmərdir. Çindən Avropaya, şimaldan cənuba bütün yollar Azərbaycandan keçəcək.
Millətimizin bir hədəfi var, yol xəritəsi var. Əsrlərdir ona doğru yürüyürük. Bütöv Azərbaycan adlı bu yolda çox qan-qadalar gördük, məhrumiyyətlər yaşadıq. 200 ildir bölünmüş Vətənin bütövləşməsi üçün bu gün çox önəmli mərhələni aşdıq. Laçın-Xankəndi yolunda qurulan o sərhəd məntəqəsi Bütöv Azərbaycan yolunun giriş qapısıdır.
Azər AYXAN.
araz.az xəbər portalı.