“Ərdoğan Prezident seçkilərində qalib gəlsə də, parlament seçkilərində uğur müxalifətin tərəfində ola bilər…”

“1946-cı ildən bu yana çoxpartiyalı sistemə keçildikdən sonra Türkiyə Cümhuriyyətində 1950-ci ildən bəri keçirilən Prezident və parlament seçkiləri həmişə maraqlı, həm də çətin olub. Seçkilər Türkiyənin tarixini, qədərini dəyişib. Növbəti seçkilərdə isə Türkiyədəki son 21 illik iqtidarın taleyi həll olunacaq”.

araz.az bildirir ki, bunu  İstanbul Universitetinin beynəlxalq münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı söyləyib.

“Qardaş ölkədə gözlənilən  seçkilər haqda onu demək olar ki, hər iki tərəf güclüdür. Anket sorğuları əsasında belə qənaətə gəlmək olur ki, hər iki seçkinin ikinci tura qalmaq ehtimalı böyükdür. Lakin bunu hələ zaman göstərəcək. Çünki anketlərə tam inanmaq olmaz”- açıqlamasının davamında siyasi şərhçi belə deyib.

“Hazırkı cümhur başkanı, Prezident Rəcəb Tayyib Ərdoğan 21 ildir iqtidarda olduğundan şansı böyükdür. Ona görə ki, xalqla güclü kommunikasiya qurub, gördüyü işləri geniş şəkildə təbliğ edə bilir. Qarşı tərəf də Ərdoğanın 21 illik hakimiyyəti, onun daxili və xarici siyasəti haqda kifayət qədər tənqidi fikirlər bildirir, özləri də vədlər verirlər. Həm də görünən  bundan ibarətdir ki, 21 illik iqtidarı dövründə ilk dəfə olaraq Ərdoğan və hakim partiya bu seçkilərdən narahatdır.  Belə ki, müxalifətçi – CHP lideri Kamal Kılıçdaroğlunun da qalib gəlmək şansı var. Məhərrəm İncənin də namizədliyini irəli sürməsi Prezident seçkilərinin ikinci tura qalması ehtimalını yüksəldir. Seçki bəyannaməsində Ərdoğanın  parlament-cümhur başkanlığı sistemində dəyişiklik edəcəyi, Kamal Kılıçdaroğlunun dilə gətirdiyi bir sıra məsələləri seçkilərdən sonra həll edəcəyi haqda fikirlər bildirilir. AKP iqtidarının şanslarına daha çox əngəl yaradan ölkədəki sosial-iqtisadi problemlər, xüsusən də son fəlakətli zəlzələnin doğurduğu problemlərdir. Bayramlar bitdikdən sonra artıq qızğın seçki təbliğatı prosesinə başlanmaqdadır. Hesab edirəm ki, son nəticədə Ərdoğan Prezident seçkilərində qalib gəlsə də, parlament seçkilərində uğur müxalifətin tərəfində ola bilər”- deyə  siyasi analitik yekunlaşdırıb.

araz.az xəbər plortalı.

araz.az xəbər portalı.