Qarabağ münaqişəsinin həlli üçün məsul olsa da, ATƏT-in Minsk Qrupunun özü çoxdan “dəfn ediləndir”

Azərbaycanın Ermənistanla sərhəddində, Laçın — Xankəndi yolunun başlanğıcında Sərhəd Buraxılış Məntəqəsi qurmasına bəzi dövlətlər, konkret desək, ABŞ, Rusiya, Fransa, faktiki olaraq, öz etirazlarını bildiriblər. Maraqlısı budur ki, Ermənistan hakimiyyətinin özü heç buna etirazını bildirməyb, qabağa düşən isə, bu “üçlük” olub. Bu yerdə, öncə onu qeyd edim ki, Azərbaycan dövləti xalqın çoxdan istədiyi bu möhtəşəm və mükəmməl Qərarı ilə, öz siyasi iradəsini bir daha nümayiş etdirərək, suveren ərazisinin mütləq sahibi olduğunu əyani şəkildə sübut etdi. Yəni, bu, Azərbaycanın dövlət əhəmiyyətli bu Qərarına hər hansı dövlətin təsir cəhdinin, bu barədə onun düşüncəsinin əhəmiyyətsiz olduğunu bir daha göstərdi. ABŞ-ın paytaxt Bakıdakı Səfirliyinin açıqlaması, bundan öncə isə, Rusiya XİN-nin rəhbəri Lavrovun Laçın — Xankəndi yolunda SBM-in yaradılmasının əleyhinə olması barədə fikirləri və Fransanın bu məsələyə birmənalı şəkildə qatı etirazı bu “üçlüyün”, yəni Qarabağ münaqişəsinin həlli üçün məsul olsa da, özü çoxdan “dəfn edilən” ATƏT-in Minsk Qrupunun (ABŞ, Rusiya, Fransa) bütün ötən illərdə əsl məqsədini bir daha ortaya çıxarmış oldu.

Hazırda, Ukraynada davam edən döyüş meydanında Rusiya ilə qanlı mübarizəyə çıxan ABŞ-ın və ümumən götürdükdə, Qərb ölkələrinin bir çoxunun, Rusiya ilə Azərbaycana qarşı müttəfiqlik mövqeyindən çıxış etmələri, heç də, bizim ölkə üçün nə bir yenilik, nə bir yeni kəşf deyil. Burada xristian təəssübkeşliyi əsas şərt olmasa da, xristian dünyasının həmin dövlətlərinin əsas hədəflərinin Azərbaycan, Türkiyə, Türk Dünyası olduğu qaçılmazdır. Təbii ki, İranın da bu “üçlüyün” yanında olması, bu olduqca ciddi məsələdə din, məzhəb məsələsinin əhəmiyyətsizliyini belə açıq-aydın göstərir. Qeyd etmək istəyirəm ki, hərçənd, bu ciddi məsələdə, bu amili tam kənara qoymaq olmur.

Əslində, Azərbaycanın Laçın — Xankəndi yolunda özünün SBM-ni qurması barədə, beynəlxalq hüquqa uyğun, BMT-nin Nizamnaməsinə əsasən verdiyi Qərarını əsaslandırmağa heç də borclu deyil. Elə, buna görə də, Azərbaycanın bu Qərarına etiraz edən bu dövlətlərdən çox haqlı sual olunur: “Azərbaycan özünün suveren ərazisindəki giriş-çıxışa nəzarət, dövlət və milli təhlükəsizliyini təmin etməli deyilmi?! Bəs, ABŞ, Rusiya, Fransa, İran necə, öz suveren ərazilərinə nəzarətsiz, sərbəst giriş-çıxışa yol verərdilərmi?! Niyə, özünüzə rəva bilmədiyinizi, Azərbaycan Respublikasına rəva bilirsiniz?!”.

Bu suallara cavab almaq istəyi ilə, qəti şəkildə öncə onu demək istəyirəm ki, axı, bütün dünyaya da bəllidir ki, Azərbaycan Prezidenti dediyi sözün sahibidir: Həqiqətən, ABŞ, Rusiya, Fransa, İran sonluqda elə edəcəklər ki, hər şeyə aldanan tamahkar ermənilər gözlərini açan kimi, dədə-baba torpaqlarımızın Qərbindəki hər yerində belə, başlarının üstündə Azərbaycanın Müqəddəs Üçrəngli Bayrağını görəcəklər. Ermənistan, ermənilər nə qədər bir alət, bir vasitə kimi istifadə olunduqlarını, buna qarşı heç vaxt hazır olmadıqlarını onda başa düşəcəklər.

Bu yerdə, bu yazının nəticəsi və sonu olaraq, həmin dövlətlərin məkrli siyasət sahibi rəhbərlərinə bir vacib xatırlatmamı da çatdırmaq istəyirəm: Azərbaycan dövləti özünün Qarabağ problemini artıq həll edib, indi hədəfləri daha böyükdür və bu əsas hədəflərindən onu yayındırmaq cəhdləri əbəsdir!

Vüqar DADAŞOV,
politoloq, hüquqşünas, Milli Cəbhə Partiyası Siyasi Şurasının üzvü, Qarabağ Müharibəsi qazisi.

araz.az xəbər portalı.