“Hazırda Milli Məclisdə xalqın seçdiyi deputatlardan biri olaraq Əli Məsimlinin adını çəkə bilərəm. Əli Məsimli kifayət qədər təmiz adamdır. Mən Nazirlər Kabinetində birinci müavin işləyəndə o vaxta qədər onu tanımırdım. O, cəbhəçi olub, Şəkidən deputat seçilib”.

araz.az    Yenisabah.az-a istinadən  xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov siyasi bloger Mehman Hüseynovun suallarını cavablayarkən deyib.

Xatırladaq ki, məlum müsahibədə Azərbaycandakı müxalifət partiyaları və Milli Məclisə seçilən deputatlarla bağlı M. Hüseynovun verdiyi sualları cavablayan millət vəkili barəsində parlamentin intizam komitəsi qərar verəcək.

Müsahibədən narazılığa səbəb olan bir hissəni təqdim edirik:

“Digərləri də var. Məsələn, Qənirə Paşayeva. Kifayət qədər məsuliyyətli, millətini, dövlətini sevən adamdır və müəyyən məsələləri çıxışlarında qaldırır. İndi bu seçilmə və seçmə məsələsini sənə necə deyim? Hərənin öz dairəsi var. Misal üçün, mən 2005-ci ildən bu yana qədər Qubadan Milli Məclisə deputat seçilirəm. Hər dəfə mənim qabağıma elə adam saldılar ki… 2005-ci mənim qabağıma “Sədərək Yusif”i (Yusif Qədimbəyli) saldılar, amma qubalılar onu seçmədi. O seçilsə idi, bütün Quba ayağa qalxacaqdı. Yəni belə şeylər olur.

O ki qaldı əsl müxalifətə, mən onların hamısını tanıyıram və hamısı ilə də təmaslarım var. Partiyalardan söhbət gedəndə Azərbaycanda bu dəqiqə bir neçə partiya var ki, sabah onları seçkiyə buraxsan, o, səsləri toplayacaq. Onlardan biri hakim Yeni Azərbaycan Partiyasıdır (YAP), ikincisi, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), üçüncüsü isə Müsavat Partiyasıdır. Ola bilər ki, ReAl da bu səviyyədə müəyyən qədər səs yığa bilər. Bir də fikirləşirəm ki, Fazil Mustafa ilə (Böyük Quruluş Partiyası–BQP) Qüdrət Həsənquliyevin (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası–BAXCP) partiyaları da müəyyən səs yığa bilər. Mən həqiqi müxalifət demirəm, çünki həqiqi müxalifət aydındır.

İkincisi də indiki dövrdə dövlətin apardığı siyasətdə müxalifət olmaq o qədər də asan məsələ deyil. Məsələn, Sabir Rüstəmxanlı (Vətəndaş Həmrəyliyi Partiyası–VHP) Milli Azadlıq Hərəkatının liderlərindən biri olub, onun başını da yarıblar və s. Amma indi partiya sədridir, ağsaqqal adamdır. Ola bilər ki, VHP sabah 5 min səsi yığa bilməsin, amma biz deyə bilmərik ki, o, müxalifət deyil. Belə məsələlər var.

Türkiyədəki müxalifətə fikir verin. Bütün mətbuat hər bir şey onlara açıqdır. O, bunu tənqid edir, bu, bunu. Faktiki belə olmalıdır. Burada da bunun belə olması üçün müəyyən vaxt lazımdır. Bir şeyi də nəzərə almalıyıq ki, bizim coğrafi vəziyyətimiz elə bir vəziyyətdir ki, hamının burada gözü var. İndi Türkiyə bizə qardaş ölkədir, köməklik edirlər, amma yenə də gözləri buradadır. O tərəfdən, İran belə, Rusiya elə, Ermənistan da belə. Bu dövləti – Azərbaycanı idarə etmək çox çətindir. Gözlər burada çoxdur. Amma çox yox, 20-30 il normal vəziyyət getsə, Azərbaycan ən inkişaf etmiş dövlətlər səviyyəsinə gəlib çıxacaq. Buna imkanımız kifayət qədər. Bir dənə Rusiya-Ukrayna müharibəsi bitsin, demokratik cəmiyyət bütün dünyada bərpa olunsun, bunların hamısı düzələcək”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.