Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist, BAYRAQDAR MEDİA-nın Baş redaktoru Azər Həsrət, aprelin 22-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən beynəlxalq jurnalist mükafatının təqdimat mərasimində iştirak edib.

Bu barədə, Mətbuat Şurasından araz.az-a verilən məlumatda bildirilir ki, dünyanın ən böyük maliyyə fonduna malik olan və Fetisov Jurnalistika Ödülləri adı ilə, artıq, 4-cü dəfə təqdim edilən mükafat 4 istiqaməti əhatə edir. Araşdırma, sülhə xidmət, vətəndaş hüquqları və ətraf mühit mövzusunda yazan jurnalistlər bu müsabiqədə iştirak ediblər. Qeyd edilən istiqamətlər üzrə ilk yeri tutan jurnalistlərin hər birinə 100 min İsveçrə frankı (192 min manat) məbləğində pul mükafatı verilib. 2-ci yerə 20 min, 3-cü yerə isə, 10 min frank mükafat verilib.

Məlumata görə, qaliblər dünyanın 81 ölkəsindən göndərilmiş 350 yazının müəllifləri arasından seçilib. İlkin mərhələdə yazıları Azər Həsrətin də daxil olduğu Beynəlxalq Ekspertlər Şurası nəzərdən keçirərək, müvafiq rəy verib. Daha sonra, münsiflər heyəti növbəti mərhələyə keçən 37 yazı arasından qalibləri seçib.

Azər Həsrət səfər çərçivəsində beynəlxalq platformalarda özünəməxsus yeri olan media peşəkarları ilə görüşüb, müzakirələr aparıb. Eyni zamanda, o, mükafatın təşəbbüskarı, iş adamı, filantrop, prodüser Gleb Fetisovla görüşərək, fikir mübadiləsi aparıb.

Məlumatın sonunda o da qeyd olunur ki, Azər Həsrət, artıq, ikinci ildir ki, bu mükafat üzrə Ekspert Şurasında təmsil olunur.

Rəşad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.