Azərbaycanın təbii sərvətlərinin talanmasına şərik çıxması da, Volkovu sülhməramlıdan çox, talançıya, “moradyor”a bənzədirdi

Azərbaycanın Xankəndi və ətraf ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkov Rusiya müdafiə nazirinin müşaviri, general-polkovnik Aleksandr Lentsovla əvəzlənib.General Volkovun general Lentsovla əvəzlənməsinin, Azərbaycanın Ermənistanla sərhəddə, Laçın — Xankəndi yolunun başlanğıcında Sərhəd Buraxılış Məntəqəsini (SBM) qurmasından sonra baş verməsi, sözsüz ki, bir-biriylə bağlı məsələdir. Öncə qeyd edim ki, bir müddət əvvəl Rusiya XİN-in başçısı Lavrovun Azərbaycanın Laçın — Xankəndi yolunda SBM qurması ehtimalına qəti etirazı fonunda, buna məhəl qoymadan, Azərbaycanın sözü gedən SBM-i qurmasından sonra, rus sülhməramlı kontingentində komandan dəyişikliyi, ilk növbədə, Rusiya Federasiyasının imicini, nüfuzunu qorumaq cəhdidir. Elə, Rusiya mediasında, Azərbaycanın Ermənistanla sərhəddində həmin SBM-i açmasına, güya, Rusiya Müdafiə Nazirliyinin razılıq, yaxud icazə verməsi kimi fikirlərin səslənməsi də, Federasiyanın nüfuzunu qorumaq üçün, növbəti cəhddir.

Rusiya dövlətinin təsirinin zəifləməsini maskalamaq, siyasi-hərbi uğursuzluğuna bəhanə tapmaq üçün, “günah keçisi” kimi, artıq keçmiş komandan Volkov göstərilir. Hərçənd ki, general Volkov öz tamahı ilə, sözün əsl mənasında, nəticə etibarıyla Azərbaycanın işinə yaradı. Təbii ki, general Volkov Moskvadan aldığı təlimata uyğun hərəkət etməklə, həm də vəziyyəti öz şəxsi maraqları ilə uzlaşdıra bilmişdi. Müəyyən mənada, general Volkov erməni separatçılarının təsirinə düşərək, Azərbaycan maraqlarına qarşı “naqlost” nümayiş etdirirdi. Azərbaycan ekofəallarının, ictimai aktivistlərinin Laçın — Xankəndi yolunda keçirdiyi uzunmüddətli etiraz aksiyası nəticəsində, erməni separatçıların çənbəri qısaldığından, Volkov üçün də yeni “imkanlar” yaranmışdı. Silah-sursat qaçaqmalçılığı, erməni separatçıların, adi ermənilərin daşınma-keçirilməsi, İrandan terrorçuların Xankəndinə gətirilməsi və əksinə çıxarılması, general Volkovun biznesinə çevrilmişdi. Üstəlik, Azərbaycanın təbii sərvətlərinin talanmasına şərik çıxması da, Volkovu sülhməramlıdan çox, talançıya, “moradyor”a bənzədirdi.

Azərbaycanın Laçın — Xankəndi yolunun başlanğıcında SBM qurmasından sonra, Volkovun Lentsovla əvəzlənməsi, mövcud ümumi vəziyyətə də aydınlıq gətirir. Bu fakt, həm də onu təsdiq edir ki, Volkov Azərbaycanın atacağı mümkün addımlarından ya xəbərsiz olub, ya da Azərbaycanın belə bir qəti addım atacağına inanmayıb. Hər bir halda, Kremlə dolğun məlumatı ötürə bilməməsi də, göz qabağındadır. Həm də bu fakt onun sübutudur ki, Azərbaycan Ordusunun peşəkarlığı və sirli planları çox yüksək səviyyədədir. Digər tərəfdən, Rusiyanın Ukraynaya müharibə elan etməsi ilə, özü və Putin hakimiyyəti üçün elə təhlükələr yaradıb ki, reallıqda, mövcudluqları belə böyük sual altına düşüb. Yeri gəlmişkən, onu da qeyd edim ki, Çinin açıq, publik şəkildə Rusiya ilə müttəfiqlik istəyindən imtina etməsi də, Federasiyasının taleyinin çətin sınaqlar qarşısında olduğuna bir işarədir.

O ki qaldı Lentsovun şəxsiyyətinə və bioqrafiyasının müharibə təcrübəsi ilə zəngin olmasına, hesab edirəm ki, onun hansı bacarığa sahib olmasından asılı olmayaraq, imkanları, ona yaradacağımız şərait və vəziyyətdən asılı olacaq. Elə, ruslar demişkən, əgər məlumatlıyıqsa — deməli hazırlıqlıyıq! Bir əsas şərt də odur ki, Azərbaycan kiminsə planının iştirakçısı deyil, əksinə, dövlətimiz planlı şəkildə özü reallıqlar yaradır və maraqlı tərəflər prosesdən kənarda qalmamağa çalışır.

Azərbaycanın, faktiki olaraq, BMT TŞ-nin 5 daimi üzvlərindən üçünün — ABŞ, Rusiya və Fransanın qəti etirazına baxmayaraq, Laçın — Xankəndi yolunun başlanğıcında vacib SBM işinə başlaması, onu bir dövlət kimi, siyasi-hərbi baxımdan güc mərkəzi kimi təsdiq edir. Təbii ki, bu reallığa qarşı çıxan qüvvələrin dağıdıcı fəaliyyətlərinin artacağı da, gözlənilən idi. Məlum həqiqət də budur ki, 44 günlük Vətən Müharibəsindən sonra, Laçın — Xankəndi yolunun başlanğıcında, dövlətimizin SBM qurması da, atdığı ən mühüm addımdır. Bu da ona bir işarədir ki, Azərbaycan bütün dövlət sərhədlərini qapadaraq, heç nəyə fikir vermədən, faktiki ərazi bütövlüyünü bərpa edir.

Faktiki olaraq, Azərbaycanın Laçın –Xankəndi yolununun başlanğıcında SBM qurması ilə, Ermənistanda daxili siyasi vəziyyət olduqca gərginləşib. Paşinyanın Parisə, Moskvaya, Vaşinqtona, Brüsselə zənglərinin əhəmiyyətsizliyi də, onun, Azərbaycana qarşı heç bir təsir imkanlarının olmamasının göstəricisidir. Azərbaycanın öz ərazisinin giriş-çıxışına nəzarət etməsi, ümumiyyətlə, onun beynəlxalq hüquqa əsalanan legitim müstəsna hüququdur. Siyasi-hərbi, iqtisadi baxımdan güclü dövlət kimi, Azərbaycanın öz qanuni və ədalətli haqqını, ancaq, öz imkanlarına arxalanaraq qoruması da, ortadakı, kənardan heç kimdən asılı olmaması, bütün təsirlərdən uzaqlığı ilə bağlı reallıqların mənzərəsini yaradır.

Vüqar DADAŞOV,
politoloq, hüquqşünas, Milli Cəbhə Partiyası Siyasi Şurasının üzvü, Qarabağ Müharibəsi qazisi.

araz.az xəbər portalı.