Azərbaycanda tənqid risklidir. Bəzi məmurlar var ki, onlara toxunmaq mümkün deyil. Ölkəmizin siyasi sferasında tənqidə ən dözümlü yanaşan şəxs elə ölkə prezidentidir. İnanın, özünü illərdir demokrat kimi tanıdan şəxslər var ki, haqqında yüngülvarı tənqid yazanda, səninlə düşmən olur. Əlində səlahiyyət olsa (yaxşı ki yoxdur) onu tənqid edən adamı dərhal şərləyib qoduqluğa basar.
Amma ölkədə elə məmurlar var ki, onlar nə şəxsiyyətləri, nə savadları, nə mədəniyyətləri ilə ölkə rəhbəri ilə müqayisəyə gəlir. Ya zəlzələdən, ya vəlvələdən onlar vəzifə sahibi olublar. Səlahiyyətə malikdirlər. Onların hökumətin bütün pillələrində qoruyucu mələkləri var. Haqlarında bircə kəlmə də neqativ söz səsləndirmək mümkün deyil. Prezident tənqid olunan zaman dilləri boğazında quruyan, görməzdən gələn, “mənim nəyimə lazımdır” deyib qınına çəkilən həmin o “cücə” məmurlar özləri tənqid olunan zaman şirə dönürlər. Əlləri uzundur. Hər yerə çatır. Onlar toxunulmazlardır.
Media sahəsində olan şəxslərin əksəriyyəti bunu gözəl bilirlər. Bilirlər ki, həmin şəxslərə toxunsan yazını saytdan silər, səni incidərlər. Mən də burada həmin şəxslərin yarımçıq siyahısını verə bilərəm. Lakin bu yazının saytdan silinməyini istəmirəm. Ona görə də ümumi yazıram, boşluğa danışıram, ad çəkməyə cəsarət etmirəm, ünvansız olaraq cümələri quraşdırmağa çalışıram ki, “qırmızı xətti” keçməyim. 50 ilin siyasətçisi, neçə-neçə hökumət yola salan deputat “qırmızı xətti” haradan keçdiyini hiss etmədi. Bir də onda ayıldı ki, alarm işə düşüb, torba hazırdır.
Ona görə də danışanda gərək elə danışasan ki, bir tənqidlik canı olmayanlar sənin canını almasın. Sözləri dəqiqliklə seç, özünü dilə-dişə salma. Başını aşağı sal, işini gör. Sürmə 100, yaşa 100. Az aşım, ağrımaz başım. Quzu qurdun, yol…
Biz elə bir toplumuq ki, başqalarına arzu etdiklərimizi heç vaxt özümüzə, özümüzə arzu etdiklərimizi başqalarına arzu etmirik. Elə mediamızdan danışaq. Bütün günü başqaların tənqid edən, yıxıb-sürüyən jurnalist həmkarlarımızın yüzdə doxsanı tənqidə açıq deyil. Çünki bizim hər birimizin içində özümüzə də tanış olmayan neqativlik var. İstənilən tənqidin arxasında məkr axtarırıq. Qərəz tapırıq. Şübhə içimizi dağıdır. Ağlımızın ucundan da keçmir ki, bəlkə, bu yoldaş mənim, cəmiyyətin faydası üçün özünü güzgüyə çevirib neqativlərimi göstərir. Yox! Bu, ola bilməz!
İndi məmurlarımızın da yüzdə doxsanı bizim güzgüdəki əksimizdir. Biz özümüz nə zaman tənqidə açıq olacağıqsa, o zaman ümid etmək olar ki, məmurlarımız da bizə oxşayacaq. İndilik gərək onlara dəyməyək ki, bizə də dəyməsinlər…
Sağlam tənqid isə həqiqətən də faydalıdır. Bu, sağlam rəqabət kimi bir şeydir. İnkişaf da, tərəqqi də bundadır. Söhbət fərd kimi varlanaraq tərəqqiyə nail olmaqdan getmir, söhbət xalq, dövlət, vətəndaş olaraq, savadlı cəmiyyət olaraq tərəqqiyə çatmaqdan gedir.
Əgər bu yazıda kiminsə xətrinə dəydimsə, cahilliyimə bağışlasın!
Mən dava-dalaş, qalmaqal adamı deyiləm. Həmişə başımı aşağı salıb işimi görmüşəm. Başımın salamat olması üçün…
Elnur MƏMMƏDLİ.
araz.az xəbər portalı.