Bəzən, hər hansı bir ali təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə dəyişən-ötən illərlə müqayisədə artan-azalan keçid balları – abituriyentlərdə, onların valideynlərində ciddi narahatlıq və narazılıqlar yaradır.

İlk növbədə bunu bilmək lazımdır ki, hər hansı universitetdə istınilən ixtisasın keçid balını nə həmin ali təhsil müəssisəsinin, nə də ixtisasların nüfuzu müəyyən etmir. Keçid ballarının müəyyənləşməsi müəyyən kriteriyalara əsaslanır.

araz.az bildirir ki, keçid ballarının müəyyən olunması əvvəla həmin ixtisas üçün ayrılan plan yerlərindən asılıdır. Fikrimizi konkret bir neçə nümunə ilə əsaslandıraq: Məsələn, ötən il paytaxtda yerləşən və hər zaman gənclərin sevimli ali təhsil ocaqlarından olan Azərbaycan Dillər Universitetində Xarici dil müəllimliyi (ingilis dili üzrə ) ixtisasının keçid balı 405, eyni ixtisasın Naxçıvan Dövlət Universitetindəki keçid balı 473 olub. Bu o demək deyil ki, birinci universitet ikincidən təhsilin keyfiyyəti baxımından geri qalır. Xeyr, keçid balını formalaşdıran əsas amil məhz plan yerləridir. Tutaq ki, ADU-da ingilis dili müəllimliyi ixtisası üçün 60, NDU-da isə 20 plan yeri ayrılıbsa, bu o deməkdir ki, birinci ali məktəbə daxil olmaq şansı ikinci ilə müqayisədə 3  dəfə artıqdır. Bu zaman ixtisas seçimi müsabiqəsində ADU-dakı həmin fakültəni qeyd edənlər arasında 60 şəxsin tələbə adını qazanmaq imkanı var. NDU isə cəmi 20 abituriyentə bu imkanı təqdim edir. İxtisas seçimi zamanı hər hansı universitetdə istənilən ixtisas üzrə plan yeri azalırsa, ora üçün tələb olunan keçid balı da artır. Çünki ixtisas seçimini müəyyən edən alqoritm uyğun müraciət üçün ən yaxşı nəticə göstərən 20 yeri seçərək bizlərə təqdim edir. Məsələn, bu etapda 20 plan yeri, bir az da azaldılıb 15 edilsə idi, o zaman analoji intervalla keçid balı daha da qalxacaqdı.

Keçid balı heç zaman dəqiq deyil – Vacib düstur 

Vacib bir məsələni də deyək: istənilən ixtisas üzrə keçid balını qabaqcadan demək qeyri-mümkündür. Məsələn, biz heç zaman indidən deyə bilmərik ki, bayaq adını çəkdiyimiz Xarici dil müəllimliyinin keçid balı nə qədər olacaq… Biz sadəcə ötənilki keçid balını əsas götürüb müəyyən təxmindən çıxış edə bilərik. Keçid balını isə yalnız bir amil müəyyən edir: müsabiqədə iştirak edən və icazə verilən plan yerləri qədər uyğun ixtisası seçimi edən gənclərin topladığı ümumi orta bal… Məsələn, fikrimizi elə yuxarıdakı misalla konkretləşdirək: Naxçıvan Dövlət Universitetinin Xarici dil müəllimliyi ixtisası üçün ayrılan 20 plan yerini qeyd edən abituriyentlərin hamısının topladıqları bal sonda bu rəqəmə (plan yerinin sayına) bölünür və alınan ortaq bal həmin ixtisasın builki keçid balı hesab edilir. Amma bir məsələni qeyd edək ki, bu proses yalnız və yalnız imtahan nəticələri açıqlanandan sonra ictimaiyyətə elan edilir. Yəni, biz yalnız o zaman hansı universitetdəki hansı ixtisasın keçid balının neçə olduğunu öyrənə bilirik.

İxtisas qrupları və rəqabətlilik 

Keçid balını müəyyən edən növbəti meyar həmin ixtisasın aid olduğu ixtisas qrupuna olan maraqdır. Məsələn, ötən il I ixtisas qrupu üzrə daha çox abituriyent imtahan verdiyindən, bu göstərici I qrupa aid olan az qala, bütün ixtisaslarda gərgin rəqabət yaratdı. Yaranan gərgin rəqabət ixtisas seçimində daha çox bal yığan gənclərin şansını önə çəkdi. Bu isə öz növbəsində yüksək nəticə göstərənlərin hesabına formalaşan ortaq bal göstəricisini-keçid balını artırmış oldu.

Fikrimizi konkretləşdirmək üçün bir nümunəyə diqqət edək: ötən il BDU-nun riyaziyyat müəllimliyi ixtisasının, elə bu universitetdəki  hüquqşünaslığın keçid balından artıq olması cəmiyyətdə az qala, rezonans yaratdı. Bir çox şəxs “necə yəni, müəllimlik hüquq ixtisasından daha nüfuzludur?” sualını verdi.

Əvvəlcə onu qeyd edək ki, Riyaziyyat müəllimliyi ixtisası ötən il gərgin rəqabətin olduğu I ixtisas qrupunda, hüquqşünaslıq isə ötən illərə nisbətdə üçüncü qrupdadır.  Birinci qrupdakı rəqabət isə  məlumdur ki, üçüncüdən çox idi. Ayrılan plan yerlərinin də hüquqşünaslıqda daha çox olduğunu (120) qeyd etsək, keçid balının riyaziyyat müəllimliyi ilə müqayisədə niyə aşağı düşdüyünün əyani şahidi olarıq.

Tərcüməçilik ixtisasları və aşağı düşən keçid balları 

Ötən il Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Slavyan Universitetində Tərcümə (ingilis dili-Azərbaycan dili) ixtisasının keçid balı cəmi 200 olub. Digər nüfuzlu universitetlərdə də tərcüməçilik ixtisasının keçid balının xeyli aşağı düşdüyünün şahidi oluruq. Bunun da səbəbi yuxarıda nümunələr əsasında göstərdiyimiz konkret detallardır: ixtisasın həm özünün seçimində, həm aid olduğu ixtisas qrupunda rəqabətliliyin zəif olması, ayrılan plan yerlərinin ixtisasa olan maraq və tələbatdan çoxluğu…

Keçid balı 200 olan tərcümə əsaslı ixtisasların demək olar ki, əksəriyyətində ayrılan plan yerləri tam dolmadı. Nəticədə boş qalan plan yerləri üçün aşağı nəticə göstərənlər arasında əlavə müsabiqə təşkil olunur. Məsələn, fərz edən ki, ötən il Turizm və Menecment Universitetində Tərcüməçilik ixtisası üçün 50 plan yeri ayrılıb. Lakin rəqabət o qədər də güclü olmadığı üçün əsas mərhələdə bu 50 yerdən yalnız 30-u “dolmuş”, yerdə qalan 20 plan yeri isə boş qalmışdır. Həmin 20 plan yeri məcburiyyət qarşısında az bal toplayan və əsas mərhələdə “kəsilən”, abituriyentlərə əlavə şans olaraq verilir. Nəticədə, boş qalan plan yerlərini müsabiqədə iştirak edənlər arasında ən çox bal toplayan 20 abituriyent əldə edir. Onların da ortalama nəticəsi o qədər də yüksək olmadığı üçün son nəticədə ixtisasın keçid balını da aşağı salmış olur.

Ehtimallara əsasən, bu il də tərcüməçilik əsaslı ixtisasların keçid balları çox da yüksək olmayacaq. Doğrudur, nisbətən dəqiq fərziyyə ixtisas qrupları üzrə imtahan verəcək şəxslərin sayı, həmçinin, həmin ixtisaslar üzrə ayrılan plan yerlərinin miqdarı bilinəndən sonra məlum olacaq. Amma təcrübə göstərir ki, cəmiyyətdə ixtisaslara marağın artıb-azalma intervalı uzun müddət, ardıcıl bir  neçə qəbul ili ərzində davam edir. İctimai rəyin hazırda humanitar əsaslı, tərcümə yönümlü ixtisaslara bir o qədər də meyl etmədiyini nəzərə alsaq, bu il də əsas rəqabət mühitinin I qrup olacağını ehtimal edə bilərik.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.