“Formula-1” üzrə Azərbaycan Qran-prisi bu gün start götürüb. Dünya səviyyəli idman yarışını 7-ci dəfə qəbul edən Bakıya bu dəfə həmişəkindən daha çox əcnəbi qonaq gəlib. Əldə olunan rekord bilet satışı belə deməyə əsas verir. Məlumata görə, demək olar ki, hamısı satılan biletlərin 80 %-ə yaxınını məhz əcnəbilər alıblar.

araz.az     bildirir ki, 30-a yaxın fərqli ölkədən qonaqların gəlişi Bakının mərkəzində hiss ediləcək iqtisadi canlanma yaradıb. Bakının mərkəzi otellərində bütün yerlər tam dolub. Bu zaman ağla gələn ilk sual budur: dünyanın 100-dən çox ölkəsində 500 milyonluq auditoriyanın canlı izlədiyi bu idman yarışı ölkəmizə nə qədər pul qazandırır?

“PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Azərbaycanda keçirilən ilk dörd “Formula-1” yarışı ölkə iqtisadiyyatına ümumilikdə 506,3 milyon dollar gəlir gətirib. Birbaşa gəlirlərdə əsas yeri turizm, mehmanxana və nəqliyyat sektorları tutur.

Mövzu ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandıran iqtisadçı Natiq Cəfərli yarışın gəlirlərinin birbaşa deyil, dolayısı ilə olduğunu vurğulayıb: “Formula 1 çox məşhur yarış olduğu üçün ölkəni tanıtdırır və bunun nəticəsində həm turist, həm də investisiya axını başlayır. Formula 1 oyunları zamanı turitlərin gəlməsi, ölkədə pul xərcləməsi və digər xərclər vasitəsi ilə ölkədə dövriyyənin artması qeydə alınır.  Bu dövriyyədən tutulan vergilər isə birbaşa gəlir kimi göstərilə bilər”.

İqtisadçının sözlərinə görə, yarışın əsas qazanc mənbələrindən biri olan teleyayım Azərbaycanın əlində deyil: “Dövlət büdcəsindən hər il yarışların keçirilməsi üçün, 80 milyon manat vəsait Gənclər və İdman Nazirliyinin balansına köçürülür. Nazirlik də öz növbəsində bu vəsaiti operator şirkətinə yönəldir. Dövlət büdcəsindən ayrılan 80 milyon manatın geri dönüşü isə turizmdən və digər sahələrdən gələn gəlirlərdən tutulan vergilər şəklində olur. Formula 1 özü heç bir gəlir gətirmir, çünki ən çox gəlirli sahə televiziyalardır ki,  o da Azərbaycanın əlində deyil. Formula 1 yarışlarını təhşkil edən şirkətin özündədir və onlar da reklam bloklarını sataraq pul qazanır”.

N.Cəfərlinin fikrincə, bu yarışın auditoriyasının böyük olması səbəbindən ayrı-ayrı ölkələr bu yarışa ev sahibliyi etməkdə maraqlıdır: “Şəhərlərin, ölkələrin tanıtımı çox yüksək səviyyədə olur. Çünki Formula 1 yarışlarına təqribən 600-700 milyon insan baxır. Formula 1 futboldan sonra dünyada ən çox televiziya auditoriyası olan yarış sayılır. Ölkəmizin inkişaf etdiyi bir dövrdə düşünürəm ki, Formula 1-in yaratdığı üstünlüklərdən faydalanmağı öyrənməliyik”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.