Vüqar Dadaşov: “ABŞ – Rusiya rəqabəti əslində Cənubi Qafqaz uğrunda siyasi-diplomatik müharibədir”
May ayının əvvəlində Vaşinqtonda dörd gün davam edən Ermənistan Azərbaycan XİN başçılarının danışıqlarının Azərbaycan maraqlarına uyğun formatda keçəcəyi gözlənilən idi. ABŞ Azərbaycanın rəsmi şəkildə bəyan etdiyi şərtlərlə sülh müqaviləsinin imzalançasının tərəfdarı kimi eyni mövqedən çıxış etdiyi məlum idi. Qarabağın Azərbaycanın daxili işi, orada yaşayan ermənilərin də digər etnik icmalar kimi, Azərbaycan Konstitusiyanın verdiyi hüquq çərçivəsində yaşamasının tanınması təbii ki, Azərbaycan maraqlarının təminidir.
araz.az bildirir ki, bunu “Xalq Cəbhəsi”nə politoloq Vüqar Dadaşov deyib.
Onun fikrincə, ancaq, məsələ göründüyündən də mürəkkəbdir, reallıqlar isə fərqli mənzərə ortaya çıxaracağı şübhəsizdir: “Bəli, tərəflər arasında danışıqların Brüssel platformasını da sıradan çıxartmaq düzgün olmazdı. Mümkündür ki, Brüssel platformasında yeni görüşlər olsun, müəyyən razılaşmalar da əldə edilsin və hətta tərəflər arasında aralıq sənəd də imzalansın. Yeri gəlmişkən, aralıq sənədinin imzalanması hər üç platformada mümkündür. Ancaq əsas mübarizə məhz yekun sülh müqaviləsinin Vaşinqton və ya Moskva platformasında imzalanması üzərindədir. Ümumi siyasi vəziyyətin analizi və Rusiyanın regionla tarixi bağlılığı, təsir imkanları və hətta mümkün qeyri adekvat gedişləri əsaslı şəkildə onu deməyə əsas verir ki, Ermənistan Azərbaycan arasında yekun sülh müqaviləsinin ABŞ platformasında imzalanması regiona sülh gətirəcəyi isə böyük sual altındadır. Bu məsələdə Rusiyanın iştirakı olmadan nəticənin dayanıqlı olacağı mümkünsüzdür. Əvvəla unutmamalıyıq və həqiqət də budur ki, 44 günlük müharibədə Rusiya formal da olsa neytral qaldı. Rusiyanın neytral qalmasını şərtləndirən ən əsas amil isə Qərbin Ermənistanda Paşinyanı hakimiyyətə gətirməsi və onun Ermənistanı Rusiyanın orbitindən davamlı çıxarmaq cəhdi idi. Paralel olaraq Rusiya Azərbaycan münasibətlərinin strateji partnyor səviyyəsi Rusiyanı neytral qalmasına təsir edən əsas şərtlərdən olub. Sözsüz ki, Azərbaycan – Türkiyə münasibətləri və Türkiyənin Rusiya üçün son dərəcə əhəmiyyəti həmin neytrallığı formalaşdıran üç əsas amillərdəndir. 10 noyabr 2020-ci il üçtərəfli Moskva Bəyannaməsi məhz Rusiyanın moderatorluğu və qarantiyası ilə imzalanıb. Əsas şərtlərin, daha doğrusu işğalda qalmış rayonların Azərbaycana təhvil verilməsi Rusiyanın bir başa iştirakı ilə baş tutub. Ümümiyyətlə isə, ermənilər üçün ilk dövlət, dövlətçilik anlayışı əsasən Rusiya faktoruna bağlıdır və geniş mənada Rusiya və ruslar Ermənistana öz dövlətinin ərazisi kimi baxır. Və həqiqətən də son üç əsirdə ermənilər üçün rus əsgəri vuruşub, canını qurban verib. Rusiya Ukrayna müharibəsində nə qədər ağır vəziyyətə düşsə də Ermənistanı görünən asanlıqla əldən verməyəcək”.
V.Dadaşovun fikrincə, Ermənistanın Azərbaycanla yekun sülh müqaviləsinin ABŞ-ın moderatorluğu ilə imzalanması Rusiyanın Ermənistanı tam buraxması və regiondan çıxması deməkdir. Buna görə də, sözügedən sülh müqaviləsinin Rusiyasız imzalanması region üçün Moskvanın qeyri adekvat addımlar atacağına belə şübhə qoymur. Rusiyanın son məqamda ən sərt addım atacağı gözləniləndi. Paşinyanın fiziki məhvi və hətta hərbi çevriliş variantları istisna edilməməlidir. Son Vaşinqton görüşündən dərhal sonra 8 mayda Paşinyanın Moskva səfəri hansı ki, Kremldən verilən açıqlamaya görə rəsmi İrəvanın təklifi əsasında baş tutub, onu göstərir ki, Paşinyan özünün və Ermənistanın gələcək taleyindən çox narahatdır və onun Moskva səfəri Ermənistanın Rusiyaya laxlamış sadiqliyini sübuta çalışmasıdır. Nəzərə alsaq ki, təklif olunan yekun sülh müqaviləsinin hansı platformadan asılı olmayaraq Azərbaycanın şərtlərinin qəbul edilməsi fonunda, Paşinyan Azərbaycanla sülh müqaviləsinin Moskva variantına üstün tutduğunu dəfələrlə səsləndirməsi sülh müqaviləsini Moskva variantında imzalanacağı ehtimalını çox artırır. Azərbaycan Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasında açıq görsənən ABŞ – Rusiya rəqabəti əslində Cənubi Qafqaz uğrunda siyasi-diplomatik müharibədir. Maraqlısı da odur ki, ABŞ və Rusiya arasında Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması uğrunda rəqabəti Azərbaycanın siyasi-diplomatik və hərbi imkanlarını genişləndirir, Azərbaycanın öz maraqlarında daha israrlı və qətiyətli olmasına əlverişli şərait yaradır: “Sözsüz ki, ən geci sülh müqaviləsi imzalandıqdan sonra Rusiya Ermənistanda nəhayət ki, hakimiyyət dəyişikliyi edə biləcək və yeni rusiyapərəst liderin hakimiyətə gəlməsi, hökümətin formalaşması baş tutacaq. Ermənistanın Azərbaycanla sərhəddində rus sərhədçilərin yerləşdirilməsi də zaman məsələsidir. Maraqlı gözləntilərdən biri də odur ki, Türkiyədə prezident seçkilərində Cənab Ərdoğanın təkrar seçilməsindən sonra Rusiyanın Ermənistana təsiri artacaq, mövqeyi güclənəcək. Bəli, Rusiyada Ukrayna müharibəsi ilə əlaqıdar hakimiyyət dəyişikliyi ola bilər, ancaq Rusiyanın ümümi şovinist, imperialist mahiyyəti siyasi quruluşundan asılı olmayaraq dəyişən deyil. Mübahisəsiz məlumdur ki, Rusiyanın zərərsizləşdirilməsi onun liderinin əvəzlənməsində, yaxud siyasi quruluşunun dəyişdirilməsində deyil, onun parçalanmasındadır. Ancaq o da məlumdur ki, Rusiya sonda özünün məhvini hiss edərsə dünyanı məhv etməyə hazır olan düşüncəyə malikdir. Rusiya ilə bağlı Qərbin praktik planlarının qəti icrasını əngəlləyən məhz bu qənaətdir. Nəhayət ki, sonda Ermənistanın da, Azərbaycanın da yekun sülh müqaviləsini Moskva platformasında imzalamağı ehtimalı çox yüksəkdir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.