Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovla bağlı mövzular gündəmdən çıxsa da, baş verən bu və digər hadisələrdə onun və ailəsinin adı yenidən hallanır. May ayının 16-sı Naxçıvan Ali Məclisinin sessiyası keçirilib və bu sessiyada V.Talıbovun oğlu Seymur Talıbov da iştirak edib. S.Talıbovun Ali Məclisin binasına gedərkən avtomobildən düşüb yeriməsini əks etdirən video sosial şəbəkələrdə, o cümlədən mediada ciddi müzakirə olunur. Mövzunun aktuallaşdığını nəzərə alaraq həm bu, həm də Naxçıvandakı proseslərlə bağlı “TNS” İnformasiya Agentliyinin direktoru Tural Səfərovun fikirlərini öyrəndik.

araz.az    Globalinfo.az-a istinadən  bildirir ki,  T.Səfərov deyib ki, Ali Məclis sədrinin birinci müavini və aparat rəhbəri vəzifədən kənarlaşdırılmasa Naxçıvanda aparılan islahatların ciddi effekti olmayacaq.

Onun sözlərinə görə, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefasından sonra muxtar respublikada ciddi struktur və kadr islahatlarına start verilib:

“Vasif Talıbov Naxçıvanın təkcə iqtisadiyyatını, mədəniyyətini, tarixi abidələrini məhv etməyib, həm də kadr potensialını sıradan çıxarıb. Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin işi bu mənada asan deyil. Mərhələli şəkildə Vasif Talıbovun sabotajçı komandasındakı məmurlar dəyişdirilir, onların yerinə yeni kadrlar təyin olunur. Son 4 ay ərzində Naxçıvanda 7 nazir, 3 komitə sədri, bir icra başçısı, bir neçə xidmət rəisi vəzifəsindən azad edilib. Amma insanların daha çox narazı olduğu kadrlar – Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov, Ali Məclis aparatının rəhbəri Ülvi Hüseynli hələ də iş başındadırlar. Onlar Vasif Talıbovun ən çox etibar etdiyi məmurlar idi. Azər Zeynalov Vasif Talıbovun qara kassası, pulyığanı idi. Naxçıvanda korrupsiya əməliyyatının başında Azər Zeynalov dayanmışdı. Ülvi Hüseynli isə Vasif Talıbovu “müdrik lider” səviyyəsinə qaldıraraq onu ölkə başçısı ilə eyni səviyyədə tutur, dövlət rəhbərliyinə qarşı açıq hörmətsizlik nümayiş etdirirdi.

V.Talıbov istefa verməmişdən əvvəl Naxçıvanın problemlərini ictimailəşdirən jurnalistlər məhz Ülvi Hüseynlinin təşkilatçılığı ilə sosial şəbəkələrdə feyk profillər vasitəsilə linç edilir, təhqir olunurdu. Aparat rəhbəri muxtar respublikada elm, təhsil, mədəniyyət və media sahələrində ciddi problemlər yaradıb. Onun ixtisası da Ali Məclisin aparat rəhbəri vəzifəsini daşımağa uyğun deyil. Naxçıvan Ali Məclisinin aparat rəhbəri jurnalist yox, hüquqşünas olmalıdır. Etibarlı mənbədən aldığım məlumata görə, yaxın vaxtlarda bu məmurlar vəzifələrindən kənarlaşdırılacaq. Əgər bu iki məmur vəzifəsindən kənarlaşdırılıb cəzalandırılmasa, Naxçıvanda aparılan islahatların ciddi effekti olmayacaq”.

Tural Səfərov

T.Səfərovun sözlərinə görə, yeni təyin olunan kadrların onlara tapşırılan vəzifələrin öhdəsindən necə gələcəyini zaman göstərəcək:

“Əhali aparılan kadr islahatlarından tam məmnun olmasa da, ciddi narazılıq da yoxdur. Naxçıvanda kadr islahatları ilə yanaşı, ciddi struktur islahatları da aparılır. Vasif Talıbov Naxçıvanı fərqli formada, öz bildiyi kimi idarə edirdi. Muxtar respublikada elə dövlət orqanları var idi ki, belə qurumlar Azərbaycanda fəaliyyət göstərmir. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvanda yerləşən adekvat qurumları isə 4-5 parçaya bölünmüş vəziyyətdədir. Bütün bu problemlərin aradan qaldırılması üçün ciddi işlər görülür.

Bu yaxınlarda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin srtukturu genişləndirildi, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İqtisadiyyat Nazirliyinin strukturuna daxil edildi.

Xatırladım ki, ölkəmizdə bu struktur islahatı bir neçə il bundan əvvəl həyata keçirilib. Muxtar respublikanın nəqliyyat və rabitə qurumları da eyni vəziyyətdədir. Yaxın vaxtlarda bu sahələrdə də struktur islahatlarının aparılacağı gözlənilir”.

Tural Səfərov Vasif Talıbovun istefasından sonra Ali Məclisin sessiyalarına qatılmayan Seymur Talıbovun bu günlərdə keçirilən sessiyaya necə qatıldığına da aydınlıq gətirib:

“Bu günlərdə VI çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 10-cu sessiyası keçirilib. Sessiyada Ali Məclisin sabiq sədri Vasif Talıbovun oğlu, 25 saylı Naxçıvan Şəhər Seçki Dairəsindən deputat seçilmiş Seymur Talıbov da iştirak edib. Atasının muxtar respublikanın rəhbəri olduğu dövrdən fərqli olaraq, bu dəfə Seymur Talıbovu ön sırada deyil, arxada oturdublar. Yəni kiçik Talıbova öz yerini göstəriblər. Halbuki Vasif Talıbovun Naxçıvana rəhbərliyi dövründə Seymur Talıbov sessiyalarda həmişə ön sırada oturdulur, Ali Məclisdə ona böyük hörmət və ehtiramla yanaşılırdı”.

Tural Səfərov deyib ki, Ali Məclisə bahalı avtomobildə gələn, maşından düşərkən yerə-göyə sığmayan kiçik Talıbovun binanın qarşısında dayanan deputatlar heç salamını da almayıblar.

“Vasif Talıbovun istefasından sonra keçirilən sessiyada Seymur Talıbov iştirak etməmişdi. Bu da mediada və sosial şəbəkələrdə ciddi tənqid olunmuşdu. Görünür, Seymur Talıbova başa salıblar ki, ya sessiyalarda iştirak etməli, ya da deputat mandatı ilə vidalaşmalıdır. Ancaq Ali Məclisin deputatı olmasına baxmayaraq, Vasif Talıbov bu sessiyaya da qatılmayıb”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.