Gəncə Dövlət Universitetinin əməkdaşları dövlət rəhbərindən kömək istəyirlər — ŞİKAYƏT MƏKTUBU
Gəncə Dövlət Universitetinin əməkdaşları, ölkənin bir sıra mətbuat orqanları vasitəsi ilə, ölkə başçısına şikayət xarakterli açıq məktubla müraciət ediblər. Surəti araz.az xəbər portalının redaksiyasına da ünvanlanan həmin şikayət məktubunu, olduğu kimi təqdim edirik:
“Çox hörmətli möhtərəm Prezident!
Gəncə Dövlət Universiteti rektorunun sabiq katibəsi, hal-hazırda isə, Psixologiya kafedrasının müəllimi olan Həmidə İsgəndər qızı Qasımova 27.05.2022-ci il tarixində 5804.01 – “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” şifri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün, “Yuxarı sinif şagirdlərində təşkilatçılıq qabiliyyətlərinin formalaşdırılması üzrə işin sistemi” mövzusunda dissertasiya işi müdafiə edib. Dissertasiya işini yazmaq üçünsə vaxt lazımdır, adətən bu işlə məşğul olan adamlara elmi yaradıcılq məzuniyyəti verilir. Həmidə Qasımova isə, bunu edəndə həm tələbələrə dərs keçib, həm də rektorluğun katibəsi işləyib. Maraqlıdır, ona heç vaxt yaradıcılıq məzuniyyəti verilməyibsə, onda, onun elmi tədqiqat işini nə vaxt, necə və harada aparması ciddi suallar doğurur.
Məlumunuz edirik ki, bu dissertasiya işini rüşvət müqabilində onun elmi rəhbəri, pedaqoji elmlər doktoru, professor Akif Abbasov yazıb. Ümumiyyətlə, bu Akif Abbasov Rusiyadan və digər MDB ölkələrindən müdafiə olunmuş dissertasiya işlərini gətirib, azərbaycan dilinə tərcümə edərək, 15-20 min arası ona-buna satır, nəticədə isə, bir ərizə forması yaza bilməyən azərbaycanlı alimlərin sayı “göbələk kimi artır” — Həmidə Qasımova da belələrindəndir!
Danılması mümkünsüz bir həqiqətdir ki, Həmidə Qasımova pedaqogika elmindən tam xəbərsiz, pedaqogikanın ilk anlayışlarının və ixtisasının adlarını belə bilməyən, hətta əxlaqı belə universitetdə müzakirə mövzusu olan, adı rüşvət məsələlərində hallanan, xəlvəti olaraq, müxtəlif xarici ölkələrin universitetlərinə rüşvət müqabilində ingilis dilini belə bilməyən 2-ci kursdan oxumaq üçün tələbə göndərməklə məşğul olan bir adamdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Naxçıvan Müəllimlər İnstitutunun nəzdində fəaliyyət göstərən FD 2.40 Dissertasiya Şurasında müdafiə edərkən də, Vasif Talıbovun oğlunun köməkliyi sayəsində, pedaqogika sözünün mənasını bilməsə belə, müdafiə edərək, pedaqogika üzrə alim olub…
Vasif Talıbovun işləri “düyünə düşdüyündən”, Ali Attestasiya Komissiyasında işini təsdiq etdirmək üçün, Həmidə Qasımovaya kömək edə bilməyib, nəticədə, AAK onun işini geri qaytarıb. Bundan sonra, Ali Attestasiya Komissiyasında dissertasiyanı pulu ilə yazdırıb, işindən xəbəri olmayan adam AAK-da Ekspert Komissiyasına 10 min manat rüşvət verərək, oradan müsbət rəy ala bilib. Maraqlıdır, belə bir savadsız şəxsə necə müsbət rəy verib, alim diplomu vermək olar?!. Dissertasiyasındakı uzun və çoxhecalı sözləri belə tələffüz edə bilməyən, pedaqogika sözünün mənasını belə bilib, anlamayan belə adama pedaqogika üzrə necə alim adı verilir?!
Bütün bunlar Ali Attestasiya Komissiyasında bəzi şəxslərin korrupsiyaya bulaşdığını açıq-aydın göstərir; Budurmu AAK-ın obyektivliyi?! Axı, AAK-ın sədri Famil Mustafayev bu rüşvətxorluğun qarşısını nə vaxt alacaq?!
Bu adam bizim işlədiyimiz kafedranın adını belə hörmətdən salır. Hər yerdə deyirlər ki, özünün psixoloji problemləri olan, pedaqogikanı bilməsə də ixtisası pedaqogika olan bir adam psixologiya üzrə ali məktəb tələbələrinə dərs keçir. Ümumiyyətlə, Həmidə Qasımovanın GDU-nun
Psixologiya kafedrasında müəllim işləməsi bu kafedranın görkəmli alimlərinə təhqirdir!
Çox hörmətli möhtərəm Prezident!
Bu biabırçılığın qarşısının alınmasını Sizdən dönə-dönə xahiş edir, edəcəyiniz kömək üçün, Sizə, qabaqcadan öz dərin minnətdarlığımızı çatdırırıq!
Dərin hörmətlə,
Gəncə Dövlət Universitetinin
Psixologiya kafedrasının bir qrup əməkdaşı”.
Sonda onu da qeyd etmək istəyirik ki, hamı üçün təəssüfləndirici olduğundan, araz.az-ın əməkdaşları olaraq, bu mövzunu axıradək diqqətimizdə saxlayacağıq!
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.