Mən daş da daşıya bilərəm. Amma niyə onu edim? Axı mən aktyor kimi cəmiyyətə daha çox fayda verə bilərəm.
araz.az bildirir ki, bu sözləri Tribunainfo.az-a açıqlamasında aktyor Mahir Mirişli sənəti, bu sənətə verilən qiymət və nəvacib problemindən danışarkən deyib. Aktyor qeyd edib ki, bu gün dublyaj sahəsində ciddi problemlər var:
“Mən teatr, kino və dublyaj aktyoruyam. Hazırda özəl və dövlət televiziyasında efirə gedən əcnəbi bədii filmlərin və serialların dubylajında iştirak edirəm. Heç bir teatrda çalışmıram. Vaxtilə Şuşa Dövlət Musiqili Dram Teatrında çalışmışam. Sonralar müstəqil teatrlarda da fəaliyyət göstərmişəm. Müxtəlif filmlərdə yaddaqalan rollar ifa etmişəm. Məsələ budur ki, mən o vaxt teatrdan dolana bilmədiyim üçün getdim. Həmin vaxt 125 manat aktyor maaşı alır, təkcə evin kirayəsinə 200 manat verirdim. Ona görə də dublyaj üçün bütün gün ora-bura qaçırdım. Vəziyyəti belə görən teatr rəhbərliyi də, iki yoldan birini seçməli olduğumu dedi. Mən də dublyajı seçdim. İyirmi ilə yaxındır ki, dublyaj sahəsindəyəm. Lakin bu gün heç bir dövlət qurumu belə bir sahənin varlığı ilə maraqlanmır. Heç bir təltifdə dublyaj aktyorunun adını görmürük”.
Aktyor qeyd edib ki, teatrlar yaşını bəhanə gətirərək onu işə qəbul etmək istəmir:
“Bu gün mən ən flaqman teatrlarımızda özüm potensialda bir aktyor görmürəm, amma heç bir teatrın qapısına məni yaxın buraxmırlar. Teatr rəhbərliyi orda bir imperiya yaradıb və mümkün deyil onların qəbuluna düşüb demək ki, mən aktyoram, mənə şans verin, bir tamaşada bir-iki ay pulsuz-parasız gəlim oynayım. Öz potensialıma əminəm. Mən rol ifa edib, onlar gəlib baxsınlar və görsünlər ki, kimi qıraqda qoymusunuz. Artıq 45 yaşım var, qocalığa gedirəm. Hansı teatrın qapısını döysəm, deyirlər ki, yaşım çoxdur. Halbuki mən yaşda teatrda işləməyə başlayanlar var. Bəs onlar necə qəbul olublar? Bu sahədə işə girmək üçün heç kimə bir manat da vermək fikrim yoxdur. Teatrlarda rəhbərlik dəyişir, ancaq yeni gələnlər də köhnələrdən heç nə ilə fərqlənmirlər. Son dövrlərdə hər hansı hadisə olacaq bir tamaşa yoxdur.
Hazırda başqa sahələrdə işləməyi düşünürəm. Məsələn, taksi sürücüsü kimi. Çünki illərimi qoyduğum dublyaj sahəsində də heç bir perspektiv yoxdur. Halbuki mən teatrda işləmək istəyirəm, teatr adamları teatrdan kənarda yaşaya bilmirlər. Mən də o qəbildənəm, teatrdan uzaq nəfəs ala bilmirəm. Ona görə müraciət edirəm ki, bəlkə səsim kimlərəsə çatdı”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.