Fransa çempionu “Paris Saint-Germain”dən ayrılan argentinalı ulduz Lionel Messinin futbolçu karyerası ilə bağlı qeyri-müəyyənlik davam edir. Fransa klubu ilə müqaviləsi başa çatan son dünya çempionunun yeni klubunun adı hələlik bəlli deyil. 

Yenisabah.az xəbər verir ki, Leo Messinin növbəti mövsümdə dünyaca məşhur olan 3 klubda top qovması gözlənilir. Argentinalının oynamaq istədiyi komandaların başında isə İspaniya təmsilçisi “Barcelona” gəlir. Messinin yenidən “yuva”ya qayıtmaq arzusunda olduğu da deyilir.

Məlumatlara görə, argentinalı futbol sehrbazı keçmiş komandasına maliyyə problemlərini həll etmək üçün 10 gün vaxt verib.

Buna baxmayaraq, Messi Kataloniya klubu ilə anlaşa bilməyəcəyi təqdirdə, karyerasını Səudiyyə Ərəbistanının “Al-Hilal” komandasında davam etdirə bilər. Ərəb klubunun ulduz futbolçuya 400 milyon avro maaş təklif etdiyi bildirilir.

Türkiyə mətbuatı isə ötən gün şok iddia ilə çıxış edib. Qardaş ölkə KİV-lərinin yazdığına görə Messi yaxın 1 ay ərzində “Galatasaray”a keçə bilər. Klub rəhbərliyi ilə Messinin agenti arasında danışıqların başlandığı qeyd edilir. Messinin gələn il “Galatasaray”ın heyətində UEFA Çempionlar Liqasında çıxış etməyə soyuq yanaşmadığı vurğulanır.

Rafi MÜSLÜMOV 

araz.az xəbər portalı.