Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı ilə, 8 — 13 iyun tarixlərində Gənclər paytaxtı Mingəçevirdə respublikanın 18 regionundan olan 100 gəncin iştirakı ilə, “Gənclərin Sosial Şəbəkə Akademiyası” keçirilib.
Bu barədə, adını çəkdiyimiz İctimai Birlikdən araz.az-a daxil olan məlumatda deyilir ki, Akademiyanın məqsədi gənclərin sosial şəbəkə və media sahələrində savadlılığın artırmaq, peşəkar təlimçilər tərəfindən onları maraqlandıran suallara cavab tapmaq və sosial media platformaları üzrə bilik və bacarığa yiyələndirməkdir.
Gənclər düşərgəsi çərçivəsində iştirakçıların Gənclər və idman naziri Fərid Qayıbov ilə görüşü, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov ilə görüşü, “Kibertəhlükəsizlik”, “Şəxsi brendinq”, “Hesablarının idarə edilməsi”, “Sosial Media Marketinqi (SMM)”, “Kreativ düşüncə”, “LinkedIn” platforması, “Twitter” platforması, “TikTok” platforması, “Hədəf auditoriyasının düzgün seçilməsi” mövzusunda təlimlər, sosial şəbəkələrdə olan məşhur simalar ilə müzakirələr baş tutub.
Akademiyanın məqsədi gənclərin sosial şəbəkələr barədə məlumatlılığını artırmaq, təşəbbüslərini reallaşdırmasına və informasiya mübarizəsində fəal iştirakına şərait yaratmaqdır. Məlumatın sonunda qeyd edilir ki, bu Akademiya vasitəsi ilə, gənclərin sosial mühitdə fərqlilik yaratması, təsir yaradan kampaniyalarla diqqət çəkilməsi üçün gəncliyin enerjisi və peşəkarların təcrübəsindən faydalanaraq davamlı fəaliyyətin qurulması planlaşdırıldı.
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.