Məlum olduğu kimi, ötən əsrin əvvəllərində Azərbaycan silahlı qüvvələrinin formalaşması prosesinə başlanır və müsəlman şərqində ilk dövlət olaraq öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin qərarı ilə, 26 iyun 1918-ci ildə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılır.
1920-ci ildə qırmızı bolşevik işğalından sonra isə, formalaşmasına qərar verilmiş ordu quruculuğu prosesi dayandırılır.Elə ki, 1969-cu ildə ulu öndər Heydər Əliyev hakimiyyət sükanı arxasına keçir, o halda bu tarixi şəxsiyyətin müstəsna xidmətləri sayəsində Azərbaycanda hərbi kadrların hazırlanması istiqamətində ciddi addımlar atılır. Yəni, çox keçmir ki, Ulu Öndərin verdiyi tapşırıq əsasında Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradılır və bu liseyin fəaliyyəti ölkəmizdə gənclərin hərb sənətinə olan marağının artmasına səbəb olur. Faktdır ki, Azərbaycan Respublikası ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra, Cəmşid Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğu prosesində çox böyük rol oynayır. Qeyd edək ki, 1993-cü ildə Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da, ordu quruculuğu prosesinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılır. Elə ki, 12 may 1994-cü ildə Qarabağ müharibəsi ilə bağlı atəşkəs haqqında müqavilə imzalanır, məhz həmin vaxtlardan başlayaraq Azərbaycan Milli Ordusunun formalaşması istiqamətində bir çox işlər görülür. Çox keçmir ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu daxili siyasət nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təminatı yaxşılaşdırılır, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması, döyüş ruhunun yüksəldilməsi və s. yöndə mühüm işlər görülür.
Onu da bildirək ki, 18 sentyabr 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman əsasında, Azərbaycan ordusunun yaradılması haqqında Ali Sovetin qərar verdiyi tarix, yəni 09 oktyabr Silahlı Qüvvələr günü elan olunur. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən isə, həmin fərman qüvvədən düşür və Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunur. Artıq həmin vaxtdan 26 iyun rəsmi dövlət bayramı günü olaraq qeyd olunur. Ümumiyyətlə, bu günə kimi ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı bir çox qanunlar qəbul olunmuşdur. Bundan əlavə, ümummilli lider Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi və modernləşdirilməsi məqsədi ilə, 20 yanvar 1999-cu ildə Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalayır. 20 avqust 2001-ci il tarixli Fərman ilə Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılır. Bir sözlə, son 30 il ərzində Azərbaycan Silahlı Qüvvələri daha da təkmilləşmiş və ölkəmizin ərazilərini tam şəkildə müdafiə edə biləcək bir orduya çevrilmişdir. Bəli, bu gün də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində uğurlu addımlar atılır və lazımi nəticələr də əldə olunur. Belə bir səbəbdəndir ki, hal-hazırda Azərbaycan Ordusu Cənubi Qafqaz regionunda yerləşən ölkələrin orduları sırasında ən güclü ordu hesab olunur.
Faktdır ki, Ordumuz öz gücünü 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında göstərdi və yağı düşmən qüvvələrini dədə-baba torpaqlarımızdan təmizlədi. Bəli, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında uğurlu əks-hücum əməliyyatları həyata keçirib, mənfur qonşumuz olan Ermənistanın işğal altında saxladığı torpaqları düşmən tapdağından azad etdi. Unutmaq olmaz ki, möhtərəm Prezidentimiz dəfələrlə qeyd etmişdi ki, “Əgər işğalçılar Azərbaycan torpaqlarını tərk etməsələr, “dəmir yumruq” onların başını əzəcək”. Həqiqətən də möhtərəm Prezidentin söylədiyi fikirlər öz təsdiqini tapdı. 44 gün ərzində şanlı Azərbaycan Ordusu işğalçıları döyüş meydanında layiqincə cəzalandırdı. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq Vətən müharibəsi dövründə 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi və düşməni tam məğlubiyyətə düçar etdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında XXI əsrin müharibəsini aparmaqla ortaya mütərəqqi nümunə qoydu və heç də təsadüfi deyil ki, hal-hazırda dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində ordumuzun döyüş təcrübəsi geniş tədqiq olunmaqdadır. Söz yox ki, bu Cənubi Qafqazın lider dövlətinin hansı hərbi-siyasi qüdrətə malik olduğunu sübut etmiş oldu. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bizim müharibəmiz – İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik”. Artıq xalqımız müzəffər ordumuzla, Azərbaycan Silahlı Qüvvələrinin Ali baş Komandanı möhtərəm prezidentimiz İlham Əliyev cənablarının qürurlu adı ilə fəxr edir. Faktdır ki, dünyanın hərb sənətinə şərəfli imzasını atmış Silahlı Qüvvələrimizin yaranma tarixi, məhz bütün ömrünü xalqının xoşbəxt gələcəyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş dahi tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin gücünün beynəlxalq ictimaiyyət tərəfindən etiraf olunması olduqca qürurverici haldır. Yəni, II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası, dünya hərb tarixində yenilik hesab olunur. Hal-hazırda Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır və bu da ötən illər ərzində ölkəmizin hərbi sahəsində həyata keçirilən islahatlar nəticəsində əldə olunmuşdur. Qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Silahlı Qüvvələri yenilməz ordudur, xalqımız isə qalib xalqdır. Bəli, bu çox böyük nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər heç bir hadisə olmamışdır. Biz 44 günlük Vətən müharibəsində bütün gücümüzü səfərbər etdik və düşmənə sarsıdıcı zərbələr endirməklə onu məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.
Onu da qeyd edək ki, 10 may 2023-cü il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Belə bir səbəbdən də, Prezident İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalamışdı. Ölkə rəhbəri 28 noyabr 2022-ci il tarixdə isə, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı Tədbirlər Planını da təsdiq etmişdi. Tədbirlər Planına uyğun olaraq 2023-cü il ərzində Azərbaycan Silahlı Qüvvələrinə aid hərbi hissələrdə bu gün də silsilə tədbirlər keçirilir və Ulu Öndərin əziz xatirəsi yad olunur. Keçirilən tədbirlərdə Azərbaycan xalqının Ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə oynadığı roldan, bənzərsiz şəxsiyyət olmasından, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişaf etdirilməsinə həsr etməsindən, bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətlərindən, Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulmasında, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranmasında, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanmasında, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsində, ilk Milli Konstitusiyamızın qəbul edilməsində, vətəndaş cəmiyyətinin formalaşmasında və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həllində Heydər Əliyevin oynadığı rolun əhəmiyyətindən bəhs olunur.
Suella ŞƏRİFZADƏ
Səbail rayon Qeydiyyat şöbəsinin rəisi
araz.az xəbər portalı.