Məlum olduğu kimi, iyulun 8 və 9-da ali məktəblərin III və II qruplara qəbul imtahanı keçirilib. Həmin günlərdə isə Bakıda havanın temperaturu 40-41 dərəcə olub. Sinif otaqlarındakı sıxlıq və sərinləşdirici qurğuların olmaması abituriyentlər üçün ciddi problemlər yaradıb. Hətta bu üzdən imtahanı vaxtından əvvəl tərk edənlər də olub.
Ali məktəblərə qəbul imtahanının ikinci cəhdinin iyul ayının 22 – 23-də keçiriləcəyini nəzər alsaq, vəziyyətin daha da çətin olacağını söyləmək mümkündür.
Qeyd edək ki, imtahanların havanın temperaturunun normadan artıq olduğu bir dövrdə keçirilməsi DİM-i yenidən tənqid hədəfinə çevirib. Abituriyentlər və onların valideynləri hesab edirlər ki, DİM və bu qurumun rəhbəri Məleykə Abbaszadə qəbul imtahanlarının vaxtını müəyyənləşdirərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Şöbəsi ilə məsləhətləşməlidir. Hətta ali məktəblərə qəbul imtahanlarının iyul ayında keçirilməsini lüzumsuz hesab edənlər də var. Əksəriyyət düşünür ki, əgər ölkədə buraxılış imtahanları mart ayında keçirilirsə, qəbul imtahanlarının da aprel-may aylarında keçirilməsi daha düzgündür.
araz.az yenisabah.az-a istinadən xəbər verir ki, açıqlamasında tanınmış təhsil eksperti, professor Şahlar Əsgərov bu tendensiyanı mənfi adlandırıb:
“Bəyənmədiyimiz sovetin dövründə avqustun 1-də başlayan qəbul imtahanları 20 gün davam edirdi. Avqustun axırında hər kəs bilirdi ki, kim ali məktəblərə qəbul olub, kim yox. Yəni bəyənmədiyimiz SSRİ bunu edirdi, amma hazırda bəyəndiyimiz, qurduğumuz ölkəmiz bütün ilboyu qəbul aparır. Bunu heç başa düşmürəm. Ona görə də heç bir cavab verə bilməyəcəm.
Niyə belə edirlər, anlamıram? Məqsəd nədir? Uşaqları istidə qırmaq? Yoxsa nə? Bir deyin görüm, bu milləti oxutmaq lazımdır, yoxsa yox? Bu millətə bilik vermək lazımdır, yoxsa yox? Onlar hansı məqsədi güdürlər, bilmirəm. Mən 30 ildir eyni sözü deyirəm. Əgər bir sözün qədir-qiyməti yoxdursa, daha nə deyim?!”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə məsələyə loyal yanaşıb. O söyləyib ki, qəbul imtahanların iyul ayında keçirilməsində xüsusi bir məqsəd yoxdur:
“Sadəcə olaraq, dərs ili orta məktəblərdə may ayında başa çatır deyə, imtahanlar da may ayından sonraya salınır. Əgər imtahanlar maya salırsa, onda dərslər apreldə bitməlidir.
Məsələn, hazırda Avropa dərslər davam edir. İngiltərədə ayın 20-də orta məktəblərdə dərslər dayanacaq. Yəni hər ölkədə bir cür rejim müəyyən olunub. O baxımdan, düşünürəm ki, burada ciddi bir şey yoxdur. Doğrudur, hava istidir, imtahanları yayda keçirməsələr, onda orta məktəb proqramları sıxışdırılmalıdır. Bu da uşaqlara əlavə yükdür. Məncə, imtahanların yayda keçşirilməsinin elə bir problemi yoxdur”.
“Valideynlərin tənqidlərinə gəldikdə, onların bunu tənqid etməsini anlamıram. Axı burada qeyri-peşəkar adamların yox, pedaqoqların, psixoloqların, elm adamlarının fikirlərini öyrənmək lazımdır. Onlar daha yaxşı bilirlər ki, mənimsəmə, iqlimin insana təsiri nə ilə bağlıdır və s. Valideyn öz rahatlığı və ya uşağı işlətmək üçün deyə bilər ki, imtahanlar yayda olmasın. Amma bir çox Avropa ölkələrində iyul, hətta avqustda təhsil olur. Ona görə də bunu universal qayda kimi qəbul etmək səhvdir”, – müshaibimiz fikirlərini tamamlayıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.