Əli Orucov: “İranın anklavlar məsələsində bu cür pozucu mövqe sərgiləməsi tamamilə real görünür”

Erməni mediasında diqqəti çəkən məlumat yayılıb. Qeyd olunur ki, məhz İran anklavları Bakıya qaytarmağa imkan vermir.

Bunu onunla əsaslandırırlar ki, Ermənistanın əsas magistral yolları anklavlardan keçir: “Azərbaycanın ərazi bütövlüyü həm də anklavlar deməkdir: iki belə anklav bizim iki beynəlxalq magistral yolumuzun üzərində yerləşir. Ermənistanın müstəqilliyinin ilk günlərində Kərki ələ keçirildi. Bunun sayəsində bizim Sünik və Qarabağa yolumuz açıldı. Həmin yolla hərbi texnikaların daşınması həyata keçirilib. Bir anlıq təsəvvür etsək ki, Kərki artıq Azərbaycan magistralıdır, o zaman İranın Avropaya yük daşımağa ümid etdiyi marşrutu olmayacaq. İran indi 250 milyard dollarlıq ticarət həcmindən danışır. Bu, orta hesabla bir milyon konteynerdir. Tatev yolu ilə bu hara getməlidir? Ona görə də İran anklavların Azərbaycana verilməsində böyük problem görür. İranlıların fikrincə, hüquqi qərarlar olsa belə, ərazilərinizin bəzi hissələrini Azərbaycana verməməliyik”.

“Azərbaycanın tranzit önəmini azaltmaq xatirinə Tehran buna çox çalışır”

araz.az bildirir ki, bu məsələ ilə bağlı “Bakı-Xəbər”ə AMİP funksioneri Əli Orucov açıqlama verib. O, bildirib ki, İranın anklavlar məsələsində bu cür pozucu mövqe sərgiləməsi tamamilə real görünür: “Kərki Azərbaycanın Ermənistan ərazisindəki eksklavlarından (bir dövlətin başqa bir dövlət tərəfindən onunla əlaqəsi kəsilmiş torpağı) biridir. Yəni Kərki Azərbaycan üçün eksklav, Ermənistan üçün isə anklavdır. Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən magistral yol keçir ki, bu da Kərkini strateji yaşayış məntəqəsi kimi qiymətləndirməyə əsas verir. Yəni Kərki kəndi Ermənistanın qərb bölgələrinin İrəvan ilə əlaqəsini təmin edən magistral yol üzərində yerləşir. O cümlədən, Qazaxın işğal altında olan bir neçə kəndi də Ermənistanı Gürcüstanla birləşdirən yolun sağında və solunda yerləşir. Ona görə də İran heç cür maraqlı deyil ki, anklav kəndlər geri qaytarılsın. İran Zəngəzur dəhlizinin açılmasına açıq şəkildə müqavimət göstərirsə, anklavlar məsələsində gizli formada Ermənisyanı dəstəkləyir. Ermənistanın müharibədən sonrakı dönəmdə danışıqları uzatması, hər vasitə ilə Qazaxın 7, Naxçıvanın Kərki kəndinin qaytarmaqdan yayınması həm də İran faktoru ilə bağlıdır. Çünki İran istəmir ki, həmin kəndlər Azərbaycana qaytarılsın. Baxın, molla rejimi uzun illərdir “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu seqmentinin qurulmasını yubadır. Söhbət ondan gedir ki, Rəşt-Astara dəmir yolu hazır olandan sonra Azərbaycanın tranzit ölkə olaraq önəmi birə-beş artacaq. İran da bunu istəmir. Sadəcə, Rusiyanın öz maraqlarından çıxış edərək təkidli tələblərindən sonra bu yöndə işlər sürətləndirildi. Bu həmin İrandır ki, İran-Ermənistan-Gürcüstan avtomagistralının çəkilməsi ilə bağlı min oyundan çıxır. Halbuki, sözügedən layihə bahalı və rentabelliyi sual altında olan bir layihədir. Ancaq Azərbaycanın tranzit önəmini azaltmaq xatirinə Tehran buna çox çalışır. Təbii ki, Kərki geri qaytarılandan sonra İrəvandan gələn magistral yol Azərbaycanın nəzarəti altında olacaq. İran da bunu qəbul etmək istəmir”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.