“Ermənilər bütün müstəvilərdə hay-küy qaldırmaqda davam edir. Amma görünən odur ki, bu hay-küy effektli deyil. Humanitar fəlakət haqqında deyilənlər fonunda ermənilərin özlərinin öz yollarını bağlaması yaranmış situasiyanın arxasında duran maraqlı qüvvələrin olduğunun bariz nümunəsidir”.

Bu fikirləri tanınmış jurnalist Asəf Quliyev bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Ağdam-Əsgəran yolunda qurulan maneə məsələnin mahiyyətinə aydınlıq gətirir:

“Aydın olur ki, məsələnin mahiyyəti humanitar yox, siyasidir. Bəs bu siyasi proseslər hansı qüvvənin maraqlarına xidmət edir?

Bu gün Qarabağda yaşayan erməni əhalisinə xaricdən təsir imkanlarını hər vasitə ilə işə salmağa çalışan əsas qüvvə Kreml və Paşinyan hökumətidir. Kremlin təsir imkanlarının iki əsas rıçaqı var. Sözsüz ki, bunun birincisi, regionda yerləşdirilmiş Rusiya hərbi kontingenti, ikincisi isə Ruben Vardanyandır. Paşinyanın Qarabağda yaşayan soydaşlarına təsir imkanlarının əsas fiquru isə Samvel Babayandır”.

A.Quliyevin sözlərinə görə, Qarabağ ermənilərinə Kremlin təsiri Paşinyandan daha çoxdur:

“Təsadüfi deyil ki, son günlər Rusiyanın təsir dairəsində olan qüvvələrin fəallaşması fonunda Samvel Babayan gözə dəymir. Halbuki bir müddət əvvəl Qarabağ ermənilərinin blokadası və humanitar böhran yaranması ilə bağlı mitinq keçirmişdi. Daha sonra isə Rusiyanın təsir agentləri mitinq keçirdi. Sözsüz ki, Rusiyanın təsir agentlərinin mitinqi daha çox insanı cəlb edə bildi. Burada əsas məqamlardan biri mövcud inzibati resursların işə salınması idi. Qarabağ ermənilərinin faktiki lideri Araik Arutunyan, Rusiyanın Qarabağa transfer etdiyi Ruben Vardanyanın mitinqdə iştirakı və bundan sonra kütləvi aksiyaların müxtəlif formada davam etdirilməsi inzibati resursların işə salınması ilə mümkün oldu. Bu isə o deməkdir ki, artıq Qarabağdakı inzibati resursların köməyi ilə Kreml Qarabağ ermənilərinə tam nəzarət mexanizminə malikdir”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.