Sədrəddin Soltan: “Iran hakimiyyətinin etnik qrup, dini azlıqlar kimi ermənilərə xüsusi hörməti var, bunun da səbəbi…”

İranın Tehrandakı Azad İslam Universitetində erməni dili və ədəbiyyatı bölməsi açılıb. Bu barədə universitetin yaydığı elanda bildirilib.

Qeyd edilir ki, Azad İslam Universiteti Mərkəzi Tehran filialı erməni dili və ədəbiyyatı ixtisası üzrə bakalavr pilləsinə qəbul imtahanı olmadan tələbə qəbul edir.

Maraqlıdır ki, İranda erməni dilinin tədrisinə şərait yaradılır, ancaq on milyonlarla azərbaycanlının ana dilində təhsilinə icazə verilmir. Məlumdur ki, İranda 35 milyona yaxın Azərbaycan türkü yaşayır. Buna baxmayaraq, heç bir təhsil ocağında türk dilində tədrisə icazə verilmir.

“İran universitetlərində erməni dili və ədəbiyyatı bölməsinin açılması o deməkdir ki, bu ölkə Ermənistana yaranmaq istəyir, ancaq…”

araz.az bildirir ki, mövzu ilə bağlı fikir bildirən Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Bakı-Xəbər”ə açıqlamasında, Iran hakimiyyətinin etnik qrup, dini azlıqlardan biri kimi, ermənilərə xüsusi hörməti olduğunu xüsusi vurğulayıb. Onu da qeyd edib ki, bunun da əsas səbəbi, farsların erməniləri özlərinə genetik qohum bilməsidir. Bundan başqa, onlar ermənilərin vasitəsi ilə, Azərbaycan və Türkiyəyə təzyiq göstərmək istəyirlər: “Beləliklə, iranlılar türk düşmənçiliyini onlarla birlikdə həyata keçirir. Bu baxımdan İrandakı hakimiyyətin ermənilərə xüsusi rəğbəti var. Xatırladım ki, bir neçə il əvvəl İranda erməni idman yarışları belə keçirilərdi. Bu yarışlarda İran rəsmiləri də iştirak edərdi. Məlumata görə, İran universitetlərində 100 minə yaxın erməni təhsil alır. İran universitetlərində erməni dili və ədəbiyyatı bölməsinin açılması o deməkdir ki, bu ölkə Ermənistana yaranmaq istəyir. Məlumdur ki, erməni lobbisi dünyada, o cümlədən Fransada və ABŞ-da çox güclü fəaliyyət göstərir”.

S.Soltanın sözlərinə görə, İranda Azərbaycan türkcəsi sıxışdırılır. Azərbaycan dilində məktəblər yox səviyyəsindədir, universitetlərdə də Azərbaycan türkcəsində fakültələr bağlanır. Bu kimi faktlar İran hakimiyyətinin Azərbaycana, onun dilinə, mədəniyyətinə münasibətinin hansı səviyyədə olduğunun göstəricisidir: “İran hakimiyyətinin Azərbaycan dilinə qarşı çıxması beynəlxalq cinayətdir. Iran hakimiyyəti bu addımı ilə öz yasasına hörmətsiklik edir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, İrandakı hakim siyasi ideologiya Azərbaycan türklərində olan adları, o cümlədən yer, coğrafi adları, hətta ana dilini belə təhrif edir, ya farslaşdırır, ya da qondarma ad qoyur. Türk dilini də azəri adlandırır. Elə İRNA Azəri adlanması da bu təhriflərin törəməsidir.

S.Soltanın sözlərinə görə, İran əhalisinin 40 faizdən çoxu azərbaycanlılar olduğu halda onların bütün hüquq və azadlıqları əllərindən alınıb: “İranda eynilə digər millətlərin nümayəndələrinə də, ermənilərdən dəfələrlə çox olmasına baxmayaraq, heç bir hüquq və azadlıqlar verilmir və daima onlar təzyiq altında saxlanılır. Ermənilərə isə xüsusi münasibət var. Tehranda və digər regionlarda erməni dilində məktəblər fəaliyyət göstərir, erməni dili tədris olunur, erməni kilsələrində sərbəst ibadətə şərait yaradılır”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.