Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın sayı barədə məlumatlar İran hakimiyyəti tərəfindən adətən gizli saxlanılır və açıqlanmır. Belə bir vaxtda İran hökumətinin rəsmi xəbər agentliyi olan İRNA-nın “Təbriz və Bakının ortaq yönləri dostluğun möhkəmlənməsi üçün əsasdır” başlığı ilə yayımladığı məqaləsində İran əhalisinin 40%-nin Azərbaycan türklərindən ibarət olduğunu bildirməsi xüsusi diqqət cəlb edir.
İran İslam Respublikasının rəsmi xəbər agentliyi dərc etdiyi məqalədə “İran və Azərbaycanda incəsənət”, “Adət və ənənələr”, “Etnik və dil” kimi başlıqlar altında İran ilə Azərbaycan arasında mədəni oxşarlıqları dəyərləndirib. Məqalənin İRNA-da dərc olunan “Etnik və Dil” bölməsində Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan vilayətlərində, Qum və Qəzvin vilayətlərinin böyük bir hissəsi, eləcə də Gilan və Fars vilayətlərinidə əhəmiyyətli türk əhalinin olduğu qeyd olunub: “İran çox-etnikli cəmiyyətdir və ən böyük etnik və irqi qrupu İran əhalisinin təxminən 40%-ni təşkil edən Azərbaycan türkləridir”. Bundan əvvəl İranın keçmiş xarici işlər naziri Əli Əkbər Salehi 2011-ci ilin yanvarında Türkiyəyə rəsmi səfəri zamanı bildirmişdi ki, İran xalqının 40%-i türk dilində danışır. Bu, artıq ikinci dəfədir ki, İslam Respublikasının rəsmi orqanlarında İranda türklərin əhalinin 40%-ni təşkil etdiyini qeyd edilir. Hazırda İran əhalisinin sayı 88 milyon nəfərdən ibarətdir və açıqlanan rəqəm nəzərə alındığı halda, İranda türklərin sayının 35 milyondan çox olduğu ehtimal edilir. İranda rəsmi şəxslər və xəbər agentlikləri ölkədəki türklərlə bağlı “Azəri” və ya “türkdilli” ifadələrindən istifadə edirlər. Nəşr olunan məqalədə “Azərbaycan türkləri” və “türklər” sözlərinin işlənməsi də diqqət cəlb edib. Ölkədə yaşayan etniklərin əhalisinin rəsmi statistikası açıqlanmadığına görə İran İslam Respublikasında etniklərin sayı barədə dəqiq və rəsmi məlumat yoxdur. Bununla bağlı yayımlanan bütün araşdırmalar təxminlərə əsaslanır. İranda insan haqları fəalları və etnik qrupları təmsil edən hüquq müdafiəçiləri ölkədə etnik qrupların insan haqlarının pozulduğunu və İran tərəfindən bu icmalara, o cümlədən türk, bəluc, ərəb və kürdlərə qarşı mədəni və siyasi ayrıseçkiliklərin həyata keçirildiyini bildirir. İran Azərbaycanındakı milli fəallar məktəblərdə ana dilində təhsilə qadağa qoyulması kimi ayrıseçkiliklə yanaşı, türklərə qarşı iqtisadi, mədəni və siyasi ayrıseçkilləri tənqid etdikləri üçün uzunmüddətli həbs və sürgün cəzaları ilə üzləşirlər. Bu hal dünyada, xüsusən də Azərbaycanda ciddi narazılıqla qarşılanıb. Amma indi görünən budur ki, İran həm Azərbaycanla, həm də ərazisində yaşayan soydaşlarımızla bağlı siyasətini dəyişir. Bugünə kimi İranda Cənubi Azərbaycanı əyalətlərə bölərək, tarixi yer adlarımızı dəyişdirərək, sosial-iqtisadi vəziyyəti ağırlaşdıraraq, türkdilli əhalini ana dilindən və milli haqlardan məhrum edərək milli-etnik vəziyyəti dözülməz həddə çatdırıblar. İndinin özündə də Güney Azərbaycanda bəzi ictimai fəallar və yerli siyasətçilər bölgənin inzibati ərazi quruluşunda dəyişikliklərin həyata keçirilməsindən narahat olduqlarını ifadə edirlər. Güneyli türk fəal və araşdırmaçı Musa Aşüftə deyir ki, İrandakı hökümətlər son yüzildə türklərin özlərini müştərək bir siyasi və coğrafi kimlik içərisində təqdim etmələrini əngəlləmək üçün Azərbaycanı fərqli vilayətlərə parçalayıblar: “Son iki ildə Qərbi Azərbaycanın güney bölümündə bir neçə bölgədə əcaib, ağla-məntiqə sığmayan və İran dövlətinin öz qayda və ənənələrinə də uyğun olmayan bir şəkildə yeni şəhristanlar yaranır. Rəsmi və qeyri-rəsmi məlumatlara baxanda bu dəyişikliklərin böyük bir planın parçası olduğunu və burada yeni bir ostanın yaradılaraq, onun Azərbaycanın tərkibindən çıxarılmasının planlaşdırıldığını görürük”. Həm Pəhləvilər, həm də İslam Respublikası dönəmində İran Azərbaycanının bir çox şəhəri, o cümlədən Qəzvin, Həmədan, Zəncan və Ərdəbilə ətraf bölgələri ilə birlikdə ostan, yəni vilayət statusu verilib. Vilayət olduqdan sonra “Azərbaycan” adı bunların üzərindən götürülüb: “Biz İranda Azərbaycandan söhbət edəndə iki Azərbaycandan danışa bilərik: biri tarixi Azərbaycan, yəni 100 il öncəyə doğru. Biri də, günümüzdəki hüquqi və rəsmi Azərbaycan. Son yüzilin siyasətləri və planlı inzibati bölgü dəyişiklikləri nəticəsində böyük və tarixi Azərbaycanda indi sadəcə iki ostan Azərbaycan adını daşıyır: Qərbi və Şərqi Azərbaycan. Son bir neçə onillikdə bu planın Qərbi Azərbaycanda da həyata keçirilmək istənildiyini görə bilirik”.
Musa Aşüftə hesab edir ki, İran dövlət anlayışında türklərin özlərini müştərək bir siyasi və coğrafi kimlik içərisində təqdim etməsi əngəlləmək istənilir: “İllərdir dövlətin, özəlliklə Qərbi Azərbaycan vilayətində bu niyyətini görürük. Dövlət Qərbi Azərbaycanın bir parçasını ayırıb ayrı bir ostan etmək və onu türk kimliyi çərçivəsindən, Azərbaycan çərçivəsindən çıxarmaq istəyir. Türk ictimaiyyətinin Təbrizdə, Urmiyədə, Ərdəbildə, Zəncanda, hər yerdə buna ciddi təpkisi və etirazı var. Bunlar hər zaman bu planı həyata keçirmək isəyiblər. İnsanlar da buna qarşı çıxıb. Bəzən millət vəkilləri belə səssizliklərini pozmağa məcbur olublar. Nəticədə dövlət bu plandan bir qədər geri oturub”. Bütün bunlar azərbaycanlıların etnik kimliyini zədələmək, milli birliyini pozmaq, onları tədricən əritmək, bu mümkün olmayanda isə tarixi yaddaşdan məhrum etmək məqsədi daşıyıb. Lakin indi İranda rəsmən etiraf edilir ki, bu gün sözügedən ölkədə yaşayan türkdilli, özünü azərbaycanlı sayan əhalinin sayı ən azı 35 milyon nəfərdir. Özü də İran onları məhz Azərbaycan türkləri adlandırır. Həmin şəxslərin Azərbaycanla etnik, mədəni və digər bağlılqalrı da təsdiqlənir. Bütün bunlar Azərbaycan türkləri ilə bağlı İran siyasətində artıq dəyişikliklərin olduğunu təsdiq edir.
Samirə SƏFƏROVA
araz.az xəbər portalı.