Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan Ermənistan 44 günlük müharibədə darmadağın edildikdən sonra da təxribatlarından əl çəklmir. Mütəmadi olaraq sərhəddə və Qarabağ ərazisində baş verən silahlı insidentlər yaradan düşmən ölkənin hər dəfə də başı əzilib.
Ciddi itkilərə baxmayaraq, öz əməllərindən əl çəkməyən Ermənistan indi də başqa üsuldan istifadə edir. Bu dəfə ermənilər dünyanın diqqətini humanitar böhrana yönəltmək istəyirlər. Guya bölgədə humanitar fəlakət tüğyan edir və Qarabağdakı ermənilər acından ölür. Haray-həşir salan ermənilərin Qərbdəki havadarları onlara siyasi dəstək nümayiş etdirərək bəzi platformalarda Azərbaycan əleyhinə bəyanatlar səsləndirirlər. İndi Laçın sərhəd-buraxılış məntəqəsinin qarşısına yük karvanı toplamaqla siyasi ajiotajı bir qədər də genişləndirən Ermənistan təklif olunan Bərdə-Ağdam-Xankəndi marşrutundan imtina etməklə bölgədəki böhranın humanitar deyil, siyasi olduğunu göstərir.
Dünyada bunu başa düşsələr də, erməni sevgisi onlara həqiqəti söyləməyə imkan vermir. Bu məsələdə daha çox fəallıq göstərən isə fransızlardır. Fransada dövlət səviyyəsində anti-Azərbaycan təbliğatının aparılması və bu ölkənin birmənalı şəkildə Ermənistanı dəstəkləməsini özləri də gizlətmir. Ermənistana hərbi-siyasi dəstəyini əsigəməyən Fransa bütün sahələrdə düşmən ölkənin tərəfindədir.
Qarabağda yaratdıqları süni humanitar fəlakət oyunu isə onların ssenarisinə uyğun oynanılır. Maşınların sərhəd-keçid məntəqəsinin qarşısına toplanması da onların düşüncəsinin məhsuludur. Hazırkı vəziyyət Azərbaycanı ittiham etmək üçün onların işinə tam yarayır. 30 il Azərbaycan əraziləri işğal altında qalanda bir dəfə insan haqlarının pozulmasını dilinə gətirməyən Qərb indi Qarabağda yaratdıqları süni ajiotajdan siyasi məqsədləri üçün istifadə etməyə çalışır. Naxçıvanın blokadasına göz yuman “demokratiya aşiqləri” indi Qarabağın “blokadasından”danışırlar.
Bu gün Avropa Parlamentinin üzvü Kostas Mavrides guya Laçın yolunun bağlanmasını “humanitar fövqəladə” hal kimi dəyərləndirib. Neçə il Azərbaycanın əsas hissəsi ilə yalnız hava nəqliyyatı vasitəsi ilə əlaqə yaradan Naxçıvan isə 35 ildir blokadadadır. Hələ də ölkənin əsas hissəsi ilə birbaşa quru əlaqəsi olmayan Naxçıvanın blokadası barədə bir dəfə də olsun danışmayan Avropa Parlamentinin nümayəndələri dərhal ermənilərin müdafiəsinə qalxır və guya Qarabağdakı ermənilərin acından ölməsi barədə haray- həşir salırlar. Qarabağ erməniləri isə sadəcə bir qrup separatçının ambisiyasının əsirinə çevrilib.
Vəli HƏSƏNOV.
araz.az xəbər portalı.