Əziz Ələkbərli: “Bölgədə yarana biləcək hər hansı bir situasiya İcmamızın məqsəd və məramında kardinal dəyişikliyə səbəb ola bilməz. Biz ata-baba yurdlarımıza mütləq qayıdacağıq”

Qərbi Azərbaycan İcması sədrinin deportasiya.az-a açıqlamasını, araz.az da, öz dəyərli oxucularının diqqətinə çatdırır:

Hazırda Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə qeyri-standart vəziyyətlə üz-üzəyik, bir tərəfdən münasibətlərin normallaşması istiqamətində danışıqlar aparılır, digər tərəfdən Ermənistan rəhbərliyi bir-biri ilə ziddiyyət təşkil edən bəyanatlar verir, üçüncü tərəfdən bəzi maraqlı dövlətlər Ermənistanı və Qarabağdakı terrorçu qrupları sürətlə silahlandırır. Belə bir situasiyada Qərbi Azərbaycan İcmasının fəaliyyəti, mövqeyi və görəcəyi işlər barədə nə deyə bilərsiniz?

Azərbaycan Prezidenti İlham Əliyev bölgədə ölkələrarası vəziyyətin normallaşması, bölgəyə sülhün, əmin-amanlığın gəlməsi üçün mümkün olan hər şeyi edir. Hətta Azərbaycana qarşı son 200 ildə sayı-hesabı olmayan vəhşiliklər törətmiş, son 35 ildə isə bu vəhşilikləri bütün hüdudları aşmış ermənilərin Azərbaycanda qalıb yaşamasına fürsət verməyimizə baxmayaraq, yenə də görürük ki, Ermənistan tərəfi və onun Qarabağdakı terrorçu şəbəkəsi öz çirkin niyyətlərindən əl çəkmək fikrində deyillər. Ümid edirik ki, ermənilər çox gec olmadan, Azərbaycanın şərtlərini qəbul etməkdən başqa yolları olmadığını başa düşəcəklər. Bunu başa düşməsələr, yaxud anlamaqda gec qalsalar, əlbəttə, bunun bədəlini çox pis ödəyəcəklər. Bu gün Azərbaycan həm Azərbaycanda, həm də Ermənistanda azərbaycanlılarla ermənilərin birgəyaşayışını təklif edir, buna razıdır, bunun üçün hər cür təminat verir, lakin təəssüf ki, erməni tərəf hər vəchlə bundan imtina edir. Amma ermənilər anlamırlar ki, vay o gündən ki, Azərbaycan tərəfi bunu istəməkdən imtina edə, onda ermənilərin və Ermənistanın bölgədə vəziyyəti necə olacaq, yaxşı olar ki, ermənilər və onların havadarları bu barədə düşünsünlər.

O ki qaldı bugünkü situasiya fonunda Qərbi Azərbaycan İcmasının fəaliyyəti, mövqeyi və görəcəyi işlər məsələsinə, bölgədə yaranmış və yarana biləcək hər hansı bir situasiya İcmamızın məqsəd və məramında kardinal dəyişikliyə səbəb ola bilməz. Biz İcmamızın proqram sənədi olaraq Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını hazırlamışıq və tarixi torpaqlarımıza qayıdışımızın bütün şərt və yollarını həmin sənəddə təsbit etmişik. İstənilən tarixi situasiyada bu konsepsiyanın addım-addım həyata keçirilməsini təmin edəcəyik. Artıq bu yolun geriyə dönüşü, yaxud durdurulması imkanı yoxdur, Qərbi Azərbaycan qaçqınlarının beynəlxalq hüquqa söykənən təməl hüquqları, ilk növbədə öz ata-baba evlərinə dönüb, orada yaşama hüquqları təmin olunmalıdır.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.