“Mədə kiçiltmə əməliyyatı çox təəssüf edirəm ki, bu qədər geniş vüsət alıb. Bu əməliyyat növünü seçəcək az bir kateqoriya var. Bunu kimə gəldi etmək, əməliyyata müraciət edərək arıqlamaq düşüncəsi düzgün deyil. Yanlış əməliyyatlar nəticəsində ölən, həyatını itirən, bir sıra xroniki xəstəlik qazananlar var. Hətta dünya mediasında tanınmış iki şəxsin haqqında belə bir məsələ çıxmışdı. Ciddi məsələlər baş verir. Ümumiyyətlə, bariatrik (mədə kiçiltmə) cərrahiyyə ilə arıqlamada ən əsas məsələ nədir? Orada həcm kiçilir, yəni mədənin ölçüsünün üçdə birini, yarısını rezeksiya etməklə mədə kiçilir, insan az qida qəbul edir. Az yeyəndə də tez arıqlaya bilir”.

araz.az bildirir ki,bu sözləri Redaktor.az-a açıqlamasında “Saglam qidalan və arıqla” kitabının müəllifi, həkim-dietoloq Leyla Zülfüqarlı son illər geniş vüsət alan mədəkiçiltmə əməliyyatından danışarkən deyib.

Onun sözlərinə görə, burada yanlışlıqlar var:

“Bir çox insanların köklük səbəbi tam müayinə olunmadıqda, onun köklük səbəbi müəyyən olunmadıqda, o hətta qida həcmini azaltsa belə, onu tətikləyən səbəb həll olmadıqca yenidən kökələ bilir. İkincisi, bu, lipoliz prosesi deyil. Aydın məsələdir ki, kalori defisiti olanda ehtiyatda olan depo yağlar da parçalanmaya başlayır. Bir də insanın lokal yağ deposu var, amma onun lipoliz prosesinə təsir edilməyib, sadəcə ölçü kiçildilməklə yenə də insan arıqlayır, amma əzələ kütləsindən, ümumi kilodan lokal kilolar yerində qala bilir. Yaxud çox eybəcər görüntü ilə çoxlarımızın qarşımıza çıxan mədə kiçilmə əməliyyatı edib arıqlayan insanları görürük.
Üz həddən artıq kiçilib, arıqlayıb, bədənin vacib resursu olan kollagenləri, üzdən itdiyi fibroplastları çox azalıb və əzələ itkisi olub. Amma müəyyən nahiyədə yağ yenə də yerində qalıb. Bu, köklüyün səbəbinin tam detallar ilə araşdırılmaması ilə əlaqəlidir. Üçüncü məsələ çəki indeksinə söykənən bir məsələdir. Burada artıq düşünürəm ki, bir çox şarlatanlıqlar da mövcuddur. Yəni maddi marağa görə hər əməliyyata gələn müştəriyə cərrah “yox” sözünü demədən onu əməliyyat stoluna uzadır”.

Diyetoloq onu da qeyd etdi ki, mədə kiçiltmə əməliyyatı seçəcək insanın çəkisi 200 kiloqramın üzərində olmalıdır:

“Yaşı da 50 yaşın üzərində olmalıdır ki, artıq yaşlı orqanizmdir, onun mübarizə aparmağa zamanı yoxdur. Amma biz reallıqda nəyi görürük? Çəki indeksi piylənmənin birinci dərəcəsində olan, yəni çəki indeksi 35 olan, hətta 30-dan yuxarı olanları belə əməliyyata götürürlər. Yəni piylənmənin birinci dərəcəsində olanı əməliyyata götürürlər ki, tez arıqlayacaqsınız. Bunun nəticəsində qısa müddətdə ciddi əzələ itkisi ilə üzləşən orqanizm stresslə üz-üzə qalır. Bu, orqanizm üçün çox ciddi sindromdur. Yaxşı mənada nəticələnməyən bir məsələyə söykəndiyi üçün, bioloji ölümlə nəticələndiyi üçün əzələ itkisini orqanizm doğru qəbul edə bilmir. Ona görə də insanları səsləyirəm ki, hər bir məsələdə professional istiqamətə üz tutsunlar.

Yəni 180 kilonun üzərində olan və yaşı 50-dən yuxarı olan insan əməliyyatı seçə bilər. Eyni zamanda çox doğru araşdırılıb, köklük səbəbi ciddi hesablanıb bilinməlidir ki, bu insanı kökəldən nədir? Əks təqdirdə əməliyyat seçim yolu deyil. Biz necə kökəlmişik? Səhv qidalanma nəticəsində hormonal balans pozulub. Demək ki, o zaman da biz doğru qidalanmamızı, hormonal balansı düzəldib, natamamlığı aradan götürməliyik və köklük səbəbimizi tapıb, müalicə edib arıqlamalıyıq. Doğru çıxış yolu budur”.

 

araz.az xəbər portalı.