Dünən yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68 km dərinlikdə 5,6 bal gücündə zəlzələ qeydə alınıb. Təkanlar dənizə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Bu zəlzələnin ocağı iyulun 4-də baş verənlə eynidir, bir qırılma nöqtəsindədir .
Son bir neçə ay ərzində Azərbaycanın müxtəlif regionlarında 4 baldan yuxarı zəlzələlərin qeydə alınması faktları çoxalıb. Ümumiyyətlə, cari ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra yaxın ölkələrdə təkanların tezliyi artıb. Bu isə qeyri-ixtiyari Türkiyədəki güclü zəlzələni yada saldığı üçün, cəmiyyətdə narahatlığı artırır. Zəlzələnin hansı səbəbdən baş verməsi ilə yanaşı, insanları yaşadıqları evlərin təhlükəsizliyi, zəlzələyə nə qədər davamlı olması da maraqlandırır.
araz.az bildirir ki, bu məqamda AzVision.az mövzunun aktuallığını nəzərə alaraq, Bakının seyismik aktivliyi, binaların zəlzələyə davamlılığı barədə bir zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti nəzdində Seysmologiya Mərkəzinin direktoru olmuş fizika-riyaziyyat elmləri doktoru, professor İkram Kərimovdan götürdüyü müsahibənin bəzi hissələrini təqdim edir:
– …Deyirsiniz ki, Bakıdakı binalar zəlzələyə dayanıqlı deyil. O zaman güclü təkanlar baş versə, necə olacaq?
– Bizdə təbiətdən gələn qoruyucu sistem var. Abşeron elə bir yerdədir ki, təbii şəkildə burada zəlzələyə səbəb olacaq qədər enerji toplana bilməz. Ancaq süni şəkildə mümkündür. Ondan qorunmaq lazımdır. 2000-ci ildəki zəlzələ süni idi, yenə də ola bilər.
– Türkiyədəki zəlzələdən sonra Azərbaycanda da insanlarda narahatlıq var. Bakıda hündürmərtəbəli binalar çoxdur. Ekspertlərin hərəsi bir fikir irəli sürür. Bəziləri deyir ki, zəlzələ olarsa, bütün binalar dağılacaq, digərləri isə iddia edir ki, burada güclü təkanlar gözlənilmir. Siz necə düşünürsünüz?
– 2016-ci ildə məni Almatıya dəvət etmişdilər. Şəhərin seysmiklik səviyyəsinin yenidən ölçülməsi və dayanıqlı binalar tikintisi üzrə layihələndirməyə 50 milyon dollar vəsait ayrılmışdı. İclasda çox adam iştirak edirdi. Almatının baş arxitektoru mənimlə üzbəüz oturmuşdu. Dedi ki, “…Nə əcəb Azərbaycanda işləmirsiniz? Bakı gözəl tikilib, gözəl şəhərdir…” Dedim, doğrudur, Bakı gözəl şəhərdir, amma arxitektor gözü ilə baxanda. Seysmoloq gözündə isə Bakı çox təhlükəli görünür!
Moskvanın qorunması proqramı üzərində işləyən vaxt Artur Rəsizadə (keçmiş baş nazir – red.) məni dəvət etdi. O, baş nazirin birinci müavini, eyni zamanda Azərbaycanda Hərbi Sənaye Komissiyasının sədri idi. 1988-ci ildə ona bildirdim ki, xarici şirkətlərin Azərbaycanda neft-mədən işlərinə cəlb edilməsi təhlükəlidir. Çünki onların istifadə etdikləri texnika bizimkindən dəfələrlə güclüdür və mədənlərimizi dağıda bilərlər.
Böyük iclasda bildirdim ki, işlər düzgün aparılmır. O zaman “Günəşli” yatağını işləməyə başlamışdılar. Layların hidravlik yarılması düzgün aparılmırdı. Partlayışlardan dağılmağa başlamışdı, zəlzələlərin sayı artmışdı. Proses yüksək təzyiq altında (120-150 at) aparılırdı. O vaxtdan sonra əlaqələri kəsdim. Mənfi təsirlər isə getdikcə artırdı. 2000-ci ildə 200 minə qədər suiti məhv olmuşdu…
– Bəli, bu haqda yazmışdıq. Qəzetlərdə məqaləmiz çap olunub.
– O zəlzələnin yaranmasında süni faktorlar var idimi?
– İnanmaq çətin olsa da, var idi. Həmin vaxt Çeçenistanda partlayışlar olurdu. Bizim işçilər bir qayda olaraq bu kimi texnogen hadisələri araşdırıb, ölçmələr aparırlar. Bu sahədə qabaqcıl mütəxəssislərdən olan Nadir Əhmədovla birgə yoxlamalar nəticəsində məlum oldu ki, Çeçenistanda süni şəkildə törədilən partlayışların təsiri bizim ərazilərə çatır. Daha dəqiq desək, Xəzər dənizindəki zəlzələ ocağına güclü təsir edirdi. Çeçenistanda əvvəlkilərdən də güclü daha bir partlayış törədildi, ardınca Bakıda zəlzələ baş verdi…
– Partlayışların təsir gücünü ölçməklə zəlzələnin baş verəcəyi tarixi əvvəlcədən müəyyən etmək mümkündürmü? Türkiyədə zəlzələ xəbərini niderlandlı alim 3 gün öncə vermişdi.
– Seysmik stansiyalar qurulubsa, lazımi diapazonda araşdırmalar, ölçmələr aparılırsa, mümkündür.
– Zəlzələlər mövzusu hər zaman gündəmdədir, müxtəlif proqnozlar verilir. Eyni zamanda tektonik silahlardan istifadə inkar edilir.
– Artıq hamıya məlumdur ki, bir çox ölkələr tektonik silahdan istifadə edir.
– Azərbaycanda maksimum neçə bal gücündə zəlzələ ola bilər?
– Abşeronda təbii zəlzələ 6 baldan çox olmamalıdır. Şamaxıda vaxtilə dağıdıcı zəlzələlər baş verib. Onların səbəbi neftçıxarma prosesləri fonunda ocaqların oyanması ilə bağlı idi. Neft mədənlərində intensiv iş nəticəsində ilk zəlzələ1903-cü ildə Maştağada qeydə alınıb. Nobel o zaman anlamışdı ki, zəlzələyə neftçıxarma işləri səbəb olub. Odur ki, bağında seysmik stansiya qurmuşdu. Yerini də çox düzgün seçmişdi. Ümumiyyətlə Azərbaycanda yüksək seysmiklik yoxdur.
araz.az xəbər portalı.