Fevralın 7-də keçirilən növbədənkənar Prezident seçkilərindən sonra Azərbaycan hökumətinin tərkibi yenidən formalaşdırılıb. Artıq bu tərkibdə ədliyyə naziri Fikrət Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yer almayıb. Nazir vəzifəsi müvəqqəti olaraq Azər Cəfərova, komitə sədri vəzifəsi isə Səyyad Salahlıya həvalə edilib. İslahatlar mərhələli şəkildə davam etdiriləcək, bəzi vəzifəli şəxslər istefaya göndəriləcək və ya daha aşağı posta keçiriləcəklər.
araz.az pravda.az-a istinadla xəbər verir ki, bu islahatlar Mərkəzi Seçki Komissiyasını (MSK) da əhatə edəcək. 24 ildir MSK-ya sədrlik edən Məzahir Pənahov postu ilə vidalaşacaq.
Azərbaycan qanunvericiliyə əsasən, Komissiya üzvlərini yeni formalaşmış Milli Məclis seçir. Yəni, parlament seçkiləri keçirildikdən sonra MSK-nın tərkibi formalaşdırılacaq.
Qurumun tərkibi 18 nəfərdən ibarətdir, 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil etməlidir.
Müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. İki namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə.
VII çağırış Milli Məclisə keçirilən seçkilərdə də hakim Yeni Azərbaycan Partiyasının (YAP) parlamentdə daha çox yer qazanacağı şübhəsizdir. Hazırki islahatların kursuna uyğun olaraq, MSK-nın tərkibi əhəmiyyətli dərəcədə dəyişəcək. Milli Məclis seçildikdən sonra YAP-ın daha Məzahir Pənahovun, Şaitdin Əliyevin, Ramiz İbrahimovun, Hüseyn Paşayevin namizədliyini irəli sürməyəcəyi bildirilir. Məzahir Pənahovun namizədliyi irəli sürülsə də, o, sədr olmayacaq. M.Pənahovdan sonra sədr vəzifəsinə potensial namizəd YAP-ı MSK-da təmsil edən, Komissiya sədrinin müavini Rövzət Qasımovdur.
Uzun müddətdir, xidmətlərinə görə onun MSK sədri gətiriləcəyi bildirilsə də, nədənsə bu baş vermir. Amma indi situasiya fərqlidir.
Azərbaycanda müavinlərin rəhbər vəzifəsinə gətirilməsi təcrübəsi də mövcuddur. 1978-ci il təvəllüdlü R.Qasımov 26 ilə yaxındır ki, MSK-da çalışır. İxtisasca ingilis dili üzrə tərcüməçi, dövlət və bələdiyyə idarəetməsi mütəxəssisidir. 1998-2011-ci illərdə Beynəlxalq əlaqələr şöbəsinin, 2011-ci ildən MSK Katibliyinin müdiri olub, 2019-cu ildən isə MSK sədrinin müavinidir. O, əvvəllər heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edirdisə, artıq indi YAP-ı təmsil edir. R.Qasımov kifayət qədər təcrübəli, ciddi əlaqələrə malik şəxsdir, seçki mütəxəssisidir. Fevralın 7-də keçirilən növbədənkənar Prezident seçkilərində də kifayət qədər aktivlik nümayiş etdirdi. Onun sədr vəzifəsinə gətirilməsi ilə Komissiyasının işinin daha da çevikləşəcəyi aydın görünür.
araz.az xəbər portalı.