407168645.jpg

Prezident seçkilərinə hazırlıq prosesi davam edir. Həm iqtidar, həm də müxalifət nümayəndələri  17 oktyabrda keçiriləcək prezident seçkilərində uğurlu nəticə göstəməyə çalışırlar.  Partiyalardan bəziləri artıq seçkilərdə kimin namizədliyi ilə iştirak edəcəklərini açıqlayıb. 

Araz.az xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) gözlənildiyi kimi növbəti seçki marafonuna da partiya sədri, hazırkı prezident İlham Əliyevlə qatılacaq. YAP-ın İcra katibi, baş nazirin müavini Əli Əhmədov bunu jurnalistlərə açıqlamasında bildirib.

Müxalifət nümayəndələrindən də seçkilərdə iştirakla bağlı qərar verənlər var. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 2018-ci ili dəyişiklik ili elan edib. Partiya  prezident seçkilərində iştirak edəcəyini rəsmən bəyan edib. Partiyanın namizədi isə sədr Razi Nurullayev olacaq. Razi Nurullayev seçkilərlə bağlı paytaxtda və bölgələrdə görüşlər keçirib. 

Seçkilərdə iştirak edəcəyini rəsmi şəkildə bəyan edən partiyalardan biri də Vətəndaş və İnkişaf Partiyasıdır (VİP). Partiyanın sədri Əli Əliyev seçkilərdə VİP-in namizədi olaraq çıxış edəcək.  VİP artıq seçki qərargahı da yaradıb və prosesə ciddi şəkildə hazırlaşır.

Müsavat Partiyası isə seçkilərə sabiq başqanı İsa Qəmbərin namizədliyi ilə gedəcək. Müsavat Partiyası bu qərarı 2014-cü ildə keçirdiyi qurultayda vermişdi. Qeyd edək ki, Müsavat Partiyası da artıq seçki qərargahı yaradıb.

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) da seçkilərdə iştirak edəcəyini açıqlayıb. Belə ki, “klassiklər” seçkilərə partiya sədri Mirmahmud Mirəlioğlunun namizədliyi ilə gedəcəklər. Bu barədə KXCP Ali Məclisinin 28 yanavar tarixində keçirdiyi  iclasda qərar verilib.  Ali Məclis KXCP sədri Mirmahmud Mirəlioğlunun növbəti prezident seçkilərində namizədliyini irəli sürüb.

AG Partiyanın sədri Tural Abbaslı da seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirib. T.Abbaslı deyib ki, seçkidə öz namizədləri ilə iştirak edəcəklər.

Seçkidə iştirakla bağlı qərar verən partiyalarla yanaşı, formal olaraq iştirak edəcəklərini açıqlayan partiya rəhbərləri də var. Belə ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri  Sərdar Cəlaloğlu, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov təmsil etdikləri partiyanın prezident seçkilərində formal olaraq iştirak edəcəklərini açıqlayıb. Ümid Partiyası  hələ seçki ilə bağlı qərarını açıqlamayıb. Qeyd edək ki, partiya sədrinin müavini Taleh Əliyev Ümid Partiyasının bu və ya digər şəkildə seçkilərdə iştirak edəcəyini deyib. Cebhe.info

araz.az xəbər portalı.