Doğru xoşagəlməz üsullarla mühakimə edilir: Bəyəm, 16 milyon kredit it-bata düşə bilər?!
Bu da, daha bir doğrunun mühakimə edilməsi. Acı nəticəsinin ağırlığını təəssüf dolu mühakimə epizodlarına şahidlik edənlər daha çox hiss edirlər. “Araz” Media Qrupunun əməkdaşları da, bu acılığı onunla birgə yaşadıqlarına görə, artıq, məhkəmə qarşısındadırlar. Bir sözlə, doğrunu müdafiə yazıları başlarına bəla açıb. Buna baxmayaraq, yenə də öz amplualarındadırlar — sonadək bu çətin işin dalınca gedəcəklərini deyirlər. Bir də ki, doğru olanı necə müdafiə etməsinlər?! Axı, bu acılığı yaşayan soydaşları Ramin İsayev sıradan bir şəxs deyil. Saxta ittiham, böhtan və yalanlarla həbsə atılıb. İbtidai istintaq altında mühakimə edilməsi, onu yaxından tanıyanlar və onunla bir yerdə işləyənlər bir yana, bütün ictimaiyyətə də öz acı təsirini göstərir. Adı dünyanın hər bir səmtində yaxşıların yaxşısı kimi çəkildiyinə görə, hamı təəssüf içindədir — bizim özümüz kimi!
Bu ciddi məsələyə marağı olan dəyərli oxucularımıza bir daha xatırlatmaq istəyirik ki, doğrudan da, müdafiəsinə qalxdığımız bu soydaşımız sıradan bir şəxs yox, beynəlxalq səviyyədə yaxşı tanınan nüfuz yiyəsidir. Biz onu tanıyandan, neft-qaz sənayesi sahəsi üzrə peşəkar mütəxəssis kimi adı, “SOCAR – AQŞ”, “Statoil”… kimi nəinki ölkəmizdə, hətta bütün dünyada tanınan nüfuz sahibi neft qurumlarının adları ilə qoşa çəkilib. Bütün bunlar barəsində araz.az xəbər portalında dəfələrlə yazılar dərc olunub. Bu yazılarda əsasən onu qeyd etmişik ki, o, “SOCAR – AQŞ” kimi nüfuzlu bir neft qurumunu sıfırdan qurub. Bu MMC-nin 12 il 6 ay Baş direktoru olduğu dövrdə, səmərəli rəhbər fəaliyyəti hesabına, ölkəsinə, eləcə də qurum səhmdarına milyardlarla mənfəət gətirib. Di gəl ki, bütün bunlara baxmayaraq, bu vəzifəsindən getdikdən 3 il sonra, özü də başqa bir vəzifə başında müəmmalı şəkildə həbs olunub. Həbsinə yol açan əsas iddia isə, utancvericidir: Guya, Ramin İsayev “SOCAR – AQŞ”-yə Baş direktor vəzifəsinə yenicə gətirildiyi bir vaxtda, bu qurumun adına götürülən 16 milyon krediti it-bata salıb. Elə, biz də, yazılarımızda acı gülüş doğuran bu məsələni daha çox qabartmışıq ki, axı, bu necə ola bilər?! Bəyəm, bu boyda nüfuzu olan şirkətin hesabından, bu boyda kreditin it-bata düşməsi mümkün ola bilər?! Bəs, nədən, dəhşət doğuran belə bir ağır cinayət faktının üstü 14 – 15 ildən sonra açılıb?!
Dünyanın ən nüfuzlu ali təhsil müəssisəsi kimi tanıdığımız Amerikanın Harvard Universitetində ali təhsilini başa vurduqdan sonra, beynəlxalq aləmdə tanınan nüfuz sahibi bir sıra neft qurumlarında müxtəlif vəzifələrdə çalışan, doğma Vətən, xalq və millət təəssübkeşi kimi nümunə göstərilən, neft-qaz sənayesi sahəsinin hərtərəfli inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə, möhtərəm Prezidentin imzaladığı Sərəncam əsasında “Tərəqqi” medalı ilə təltif edilən, eyni zamanda Yeni Azərbaycan Patriyasının üzvü kimi, dövlət başçısının şəxsi göstərişi ilə, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü təyin edilən Ramin İsayev barəsində, onun dövlət səviyyəli ürəkaçan möhtəşəm işlərinə yaxından bələd olanlar redaksiyamıza nələri çatdırmayıblar?! Saymaqla qurtaran deyil. Bunun sübutu kimi, yalnız bunları demək kifayətdir ki, o, mərhum Prezidentimiz Heydər Əliyevin özü barəsində yazılan və onun özünün yazdığı Neft Strategiyası mövzulu 3 kitabı Azərbaycan dilindən ingilis dilinə tərcümə edib. Üstəlik, dünya fikir liderləri ilə birlikdə ən öncül tədqiqat layihələrinin həyata keçirilməsində iştirak edib. Qlobal iqlim Dəyişikliyi, Bərpaolunan Enerji, Yaşıl İqtisadi Artım və Süni Zəka texnologiyaları sahəsində ən öncül sırada dayanan azərbaycanlı kimi fəxrimizdir.
Bu günlərdə, Ramin İsayevin həyata keçirdiyi eyni səpkili möhtəşəm işlərdən biri barədə məlumatlı mənbə tərəfindən araz.az-a ötürülən bir məlumat bizim üçün olduqca maraqlı alındı. Sən demə, o da, bu gün dünya gündəmini zəbt edən “yaşıl enerji” qlobal probleminin həllinə “yaşıl işıq” yandıran tanınmışlarla bir sırada olanlardandır. Bu “yaşıl işığın” daha gur yanmasına güc qatan və bir-neçə dildə Azərbaycan adına hazırlanan, bu yeniliyə keçid sahəsində müasir səviyyəli yanaşmaların və texnologiyaların tətbiqini stimullaşdıran beynəlxalq səviyyəli mükəmməl kitabın ərsəyə gəlməsində isə, onun əməyi ölçüyəgəlməzdir.
Yeri gəldi deyə, bir daha bildirmək istəyirik ki, Azərbaycan dövləti qlobal problemlərdən biri olan iqlim dəyişmələrinin qarşısının alınması üçün ardıcıl siyasət aparır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı yekdil qərarın verilməsi, beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadının ifadəsidir. Bu qərarın qəbul olunmasında iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasətin böyük rolu var. Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə, 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ətraf mühitin qorunmasına böyük diqqət və həssaslıqla yanaşmanın göstəricisidir. Azərbaycan böyük neft-qaz resurslarına malik və onları ixrac edən ölkə olsa da, əsas məqsədlərdən biri, bərpa olunan enerji sahəsinin inkişafı və “yaşıl enerji”nin ixracatçısına çevrilməkdir.
Hazırda həyata keçirilən iri həcmli günəş, külək enerji layihələrini, bərpa olunan enerjinin Azərbaycanın “yaşıl enerji” dəhlizinin mənbəyi olmasına səbəb olma perspektivi böyükdür. Bu, həm də Avropanın enerji təminatının “yaşıl enerji” vasitəsilə şaxələndirilməsinə Azərbaycanın növbəti töhfəsini təqdim edir. Bu yerdə, xüsusi olaraq onu qeyd etmək yerinə düşür ki, ciddi rəhbər göstərişləri ilə, ölkəmizdə mərkəzləşdirilməmiş bərpa olunan enerjinin inkişafına dəstək çərçivəsində bir-neçə mükəmməl pilot layihənin hazırlanmasında, müəllif kimi də, Ramin İsayev əsas fiqurlardan olub.
Sonda demək istəyirik ki, Ramin İsayev kimi nüfuz sahiblərini nəyinsə hesabına həbs edənlər, heç olmasa, onun kimliyinə, həyat və fəaliyyətinə öncədən baxmalıdırlar. Axı, bu faktdır ki, sabiq Baş direktor həbs olunsa da, bu şəxs barəsində irəli sürülən ittihamlar hələ öz təsdiqini tapmır. Bu səbəbdən, ibtidai istintaqın müddəti 4-cü dəfə 4 ay artırılıb. Deməli, artıq haqq öz sözünü deməyə başlayıb. Bütün deyilənlər onun yaxın vaxtlarda öz azadlığına qovuşacağını yəqin edir. Bir də ki, ötən ilin iyul ayından Ramin İsayevin həbsdə saxlanması ölkə rəhbərinin həyata keçirdiyi siyasətin əleyhinə yönəlik xəyanət hesab edilir. Bu, həm dövlətimizin imicinə, həm də ölkəmizin adına ləkə kimi qəbul olunur. Özünüz deyin, belə birisinin həbsdə saxlanması dövlətimizə və xalqımıza başucalığı gətirirmi?! Əsla yox! Əslində, neft-qaz sənayesi sahəsi üzrə peşəkar mütəxəssis kimi özünü tanıdan Ramin İsayevin potensialından, bacarığından, istedadından və iş təcrübəsindən lazımi məqsədlər üçün istifadə olunması daha yaxşı olardı. Təki, bu həssas məqam, adı “yaşıl enerji”yə yaşıl işıq yandıran tanınmışların adlarıyla bir sırada çəkilən Ramin İsayevin öz azadlığına qovuşması yolunda da, yaşıl işıq yandırsın! Başımız üstündəki Böyük Allahımızdan istəyimiz də, elə, budur!
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.