Universitet əməkdaşlarını bayram günlərində narahat edən nədir?! Bunun səbəbi onların ölkə başçısına təcili göndərdikləri müraciətdə əksini tapıb.
Əlavə şərhə ehtiyac duymuruq və professor-müəllim heyətinin araz.az-ın redaksiyasına da ünvanladığı həmin Müraciəti olduğu kimi dərc edirik:
“Cənab Prezident, biz dəfələrlə bütün orqanlara şikayət etmişik. Göndərdiyimiz şikayət ərizələri sanki dərin bir quyuya düşür. Bizim şikayətimiz Gəncə Dövlət Universitetinin rəhbərliyindəndir. Universitetin rəhbərliyi bütün vəzifələri pulla satır, imtahan sessiyasında obyektivlik adı ilə min hoqqadan çıxır. Gəncənin müztəlif yerlərində, eləcə də ətraf rayonlarda obyektlər, villalar, restoranlar alır. Universitetin büdcəsini müxtəlif təmirlər və tenderlər adı altında talan edir. Universitetə, laboratoriyalara avadanlıq, cihaz, tədrisə lazım olan ləvazimat almır, bütün avadanlıqlar rəhmətlik Vladimir İliç Lenindən qalıb. Bunlarla gözləri doymur. İndi də universitetin Bayraq meydanındakı korpusun qarşısında qeyri-qanuni kafe tikir.
Bir dəfə keçən sentyabr ayında biz kollektiv şəkildə buna etiraz etdik. İcra başçısı Niyazi Bayramov bunun qarşısını aldı, həmin kafe söküldü. İndi Qurban bayramı ilə əlaqədar iş günü olmadığından bunlar fəaliyyətə başlayıb. Bütün gecəni də səhərə kimi işləyiblər. Həmin ərazidə rektor Yusif Yusibovun göstərişi ilə prorektorlar Şahin Xurşudov və Fəxrəddin Həsənov universitetin qarşısında kafe tikirlər. Bu kafe həm universitetin görkəminə, həm də Bayraq meydanının görkəminə pis təsir göstərir. Həm də şəhərin müxtəlif avaraları tələbə qızlara görə bura yığışır.
Ardıcıl olaraq bir neçə gün iş günü olmadığından, universitet əməkdaşları bilməsin deyə bu fasilədən istifadə edib bu goreşənlər gecəni də işləyib kafeni tikib başa çatdırmaq istəyirlər. Kollektiv adından xahiş edirik ki, bu özbaşınalığın qarşısını alasınız!”.
araz.az xəbər portalı.