“SOCAR AQŞ” qurucusunun və sabiq Baş direktorunun dayısı Prezident Administrasiyasına çağırılıb və görüşdən böyük ümidlərlə ayrılıb

“Ötən həftə bacım oğluna qarşı törədilən qanunsuzluqlara kəskin etirazlarımla bağlı verdiyiniz sanballı yazıya (linki budur: https://araz.az/?p=58533 – red.) görə də, araz.az-ın kollektivinə bir daha dərin təşəkkürümü və minnətdarlığımı çatdırıram.

Çünki tanınmış bir çox qəzet və saytların redaksiyalarına təkcə mənim yox, məhkum bacı oğlumun digər doğma-yaxınlarının, onu yaxından tanıyan iş yoldaşlarının da, onun başına gətirilənlərlə bağlı müraciətlərimiz olub. Hamısı da, bizdən üzr istəyib, bu mövzuda yazı verməyin yuxarılardan onlara qadağan edildiyini bildiriblər. Nə edə bilərik, müdafiəsi üçün digər variantlara əl atmaq qərarına gəlmişik. Bir daha deyirəm ki, Ramin İsayevin həbsi ilə bağlı ibtidai istintaqın gedişi zamanı, özü kimi, doğma-yaxınları da, abrımıza qısılıb, susmaq qərarına gəlmişdik. Deyirdik ki, ədalət həmişə zəfər çalan olur. Lakin barəsində irəli sürülən və təsdiqini tapmayan 16 milyon kredit mənimsəməsi ilə bağlı saxta ittiham azmış kimi, qanunsuz keçən ibtidai istintaq prosesinin qurtarmasına sayılı günlər qalmış, ona qarşı Cinayət Məcəlləsinin digər bir ağır maddəsi ilə əlavə ittiham elan olundu. Bir sözlə, ümidimiz puça çıxdı, həqiqət, dəlil və sübutlarla sözümüzü deyə bilmədik. Bizə aydın oldu ki, doğrudan da, “bu həna o hənadan deyil”; Arxalarında güclü dayaqları olduğu üçün, Ramin İsayevin həbsində marağı olanlar hər şey etməyə qadirdirlər və “bu xəmir hələ çox su aparacaq”. Elə, son ümid yeri olaraq da, ölkə başçısına və Birinci vitse-prezidentə üz tutmaq qərarına gəldim.

Ötən yazınızda da dediyimiz kimi, bu yaxınlarda Prezident Administrasiyasının qəbul şöbəsində olmuşdum və qəbul zamanı ölkə başçısına çatdıracağım istəklərimin qeydiyyatı aparılmışdı. Konkret desəm, əsl həqiqəti çatdırmışdım onlara və vicdan çərçivəsində hərəkət etmələrini onlardan xahiş etmişdim. Hətta telefon nömrəmi də götürmüşdülər. Baş tutacaq görüşlə bağlı mənə edəcəkləri telefon zəngini çox səbirsizliklə gözləyirdim və dövlət rəhbərinə sözümü çatdıra biləcəyimə ümidim böyük idi. Çox çəkmədi Prezident Administrasiyasından mənə zəng vurdular. Məni qəbul etdilər, şikayətlərim video-çəkiliş altında dinlənildi. Sağ olsunlar, dedilər ki, bu ciddi məsələ ilə bağlı hər şey nəzarətə götürülüb və prosesin gedişi onlar tərəfindən izlənir. Rəhbərlik də, bu işin gedişi ilə vaxtaşırı maraqlanır. Dedikləri böyük ümidlər yaratdı. İnşəallah, yaxşı olmalıdır hər şey!” — “Araz” Media Qrupu redaksiyasının bir daha qonağı olan Vaqif Şamilov bizimlə növbəti söhbətini bu sözlərlə başladı. Onu da qeyd etdi ki, ötən müddətdə abır-həya anlamı onlara belə bir aqibət yaşadıb. İndi dayanmaq istəmirlər, bütün yalan və böhtanların cavabını verməyə hazırdırlar: “Ramin İsayevin təqsirsiz olduğunu sübut etmək üçün, müdafiə tərəfi ittihamın əksinə topladığı dəlil və sübutları məhkəmə istintaqı dövründə ortaya qoyacaq. Məhkəmə prosesinin gedişi zamanı, bütün problemlərin ədalət müstəvisində öz həllini tapması üçün, əlimizdən gələni edəcəyik. Əminəm ki, belə bir səs-küylü qanunsuz həbsin necə mümkün olması barədə əsl həqiqətlər həm möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına, həm də çox hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevaya tam təfsilatlı ilə çatdırılacaq. Müraciətlərimlə bağlı apardığım danışıqların son nəticəsi də, əsl həqiqətlərin tezliklə üzə çıxacağına böyük ümidlər yaradır!”.

Həmsöhbətimiz söhbət əsnasında xüsusi olaraq onu qeyd etdi ki, qurucusu olduğu “SOCAR AQŞ”-də 12 ildən çox Baş direktor vəzifəsini daşımış Ramin İsayevə qarşı irəli sürülən 16 mi­lyon manatlıq mənimsəmə faktı ilə bağlı əsassız iddia və digər uydurma ittihamlar təsdiqini tapmasa da, onun həbsində marağı olanlar vicdan çərçivəsinə sığmayan üsullarla “qələbə çalmaq” üçün, xoşagəlməz hər bir varianta əl atırlar: “Onu həbsdə saxlatdırmalarının səbəbi də budur ki, Ramin İsayev qurucusu olduğu bu nüfuzlu qurumun başına gətirdiklərini orada “at oynadanlara” bağışlamayacağı barədə ciddi xəbərdarlığını dəfələrlə talançı korrupsionerlərə çatdırıb. Başqa bir işdə olarkən deyib ki, yaratdığı müəssisədəki talançılıq faktlarını nəinki qurumun Direktorlar Şurasına, hətta ölkə başçısına da çatdıracaq. Necə deyərlər, “dili başına bəla olub”. Dediklərinə görə də, “dəmir barmaqlıqlar” arxasındadır. Bir sözlə, bacım oğlunun əlində olan fakt və sübutlar talançıları yaman qorxuya salıb. Axı, onlar necə də qorxmasınlar ki, hətta Birləşmiş Millətlər Təşkilatı qarşısında davamlı öhdəliyi olan “SOCAR AQŞ” kimi nüfuz sahibi bir qurumun adıyla ağlagəlməz mənimsəmə və maxinasiyalara əl atıblar. Onların törətdikləri irimiqyaslı oğurluqları sübut edəcək faktlar əlimizdədir. Korrupsionerlərin qurumun əsas səhmdarı Nəsib Həsənovla “qaranlıq” əlaqələri barədə əlimizdə olan məlumatlar mövcud olan bütün situasiyaları ortaya qoyur. Bütün bunlar onların Azərbaycan biznes mühitində ən böyük oğru, saxtakar və korrupsioner olmalarının inkarolunmaz sübutudur. Nə olsun, xatirlərinə dəyən belə yoxdur.

Dəhşət ondadır ki, bir vaxtlar həmin talançıların başında duran əsas korrupsioner özünə və ailə üzvlərinə Malta Respublikasının Qızıl Pasportunu və vətəndaşlığını almaq üçün, astronomik məbləğ — 6 milyon ABŞ dolları ödəmişdi. Bu ödənişin mənbəyi də, “SOCAR AQŞ”-yə gedib çıxırdı. Amma səs-küylü bu hadisəyə görə də, mövcud qanunlarımızın tələblərinə uyğun ölçü götürülmədi. Bu yerdə onu da deməyi vacib bilirəm ki, Ramin İsayev vəzifəsindən gedəndən az sonra, talançıların yaratdığı 4 günlük bir şirkət vasitəsi ilə, 120 milyon dollar pul “SOCAR AQŞ”-dən oğurlanıb. Bu azmış kimi, saxta müqavilələrlə hər il “inzibati xərclər” adı altında, düz 10 milyon manat pul “SOCAR AQŞ”-nin hesabından qorxusuz silinir. Məhz buna görədir ki, “SOCAR AQŞ” MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarı ilə, Ramin İsayev 2020-ci ilin oktyabr ayının 27-sində bu müəssisənin Baş direktoru vəzifəsindən azad edildikdən, təsisçilərin digər qərarına əsasən, Samir Mollayev bu vəzifəyə gətirildikdən sonra, bu qurumun gəlirləri durmadan aşağı düşür. Bu isə, ölkəmiz üçün ildə itirilən milyardlarla dollar deməkdir və buna əsas səbəb isə, yeni rəhbərliyin işdə düzgün strategiya seçməməsidir. Bu, həm də onu deyir ki, neft-qaz sənayesi sahəsində tanınmış belə bir mütəxəssisin sifarişli həbsdə saxlanması həm dövlətimizin imicinə, həm də ölkəmizin adına ləkədir.

Sonda, onu demək istəyirəm ki, hələ ortaya qoyduğumuz nədir ki, əlimizdə dəhşəti adamın “tüklərini biz-biz edəcək” elə faktlar var ki!..”.

Ramin İsayevin həbsinə nail olmaq üçün, korrupsiya bandasının uydurduğu ittihamların nədən ibarət olduğu göz qabağındadır. Lakin sifarişli bu həbsi həyata keçirmək üçün, uydurulan ittihamlar qəbuledilməzdir. Hesab edirik ki, Ramin İsayevin təqsirsiz olduğunu sübut etmək üçün, müdafiə tərəfi ittihamın əksinə toplanmış dəlil və sübutları məhkəmə istintaqı dövründə ortaya qoyacaq. İşə yaxın vaxtlarda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacağı deyilir.

Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.