elcin-mirzebeyli.jpg


 Elçin Mirzəbəyli: “Hesab edirəm ki, Mətbuat Şurasının statusu artırılmalıdır və quruma daha geniş imkanlar tanınmalıdır

Azər Həsrət: “Sözügedən təklif yerindədir və bunu dəstəkləyirik

Xəbər verildiyi kimi, Mətbuat Şurası (MŞ) ilə bağlı ayrıca qanunun qəbul edilməsi, qurumun hüquqi statusunun dəyişdirilməsi təklif olunub. Bu təklifi parlamentin yaz sessiyasının ilk plenar iclasında MŞ sədri, deputat Əflatun Amaşov irəli sürüb.

Millət vəkili qeyd edib ki, təşkilatın hüquqi statusunun dəyişdirilməsinə, eyni zamanda ayrıca qanunun qəbul edilməsinə ciddi ehtiyac var: “Biz bu gün ictimai təşkilat olduğumuzdan, bəzən müvafiq addımlar ata bilmirik. Bu gün mətbuatda jurnalist adına xələl gətirən, jurnalist adından sui-istifadə edən, bazar açan ünsürlər yayılıb. “Reket jurnalistika”dan əziyyət çəkirik. Mətbuat Şurasının hüquqi statusunun yenilənməsi ilə “reket jurnalistika”ya qarşı mübarizədə, mətbuatda balanslaşdırılmanın aparılmasında ciddi addım atmış olarıq. Buna zəruri ehtiyac var”.

Məlumat üçün qeyd edək ki, Mətbuat Şurası 2003-cü ilin martında, ölkə jurnalistlərinin birinci qurultayında 100-dən artıq informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. Həmin ilin aprelində şura Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsini təmin etməkdir. Dövlət orqanları, ictimaiyyətlə mətbuat arasında əlaqənin, etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılması da qurumun məqsədlərindəndir. Şura, həmçinin, media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyə qədər həlli variantlarının araşdırılmasına da məsul olan qurumdur.

Maraqlıdır, MŞ ilə bağlı ayrıca qanunun qəbul edilməsinə, qurumun hüquqi statusunun dəyişdirilməsinə media ekspertlərinin münasibəti necədir?

Məsələyə münasibət bildirən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, bununla bağlı ayrıca qanunun qəbul olunmasına ehtiyac var: “Hesab edirəm ki, Mətbuat Şurasının statusu artırılmalıdır və quruma daha geniş imkanlar tanınmalıdır. Məsələ ondadır ki, sosial şəbəkələr, yeni internet texnologiyaları mətbuatın qarşısında ciddi çağırışlar qoyur. Bu çağırışlara da hazır olmaq üçün daha çevik hərəkət edilməsinə ehtiyac var. MŞ-nin mövcud statusu bu istiqamətdə çevik addımların atılmasına imkan vermir. Təbii ki, Əflatun müəllim bütün bunları nəzərə alaraq belə bir təkliflə çıxış edib. Faktiki olaraq gündəlik fəaliyyətdə öz üzərlərində bu problemləri hiss edirlər və onun aradan qaldırılmasının yollarını arayırlar. Qənaətimcə, çox müsbət təkliflərdir və qəbul olunarsa, bütövlükdə medianın mətbuata yad olan ünsürlərdən təmizlənməsinə yetərincə ciddi yardım göstərəcək”.

Digər media eksperti Azər Həsrət də sözügedən təklifi dəstəklədi: “Həmişə hiss etmişik ki, MŞ-nın səlahiyyətlərinin məhdud olması qurumun effektivliyini azaldır. Yəni arzu etdiyimiz səviyyədə medianın problemləri ilə məşğul ola bilmirik. Ona görə də MŞ-nın səlahiyyətlərinin bu və ya digər şəkildə artırılması, ümumiyyətlə, qurumun daha təsirli bir təşkilata çevrilməsi üçün dəyişikliklərə ehtiyac var. Ona görə də Əflatun Amaşov parlamentdə belə bir təkliflə çıxış edib. İstərdik ki, MŞ elə bir quruma çevrilsin ki, müəyyən məsələləri daha operativ və təsirli şəkildə həll edə biləcək səlahiyyətlərə sahib olsun. Ona görə də hesab edirəm ki, sözügedən təklif yerindədir və bunu dəstəkləyirik”.

Vidadi ORDAHALLI  

araz.az xəbər portalı.