araz.az globalinfo.az-a istinadla şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu ilə müsahibəsini təqdim edir:

— Vüqar bəy, oktyabrın 1-də İran və İsrail arasında gərginlik pik həddə çatdı. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbəsi endirdiyini açıqlayıb. Baş verən prosesləri necə dəyərləndirirsiniz?

— İranın endirdiyi hava zərbələri apreldə baş verən eskalasiyadan fərqli olaraq daha geniş miqyaslı idi. Qərbdən gələn açıqlamalara görə, zərbələr nəticəsində ciddi dağıntılar olmayıb. Yayılan görüntülər onu deməyə əsas verir ki, İranın bu dəfəki həmləsi aprel hücumu ilə müqayisədə daha effektiv olub. Belə ki, o vaxt endirilən zərbələrin 99 faizinin qarşısının alındığı deyilirdi, indi isə 80-90 faiz raketlərin hədəfə çatdığı barədə fikirlər yayılır. Bu da İranın əməliyyata ciddi hazırlaşdığından xəbər verir. Baş verən proseslərin kilid məqamı var. Apreldə endirilən zərbələrdə bəzi ərəb ölkələri hava məkanından müdafiə sistemlərini aktivləşdirdikləri ilə bağlı rəsmi açıqlamalar verirdilər. Bununla da zərbələrdən qorunmağa çalışırdılar. Lakin bu dəfə vəziyyət bir qədər fərqli idi. Və bu da öz növbəsində müəyyən sualların yaranmasına səbəb oldu. Ərəb ölkələrinin endirilən zərbələrin zərərsizləşdirilməsi ilə bağlı nə qədər aktiv mövqe nümayiş etdirdikləri maraq doğurur. İranın zərbələrinə İsrailin cavab verəcəyi istiqamətindəki cavabları, ABŞ-ın İsrailin yanında olduğunu bildirməsi, İrana qarşı yeni, birgə planların qurulacağı ilə bağlı açıqlamalar eskalasiyanın genişlənmə təhlükəsindən xəbər verir. Bu, Yaxın Şərqdə olduqca ciddi və dağıdıcı nəticələrə səbəb olacaq. İran və İsraildən əlavə region ölkələrinə də təsirsiz qalmayacaq.

— Qərbin Cənubi Qafqaz və ətraf regionlarda öz maraqlarını həyata keçirməyə çalışdığı ilə bağlı kifayət qədər məlumatlar var. Hazırda Yaxın Şərqdə müşahidə edilən gərginliyin Rusiya-Ukrayna müharibəsi kimi uzun müddət davam etməsi gözləniləndirmi?

Vüqar Zifəroğlu

— Yaxın Şərqdə baş verən proseslərin Rusiya-Ukrayna müharibəsindən fərqli ssenarilərə əsaslanacağını və geniş miqyaslı olacağını gözləmək olar. 2022-ci ildə başlayan Ukrayna müharibəsi bu iki ölkə ərazisindən başqa istiqamətə yayılmayıb. Müxtəlif ölkələrin proseslə bağlı mövqelərinin şahidi olmuşuq, amma yenə də siyasi diplomatik açıqlamalara baxmayaraq müharibənin arealı genişlənməyib. Yaxın Şərdə isə vəziyyət belə olmaya bilər. Bir müddət əvvəl Yəmən, ardınca Livanın cənub hissəsi, eləcə də Suriya istiqamətində müəyyən proseslər, gərginliklər baş verir. Yəni burada konkret məkan yox, ölkələr rol oynayır. Bu savaş İraq və körfəz ölkələrinə də sıçraya bilər. Amma iki ölkənin birbaşa müharibəyə girməsi başqa ssenaridir və öz fəsadlarını digər ölkələrə də yayacaq.

— Azərbaycan bir tərəfdən İsraillə əməkdaşlıq edir, digər tərəfdən isə İranla qonşudur. Bu gərginliyə Azərbaycanın yanaşması necə olacaq? Ölkə üçün hər hansı təhlükə varmı?

— Azərbaycan üçün ciddi təhlükə olacağını düşünmürəm. Rəsmi Bakının xarici siyasəti milli maraqlara söykənir. İsraillə müttəfiqlik əlaqələrimiz var, İran qonşu ölkədir, orada çoxsaylı soydaşımız yaşayır. Azərbaycan isə dialoq tərəfdarıdır. Mövcud gərginliklərə beynəlxalq hüquq çərçivəsində yanaşmanı müdafiə etmişik. Bəzi Qərb ölkələri Yaxın Şərqdə öz maraqlarını reallaşdırmağa çalışdığı üçün bu günkü gərginliklər yaranıb. Ərəb ölkələri də daima bu kontekstdən çıxış edib. Azərbaycan və Türkiyə isə İslam həmrəyliyinə çağırış edib.

 

araz.az xəbər portalı.