Heç kimə sirr deyil ki, Rusiyanın elmi və siyasi dairələrində ermənilər kifayət qədər dayağa malikdirlər. Rusiya mətbuatı erməni diasporunun əlində bir girova çevrilib. Şimal qonşuluğumuzda yerləşən ölkədə informasiya savaşında önə çıxan ermənilərin qarşısını niyə ala bilmirik? Nüfuzlu Rusiya və Qərb mətbuatında niyə iş qura bilmirik? Erməniləri bu qədər güclü edən nədir?
Əslində, zaman-zaman sübut olunub ki, “erməni mifi” həddən ziyadə şişirdilib. Azərbaycanı sevən, milli maraqları düşünən insanlarımız az deyil. Ermənilər öz içlərindən çıxan şəxsin ətrafında birləşə, ona yardım edə bilirlər. Biz isə önə çıxan ziyalılarımızı nəinki dəstəkləmir, əksinə, ona maneçilik edirik. Diaspor fəaliyyəti ilə bağlı fəaliyyət düzgün qurulduğu zaman bir çox hallarda erməni təbliğatı Azərbaycana məğlub olur.
Ermənilərin anti-türk təbliğatına bütün resursları səfərbər edilir, Azərbaycan isə azsaylı aydınları buna qarşı çıxırlar və az resursla erməniləri məğlub edə bilirlər. Sadəcə olaraq, işləməyə istək və bacarıq olmalıdır.
Azərbaycanın Qarabağ probleminin və digər məsələlərin həllini qarşısında məqsəd qoyan bir diaspor təşkilatının fəaliyyətinə diqqət edək. Bu ilin aprelin 27-də tanınmış iş adamı Fizuli Məmmədovun təşkilatçılığı ilə Rusiya Azərbaycanlıları İttifaqı yaradılıb. Rusiya Azərbaycanlıları İttifaqı yaradıldığı tədbirdə müşahidə olunan əsas müsbət cəhər o idi ki, Rusiyada yaşayan azərbaycanlılar bu dərəcədə birlik nümayiş etdirirdilər.
Fizuli Məmmədov təşkilatının uğurlarının səbəbinin çox sadə olduğunu deyir. Rusiya Azərbaycanlıları İttifaqı heç bir yerdə intriqalarla nəticələnən rəqabət atmosferi yaratmağa çalışmır. Təşkilatın seçdiyi prioritetlərdən biri də bütün ölkələrdə artıq mövcud olan diaspor təşkilalatları ilə münasibətləri yoluna qoymağa çalışmaqdır. Bu ittifaqa uzun illər müxtəlif təşkilatlarda diaspor işləri ilə məşğul olmuş və diasporla iş üzrə samballı təcrübəyə malik olan insanlar gəlir. Demək, Rusiya Azərbaycanlıları İttifaqı həm Azərbaycanın mənafeyi naminə çalışan diaspor fəliyyətlərini koordinasiya edir, eyni zamanda, nüfuzlu insanları öz sıralarına cəlb etməkdən çəkinmir.
Qeyd edək ki, soydaşlarımızın bu dərəcədə birlik nümayiş etdirməsi və ən əsası Rusiya siyasi elitasının tədbirdə iştirakı erməniləri o dərəcədə qıcıqlandırdı ki, onlar dərhal əks-hücuma keçmək istədilər və Rusiya Erməniləri İttifaqı Moskvada – “Prezident Hotel”də təşkilatın yaradılmasının 20 illiyi ilə bağlı toplantı keçirdi. Yığıncağa İttifaqın üzvləri, regionlardakı diaspor qurumlarının təmsilçiləri ilə yanaşı, Rusiya Dövlət Dumasının deputatları, fərqli millətlərdən olan ictimai fəallar dəvət edilib.
Azərbaycanlıların tədbiri erməniləri o qədər təşvişə salıb ki, Rusiya Erməniləri İttifqının prezidenti, milyarder Ara Abramyan özünə aprelin 27-də Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədovun dəyirmi masada əyləşdiyi kürsüdə yer seçib və az qala bütün dünyanı “erməniləşdirməyə” səsləyib.
Georgi Muradyan
Rusiya prezidentinin Krımdakı daimi nümayəndəsi Georgi Muradyan Krımı “Qaradəniz Ermənistanı” adlandırıb. Muradyanın çıxışını izlədikdə məlum olur ki, Rusiya və Ermənistan münasibətlərindəki indiki gərginlikdə azərbaycanlıların birləşməsi və Moskva elitası ilə elmi-mədəni əlaqələr qurması İrəvanı təşvişə salıb. Bütün bunlardan çıxan nəticə budur – Azərbaycan diasporu istəyəndə işləməyi və qalib gəlməyi bacarır. Yetər ki, işləyə bilən diaspor liderlərinə mane olmayaq.
Füzuli Məmmədovun nümunəsi də göstərdi ki, ermənilər Azərbaycan qarşısında acizdirlər. Cəmi bir iş adamının şəxsi təşəbbüsü ilə ermənilərin illər boyunca qurduğu təbliğat darmadağın oldu.
Təqdirəlayiq haldır ki, hazırda yaşadığı ölkədən asılı olmayaraq, soydaşlarımızın təşkilatlanması prosesi davam edir və genişlənir. Rusiyada yaşayan azərbaycanlıların və bir sıra diaspor təşkilatlarının yeni bir qurumda birləşməsi də soydaşlarımızın bu yöndə olan təşəbbüslərindən biri kimi qiymətləndirmək olar. Qarabağ probleminin həlli üçün Azərbaycan dövlətinin apardığı siyasətə dəstək vermək, ermənilərin işğalçılığının dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.
Əslində, Fizuli Məmmədovun Rusiyada yaşayan azərbaycanlıları diaspor fəaliyyəti ilə səfərbər etməsi bir nümunədir. Azərbaycan ictimai rəyi iqtidarlı, müxalifətli birləşməli və önə çıxan bir türk ziyalısına, iş adamına yardım etməli idi.
Adil Məhərrəmli /Musavat.com/
araz.az xəbər portalı.