Bu gün Sumqayıt şəhərində TİKA-nın ( Türk Əməkdşlıq və Kordinasiya Agentliyi Başqanlığı) dəstəyi ilə reallaşan “Turan Qastroturizm Akademiyası” MMC-nin təntənəli açılış mərasimi baş tutub.

araz.az musavat.com-a istinadən xəbər verir ki, tədbir Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası, DK Agency və Turan Restoranlar Şəbəkəsinin birgə təşəbbüsü ilə keçirilib. Mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev akademiyanın yaradılmasının əsas məqsədləri və gələcək hədəfləri barədə məlumat verib. Tədbirdə çıxış edən TİKA Başqanı Serkan Kayalar akademiyanın yaradılmasını Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin təhsil və məşğulluq sahəsindəki əməkdaşlığının parlaq nüunəsi adlandırıb.

Bildirilib ki, “Məktəb-Sənaye Əməkdaşlığı Sumqayıt Modeli” çərçivəsində fəaliyyət göstərəcək akademiya şəhərdə işsizliyin azaldılması və xidmət sektorunun inkişafına əhəmiyyətli töhfə verəcək strateji bir layihə olaraq planlaşdırılıb. TİKA-nın təmin etdiyi müasir mətbəx avadanlıqları və təchizat dəstəyi sayəsində gənclərə beynəlxalq standartlara uyğun peşə təhsili veriləcək.

Eyni zamanda qeyd edilib ki, akademiya “İlham Sahəsi: Təlim zalı, kitabxana və studiya, Tətbiq Sahəsi: Praktik məşğələ otaqları və tədris mətbəxi, Təcrübə Sahəsi: restoran və satış” adlı bölmələrdən ibarət olacaq.

Akademiyanın əsas hədəfləri xidmət sektorunda məşğulluğun artırılmasına töhfə vermək, şəhərin qastroturizm potensialını inkişaf etdirmək, beynəlxalq standartlara uyğun təlim proqramları həyata keçirməkdir.

Rəsmi nitqlərdən sonra, qonaqlar qırmızı lentin kəsilməsi mərasimində iştirak ediblər.  

 

araz.az xəbər portalı.