“Əbədi Birlik” Gənclər İctimai Birliyinin təşkilatçılığı, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin tərəfdaşlığı ilə, “İrəvan – Şah Damarımız!” adlı tədbir keçirilib. araz.az xəbər verir ki, bu tədbirə dövlət nümayəndələri, ictimai birliklərin rəhbərləri, gənclər və digər qonaqlar qatılıb.  

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri, beynəlxalq hüquq müdafiəçisi Şahin Əliyev İrəvanın tarixindən və Azərbaycanın milli yaddaşında oynadığı roldan danışıb. Daha sonra, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə, Qərbi Azərbaycan İcmasının üzvü, Qafan rayon Gənclər Şurasının departament sədri Ayşə Abbaslı çıxış ediblər.

Tədbirin bədii hissəsində qiraətçilər Zəhra Nəcəfzadə və Mələk Şairova İrəvan mövzusunda şeirlər səsləndiriblər. Eyni zamanda, Əmir Əli Sərdari İrəvaninin həyatına və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub. Tədbirdə Həzrət Əzizlinin ifasında “Bayatı Şiraz” muğamı və İrəvan mövzusunda müxtəlif ifalar dinlənilib.

Xüsusi qonaqlardan biri olan Əmir Əli Sərdari İrəvani çıxışı zamanı İrəvan xanlığının tarixi və onun Azərbaycan üçün əhəmiyyətini vurğulayıb. Tədbirdə, həmçinin, Ümummilli Lider Heydər Əliyevin qohumu, “Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva və televiziya aparıcısı, xeyriyyəçi və ictimai xadim Hacı Nuran Huseynov çıxış edərək, mövzu ətrafında fikirlərini bölüşüblər.

Tədbirin sonunda fəal könüllülərə və xüsusi qonaqlara təşəkkürnamələr təqdim olunub. Şahin Əliyev Əmir Əli Sərdari İrəvaniyə “Ulu Öndər” diplomu təqdim edib. “İrəvan – Şah Damarımız!” adlı tədbir iştirakçılarda böyük vətən sevgisi oyadıb və milli birliyimizin önəmini bir daha ortaya qoyub.

Təşkilatçılar tədbir iştirakçılarına minnətdarlıqlarını bildirərək, İrəvanın Azərbaycanın tarixi irsi olaraq, daim xatirələrdə yaşayacağını xüsusi olaraq vurğulayıblar. Sonda xatirə şəkli çəkilib. 

 

araz.az xəbər portalı.