Vaqif ABDULLAYEV,                                    siyasi elmlər doktoru, professor.

Azərbaycan Hava Yollarına aid sərnişin təyyarəsinin Rusiyanın Qroznıdakı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması versiyası, demək olar ki, tam öz təsdiqini tapmaqdadır. Artıq, Rusiyanın müxtəlif ekspertləri də bunu etiraf edirlər.

Belə bir kritik məqamda Rusiya Federasiyasının rəsmilərinin hadisəni etiraf etməməsi və Azərbaycandan üzr istəməməsi çoxsaylı suallar yaradır, vəziyyəti daha da gərginləşdirir.

Üstəlik, Mineralnaya Voda şəhərinə uçan təyyarəmizə enişə icazə verilməməsi, hava məkanının bloklanması Rusiyanın müvafiq dövlət idarəçiliyi aparatının sanki ikiyə bölündüyü təsəvvürünü yaradır.

Daha doğrusu, mövcud vəziyyət bu təsəvvürü yaradır: Deyilənlər azmış kimi,  sanki Rusiyanın ikiyə parçalandığını, dövlətin qaranlıq lobbilərin əlində oyuncağa çevrildiyini və Kadırov kimi hərbi avtoritetlərin gücü ilə ikiyə haçalandığını da seyr edirik.

Sanki Rusiyanı idarə edən gözəgörünməz bir güc də var. Mərkəzi hakimiyyət kənarda qalıb, Çeçenistan rəhbərliyi özünü Rusiya rəhbərliyi və ya müstəqil dövlət institutu kimi aparır. Ramzan Kadırov ortaya atılaraq, gah hiyləgərlik edir, gah da Azərbaycana maddi kömək, təzminat… məsələlərini qaldırır.

Kremldən başsağlığı yerinə, biz Çeçenistanın Rusiya adından hadisəni pulla, maddi yardımla “yola vermək” cəhdlərini görürük. Böyük sayda insan ölümünə səbəb olmuş bu faciəyə bu cür münasibət isə,  Rusiya kimi nəhəng dövlətə başucalığı gətirmir.

Sözsüz ki, Azərbaycan Kadırovun və digər məsul şəxslərin belə hərəkətlərini, qəbuledilməz siyasi davranışlarını qəti olaraq rədd edir.

Cənab Prezidentin kəskin və qəti mövqeyi isə ortadadır: Rusiya ilə strateji müttəfiq olsaq belə, bu ağır cinayətin törədilməsinə görə, bütün iştitakçılar layiqli cəzalarını almalıdırlar. Heç kimin şübhəsi olmasın ki, Azərbaycanın dövlət başçısı prinsipial addımları ilə hadisəyə hüquqi qiymət verilməsini, cinayətin cəzasız qalmayacağını təmin edəcək.

araz.az xəbər portalı.