Bəybala MİRZƏYEV ————————————–

Rusiya və Qazaxıstan tərəfinin təyyarəmizin vurulması və qəzaya uğraması hadisəsinin MDB-nin Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən araşdırılmasını təklif etməsinə Azərbaycanın mənfi reaksiyası təqdirəlayiqdir. Belə ki, Azərbaycan qəza ilə bağlı bu təklifdən imtina edib və hadisənin beynəlxalq ekspertlərdən, eləcə də “Embraer” şirkətinin mütəxəssislərindən ibarət qrup tərəfindən araşdırılmasını tələb edib.

Rəsmi Bakının bu tələbi tamamilə adekvatdır. Dünya təcrübəsində də, mülki təyyarələrin vurulması və qəzaya uğraması halları adətən məhz beynəlxalq qrup tərəfindən (o cümlədən BMT təmsilçilərinin iştirakı ilə) araşdırılır.

MDB-nin Dövlətlərarası Aviasiya Komitəsinin araşdırmalarının nəticələri isə, obyektiv və kompetent olmaya bilər. Çünki hansı işdə Rusiyanın “barmağı” varsa, o işin aqibəti öncədən bəllidir.

Azərbaycanın Çeçenistanın yardım təklifini rədd etməsi də, tamamilə düzgün və effektiv addımdır.

Bildiyimiz kimi, Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi: “Ramzan Kadırovun göstərişi ilə onlar Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların bütün ailələrinə maddi və digər yardım göstərməyə hazırdırlar”.

Lakin Azərbaycanın Prezident Administrasiyasından bildirilib ki, ölkənin heç bir köməyə ehtiyacı yoxdur və dövlətimiz belə bir köməyi qəbul etməyəcək.

“Azərbaycanın heç bir köməyə ehtiyacı yoxdur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul etməyəcəklər. Biz vətəndaşlarımıza lazımi yardımları göstəririk və göstərəcəyik. Azərbaycan faktın qəbul edilməsini, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir”, — deyə, bildirilib.

Rəsmi Bakının bu cür demonstrativ imtinası, günahlarını etiraf etmək və üzr istəmək əvəzinə, yardım təklif edən Çeçenistan hakimiyyətinin “üzünə sərt şapalaq vurmaq” deməkdir. Bu, həm də qürurlu davranışdır. Azərbaycan kimsənin yardımının ümidinə qalmayıb.

Bu cavabımızdan sonra, yəqin ki, Kadırov da öz yerini biləcək.

Lakin Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyi və “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin son addımının motivi isə, anlaşılan deyil.

Hazırda Rusiyanın Şimali Qafqaz bölgəsində kritik durumun hökm sürdüyü və srağa gün təyyarəmizin Qroznıda vurulmasının, Minvodda isə enişinə icazə verilməməsinin hər kəsə məlum olduğu halda, bu gün J2-8717 nömrəli təyyarənin Bakı — Mineralnaya Voda reysini yerinə yetirməsinə icazə verilməsi ən azı təəccüb doğurur.

Təsadüfi deyil ki, sözügedən təyyarəmiz havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra, Bakı hava məkanından çıxmadan geri qayıdıb.

Axı Rusiya istiqamətində uçuşların təhlükəli olması faktı göz qabağındadır. Putinin uğursuz müharibə siyasətinin nəticəsində Rusiya ərazisi artıq aktiv əməliyyat bölgəsinə çevrilib. Ona görə də, indi Rusiya şəhərlərinə uçuş etmək potensial risk deməkdir. AZAL da bu riski görməli və həm sərnişinlərin taleyini, həm də təyyarələrin aqibətini düşünərək, uçuşları dayandırmalıdır.

Bu ismarıc belə kritik, təhlükəli durumda Rusiya şəhərlərinə uçmaq riskindən çəkinməyən sərnişinlərə də aiddir. Srağa gün təyyarəmizin Qroznıda vurulduğunu gördüyünüz halda, sizin bu gün Minvoda uçmaq qərarınız, doğrudan da, heç cür anlaşılan deyil.

P.S.
Bu qeydlərimi yazarkən xəbərlərdən öyrəndim ki, Azərbaycan Hava Yolları” aviaşirkəti “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan ilkin araşdırmaların nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, sabahdan etibarən Bakıdan Rusiyanın bir sıra şəhərlərinə reysləri yekun araşdırma başa çatana qədər Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırır:

Uçuşlar dayandırılan şəhərlər bunlardır:

• Mineralnaya Voda 
• Soçi
• Volqoqrad
• Ufa
• Samara
• Qroznı
• Mahaçqala.

Moskva, Sankt-Peterburq, Yekaterinburq, Həştərxan, Kazan və Novosibirsk şəhərlərinə uçuşlar isə davam etdiriləcək (bütün uçuş təhlükəsizliyi tələbləri və qaydaları rəhbər tutularaq).

P.P.S.

İndi Rusiyaya nəinki uçmaq, hətta bu ölkə ilə sadəcə qonşu olmaq da təhlükəlidir. Digər təhlükəli qonşumuz isə İran idi. Molla rejimi “qan-qan” deyirdi. Lakin “Hizbullah”a vurulan zərbələrdən və Əsəd rejiminin çöküşündən sonra İran taqətdən düşüb, nisbətən ram olub və öz qınına çəkilib.

Toksik ölkələrlə qonşu olmaq bizi daim ayıq-sayıq olmağa, güclü olmağa sövq edir.

araz.az xəbər portalı.