Bəzi insanlar doğuluşdan Xilaskarlıq Missiyası ilə doğulurlar…
…Və Tanrı onları bəlli bir zamanda dünyanın bu və ya digər nöqtəsində baş verən ağır faciələrdən insanları qurtarmaq üçün görəvləndirir, yönləndirir.
Bax, bu fotoşəkildəki Qazaxıstan hərbçisi kimi. Nurlan Botaqarin adlı bu cəsur adamı bütün azərbaycanlılar tanımalıdır. Çünki, o, Rusiyanın vurduğu təyyarəmizin Aktauda yerə çırpıldığı ilk dəqiqələrdə sərnişinlərin harayına yetişənlərdəndir.
Qazaxıstan Hava Hücumundan Müdafiə (HHM) qüvvələrinin Aviasiya bazasının hərbçisi Nurlan Botaqarin Rusiya tərəfindən vurulan AZAL-a məxsus “Embraer 190” təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından sonra, hadisə yerində gördüklərini və insanların xilas edilməsinin təfərrüatlarını jurnalistlərlə də bölüşüb.
Yeri gəlmişkən qeyd edim ki, sözügedən Aviasiya bazası Aktauda yerləşir. 30153 saylı hərbi hissənin müqaviləli xidmətdə olan hərbçisi N. Botaqarin təyyarə qəzasının baş verdiyi gün növbədə olub.
Hərbçinin sözlərinə görə, o, təyyarənin düşdüyünü görən kimi, zərərçəkənlərə kömək etmək üçün, dərhal qəza yerinə gedib.
“Təyyarənin qəribə şəkildə uçduğunu görəndə başa düşdüm ki, nasazlıq var. Təyyarə yerə düşəndə dərhal maşına minib, qəza yerinə getdim. Əvvəlcə düşündüm ki, bu, içərisində təxminən 10 nəfərin olduğu kiçik təyyarədir. Amma məlum oldu ki, insanların sayı daha çoxdur. Mən sarsılmışdım”, — Botaqarin bildirib.
Hərbçinin sözlərinə görə, o, təyyarənin arxa qapısını açaraq, insanları çıxarmağa başlayıb.
“İnsanları çıxarmağa çalışarkən gördüm ki, xilasedicilər və təcili yardım köməyə gəlib. Onlar yanğını söndürməyə və insanları təxliyə etməyə başladılar. Hesab edirəm ki, əlimdən gələni etmişəm”, — o bildirib.
Botaqarinin fikrincə, bu, təkcə onun hərbi deyil, həm də vətəndaşlıq borcu idi.
Təşəkkürlər, xilaskar Qazax oğlu!
Bəybala MİRZƏYEV.
araz.az xəbər portalı.