Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli müdaxiləyə məruz qalması (HHM-dən açılan atəş nəticəsində) səbəbindən baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib.
Rusiya liderinin üzrxahlığı qədər, Prezident İlham Əliyevin məsələyə necə reaksiya verəcəyi də, maraqla gözlənilirdi. Ölkə başçısı bu gün sükutu pozdu. Prezident Azərbaycan Televiziyasına müsahibəsində AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından və sonrakı proseslərdən danışdı.
Ölkə başçısı deyib ki, rəsmi Bakı açıq şəkildə Rusiya tərəfinə tələblərini bildirib:
“Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək”.
Ölkə başçısının tələbləri haqlı və beynəlxalq hüquqa uyğundur. Rusiya prezidentinin üzrxahlığı müsbət addım olsa da, hadisə bununla bitəcək qədər bəsit deyil. Rusiya AZAL-a məxsus sərnişin təyyarəsini qəsdən vurmamış ola bilər, lakin günahkardır. Hər şeydən öncə təyyarənin Qroznı, Mahaçqala və Minvod aeroportlarına enişinə icazə verilməməsi, Aktau hava limanına yönləndirilməsi, habelə Rusiya mediasının vurulma faktını təkzib etmək və ya məsuliyyəti Ukraynanın üzərinə atmaq cəhdi gözardı edilə bilməz.
Prezident deyib ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhəri yaxınlığında vurulub:
“Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir”.
Bu mənada Əliyevin ikinci və üçüncü tələbləri irəli sürməsi haqlı mövqedir.
Prezidentin vurğuladığı digər diqqətçəkən məqam Rusiya tərəfinin hadisəni ört-basdır etmək istəməsidir:
“Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir”.
Əslində, Prezident fərqindədir ki, təyyarə qəsdən vurulmayıb, amma Rusiyanın günahı etiraf edib üzr istəmək yerinə hadisəni siyasi məqsədləri naminə istifadə etmək ya da ört-basdır cəhdi Kremli haqsız vəziyyətə salır. Prezidentin də dediyi kimi, Rusiya öz günahını etiraf etməli, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəməli və bunu ictimaiyyətə bildirməli idi.
Nəticə etibarilə Azərbaycan tərəfinin hadisəyə operativ reaksiyası, Prezidentin qətiyyəti və prinsipiallığı, çevik addımlar, real məlumatların yerli və beynəlxalq ictimaiyyətə operativ çatdırılması Rusiyanın cəhdlərini ifşa etdi. Ölkə başçısının son müsahibəsi isə həm də Moskvaya xəbərdarlıq idi.
Azərbaycan Rusiyanın düşməni deyil. Əksinə Moskva Bəyannaməsi ilə iki ölkə müttəfiqdir. Bundan başqa, iki ölkə birdən çox sahədə əməkdaşlıq edir. Bu mənada üzrxahlıq edilməsi münasibətlərin gələcəyi baxımdan prinsipial əhəmiyyət kəsb edirdi. Azərbaycan tərəfi hazırda günahkarların cəzalandırılması və kompensasiyanın ödənilməsini gözləyir.
Turan RZAYEV, politoloq.
araz.az xəbər portalı.