Azərbaycandan Rusiyanın 10 şəhərinə uçuşların dayandırılmasının ardınca İsrail, Qazaxıstan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Özbəkistan və digər ölkələrin müxtəlif aviaşirkətlərinin Federasiya şəhərlərinə uçuşları müvəqqəti və ya müddətsiz dayandırmaları bir tərəfdən Azərbaycanla həmrəylik nümunəsi, digər tərəfdən isə, Rusiyaya verilən insanlıq dərsidir.
Rusiya rəhbərliyinin təyyarəmizin vurulmasından sonrakı üç gün ərzində qeyri-insani susqunluğu və rusiyalı rəsmilərin, eləcə də rusiyalı ekspertlərin cürbəcür cəfəng versiyalar irəli sürməklə, cinayəti ört-basdır etməyə çalışmaları nəinki bizi, bütün dünyanı hiddətləndirib.
Rusiya dövlətinin və propaqandasının özünü orta əsrlərdəki kimi aparması həqiqətən də ağlasığmazdır. Kremlin qonşu ölkələrə, müttəfiqlərinə münasibəti orta əsrlər zehniyyəti üzərində davam edir.
Hesab edirəm ki, dünyanın müxtəlif ölkələrinin Azərbaycanın başlatdığı estafetə, kampaniyaya qoşularaq, Rusiyaya uçuşları dayandırması, bu ölkəyə sözün əsl mənasında “soyuq duş” olacaq, Putini reallıq hissinə qaytaracaq, Kremli öz siyasətinə çəki-düzən verməyə məcbur edəcək.
Bəybala MİRZƏYEV.
P.S.
İlham Əliyevin bugünkü müsahibəsində də, Rusiya tərəfinin səhvi, günahı çox dəqiq göstərilib: “Öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək — bütün bunlar görüləsi tədbirlər və atılası addımlar idi. Əfsuslar olsun ki, ilk üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”.
P.P.S.
Beləliklə, Rusiya öz iddialarından gec əl çəkməyinin, Azərbaycandan üzr istəməkdə gecikməyinin və müharibə vəziyyətində olmasına baxmayaraq, öz hava məkanını mülki təyyarələrin uçuşları üçün bağlamamasının bədəlini ödəyir.
araz.az xəbər portalı.